Türkiyə ilə Rusiyanın münasibətlərinin gərginləşməsi fonunda Dağlıq Qarabağda gərginliyin artacağı ehtimalları gündəmə gəlib. Publika.az xəbər verir ki, Baş naziri Əhməd Davudoğlunun Moskva ilə toqquşmadan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Ankaranın əlindən gələni edəcəyini açıqlaması, daha sonra xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakı səfərini bir çox ekspertlər Türkiyənin Qarabağ münaqişəsinə müdaxilə edəcəyi ilə bağlı mesajı olaraq dəyərləndirir.
Rusiyalı ekspert tarix elmlər namizədi Anton Yevstratov da hesab edir ki, Rusiya və Türkiyə Dağlıq Qarabağda toqquşa bilər.
Onun sözlərinə görə, rəsmi Ankaranın Rusiya ilə münasibətlərinin pozulmasından sonra Dağlıq Qarabağla bağlı açıqlaması buna ilk işarə idi: “İndiyə qədər həll olunmayan münaqişədə müharibə variantına əl atılması heç kimə xeyir gətirməyəcək. Bakı Qarabağda hazırki status-kvonun dəyişdirilməsi üçün əlindən gələni edir və güman ki, yaranmış situasiyadan da istifadə edəcək”.
Rusiyalı politoloq Aleksandr Sıtin isə qeyd edib ki, Türkiyə Qarabağda hərbi əməliyyatlar keçirəcəyi təqdirdə, Rusiya məsələyə o qədər də qarışmaq istəməyəcək: “Çünki Türkiyə NATO ölkəsidir və Moskva buna müdaxilə etməklə Şimal Alyansını qarşısına almış ola bilər. Qarabağ münaqişəsi dondurulmuş deyil, orada gərginlik daim var və indiki situasiyada müharibə başlaya bilər”.
Asif Nərimanlı