"Azərenerji" sahibkarları "könüllü" olaraq quruma böyük məbləğdə yardım ayırmağa məcbur edir
Saatlı rayon sakini Sərvər Hüseynov "Bizim Yol" qəzetinə müraciət edib, "İmişli Regional Elektrik Şəbəkəsi" MMC və Dövlət Enerji Nəzarəti İdarəsi İmişli regional bölməsində sahibkarlıq fəaliyyətinə əngəl yaratdıqlarından şikayətlənir. S.Hüseynovun sözlərinə görə rayonun H.Əliyev prospektində ona məxsus mağazanın elektrik təchizatı haqqında 126 saylı texniki şərtə tam əməl edib. 2014-cü ilin yanvar ayının 22-də "İmişli Regional Elektrik Şəbəkəsi" MMC-dən obyektin elektrik enerjisi ilə qidalandırılması üçün görüləcək işlərlə bağlı 3 maddə və 12 bənddən ibarət bir tələbnamə irəli sürülüb.
Həmin tələblərin 1-ci maddəsinin 1.1. bəndində göstəriş verilir ki, 35/10 kV-luq "Saatlı YS"dən çıxan 10 kV-luq "I Şəhər" hava EVX-dən qidalanan, şəbəkənin balansında kod nömrəsi 9080027 olan 250 Kva 10/0,4 kV-luq trasformator y/st-dan çıxan 0,4 kV-luq fiderin 14 saylı dəmir-beton dayağından obyektə kimi 20 metr məsafədə 0,22 kVluq kabel xətti çəkilsin. Kabelin markası en kəsiyi yükə uyğun seçilsin. 1.2. Obyektin girişində yükə uyğun avtomat açarı olan 0,22 kV-luq şit montaj edilsin, mövcud qaydalara uyğun qabaqcadan ödənişli "SMART" kart tipli bir fazalı elektrik sayğacı quraşdırılsın. 2-ci maddəyə görə şəbəkənin gücləndirilməsi üçün 100 metr AVVQ 3x35+1x25 markalı kabel, 1 ədəd 0,4 kV-luq 400 A-lik "kəsici açar"ın "İmişli REŞ" MMC-nin mərkəzi anbarına təhvil verilməsi təmin edilsin. Ümumi qaydalar adlanan 3-cü maddədə 9 bənddən ibarət tələblər var: 3.1. Obyektin elektrik təchizatı sxemi Saatlı EŞ-si ilə razılaşdırılmalıdır; 3.2. Təchizat sxem əsasında yerinə yetirilməlidir. EVX-nin keçdiyi trassa aidiyyəti təşkilatlarla razılaşdırılmalı, kommunikasiyaların kənara çıxarılması tələbatçının hesabına yerinə yetirilməlidir; 3.3. İstifadə olunan avadanlıqlar yeni, İEC və ya AZS standartlarına uyğun olmalıdır; 3.4. Obyektin elektrik təsərrüfatı, YTQ və TTQ-yə riayət olunmasına tələbatçı cavabdehdir; 3.5. Texniki şərtin 1.1. və 1.2. bəndlərinin tələblərinin yerinə yetirilməsinə "Saatlı EŞ"-nin rəhbərliyi, 2-ci bəndin tələblərinə "İmişli REŞ" MMC-nin texniki komissiyası cavabdehdir; 3.6. Enerji təchizatçısı ilə tələbatçı arasında elektrik avadanlıqlarının balans mənsubiyyətinə görə xidmət sərhədi aktı tərtib edilməlidir; 3.7. Obyektin şəbəkəyə qoşulması Dövlət Enerji Nəzarəti İdarəsindən istismara buraxılış aktı alındıqdan və tələbatçı ilə enerji təchizatı müəssisəsi arasında enerji alqı-satqısı üzrə müqavilə bağlandıqdan sonra mümkündür; 3.8. Obyektin razılaşdırılmış elektrik gücü artırılarsa, yeni texniki şərt almaq üçün müraciət edilməlidir; 3.9. Texniki şərt iki il müddətində qüvvədədir.
2014-cü il fevralın 11-də "İmişli REŞ" MMC-nin direktorunun imzası ilə S.Hüseynova arayış təqdim olunub. Sənəddə deyilir ki, S.Hüseynova məxsus mağazanın elektrik təchizatı haqqında "İmişli REŞ" MMC tərəfindən verilmiş 126 saylı texniki şərtin tələbləri yerinə yetirilib. Yəni S.Hüseynov həmin müddət ərzində deyildiyi kimi sayğacı da alıb, digər şərtlərlə bağlı irəli sürülən tələbləri yerinə yetirib. Bu işlərə S.Hüseynovun 580 manat pul xərclədiyi barədə akt da var. Aktı "İmişli REŞ"-in 7 səlahiyyətli əməkdaşı imzası ilə təsdiqləyib, sənədə görə 500 manat dəyərində 100 metr AVVQ 3x35+1x16 markalı kabel, 80 manat dəyərində 1 ədəd 0,4 kV-luq 400 A-lik "kəsici açar" MMC-nin anbarına təhvil verilib. T.Hüseynovun sözlərinə görə, göstərilən məbləğ hələ ödənişin rəsmi hissəsidir, əlavə ödəniş də edib, banka da pul köçürüb: "Əcayib-əcayib mallar aldırıb, idarənin anbarına göndəriblər ki, əvəzində mənə işıq verəcəklər. Bunları almaqla guya mən idarənin o vaxt tabe olduğu "Azərenerji"yə "könüllü yardım" edirəm. Pulu istəsələr nə var, verib canınızı qurtararsız. Elə şeylər almağı tapşırırlar ki, onu tapmaq çətindir, gərək gedib "Sədərək"də tanışlıqla xüsusi sifariş verəsiz, dedikləri hər yerdə satılmır. Biz alıb anbara təhvil veririk,onlar istifadə edirlər. Obyektim rayonun mərkəzindədir, xətlər düz üstündən keçir, onlara qoşulmaq üçün uzaqbaşı 10-15 metr kabel işlənib. "Texniki şərti" alıb işimə başlamaqdan ötrü məni düz iki ay gözlədiblər". Sonra sahibkar obyektini işlətməyə başlayıb, ta o vaxta qədər ki, abunəçinin kartını bağlayıblar və artıq karta pul köçürüb işıqdan istifadə etmək mümkün olmur. Kartda 8 manat qalıb, bu da 5 gün deməkdir, 5 gün sonra mağaza işıq olmaması ucbatından bağlanmalıdır.
Bu yaxınlarda S.Hüseynova deyilib ki, Dövlət Enerji Nəzarəti İdarəsi İmişli regional bölməsindən istismara buraxılış aktı almalıdır: "Energetika naziri Natiq Əliyev müsahibəsində deyir ki, "heç bir obyektdə yoxlamalar gedə bilməz, əgər hansısa obyektin oğurluq enerji götürdüyü barədə şikayət olarsa, İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq qurumunun razılığı ilə ora gedilə bilər". Amma sən demə mən Saatlıdan durub İmişli rayonundakı regional mərkəzə getməli, əlavə 200-300 manat da xərc çəkib istismara buraxılış aktı almalıyam. Nə məsələdirsə özləri gəlmirlər, bir ay əvvəldən Elektrik Şəbəkəsinə bildirmişik ki, "gəlib baxsınlar, nə akt lazımdırsa yazıb versinlər". Deyir "bura gəl". Mənim obyektimi tanımır, harada yerləşdiyi barədə bir təsəvvürü yoxdursa, İmişlidə oturub verdiyi kağızın nə əhəmiyyəti var? Hamısı bir-biri ilə əlbirdirlər. Taxtadan, vaqondan dükanlara gözün üstə qaşın var deyən yoxdur. Məndə müasir standartlarla tikilib, bütün sənədlərim də qaydasındadır, işığıma kompüterdə "stop" qoyublar ki, "karta pul yükləyə bilməz, sənədində çatışmazlıq var". Heç bizə hansı sənədlərin lazım olduğunu da demirlər. Məcburam ki, onun arxasınca İmişliyə gedəm, işıqsız qalmayam. Öz aləmlərində düşünürlər ki, "bu obyektdə işıq dayanıb, onsuz da hara qaça bilər ki, sahibi gələcək, nə istəsək verəcək". Elə bir "qayda" qoyublar ki, işığım dayansa 200 manat da istəsə verməliyəm, 300 manat da. Hamı ilə belə rəftar edirlər, dişlərində şirə qalıb. Yanımda bir obyekt var, onu da bu əsasla bağlayıblar. Prezident bütün günü iclaslarda məmurlara "sahibkarları incitməyin" deyir, amma bu söhbətlər onların eyninə deyil. Məndən heç kim heç nə tələb eləmir, işığımı bağlayıb, "indi axtar, tap məni", deyir. 1 aydır müraciət edirik ki, hansı sənədlər lazımdır, bu gün-sabaha salıblar. Axırda dünən deyiblər ki, "bizlik deyil, İmişliyə gedib kağızı oradan alıb gətirməlisiz". Lazımlı sənəd olsa, özləri gələrlər. Ən pisi də odur ki, texniki şərti almaqdan ötrü 700 manat xərcim çıxıb, amma texniki şərtin iki il müddətində qüvvədə olduğu yazılıb. Belə çıxır ki, mən hər iki ildə bir bu qədər xərc çəkib sənəd almalıyam?"
Şikayətçinin müraciəti ilə bağlı Dövlət Enerji Nəzarəti İdarəsi İmişli regional bölməsinin rəisi Vüqar Mustafayev "Bizim" Yol" qəzetinin əməkdaşına bildirdi ki, obyektin şəbəkəyə qoşulması onlardan istismara buraxılış aktı alındıqdan sonra mümkündür və bu, texniki şərtlərin 3.7. bəndində də əksini tapıb. Lakin "İmişli Regional Elektrik Şəbəkəsi" MMC "Elektrik enerjisindən istifadə" Qaydalarını pozmaqla abunəçini şəbəkəyə qoşub və burada cavabdehliyi Şəbəkə daşıyır. Cənab Mustafayevin sözlərinə görə, vətəndaşın idarəyə gəlməsi vacib deyil, tələb olunan sənədləri qurumun elektron poçtuna göndərə bilər: "Sənədlər yerindədirsə, müraciəti qeydiyyata alınıb icraata yönəldilir, obyektinə baxış keçirib akt veririk ki, bu obyekt istismara buraxıla bilər, ona elektrik enerjisi vermək olar. Sənədlər çatmırsa onları təqdim etməsini istəyirik. Bura dəvət olunmasının mahiyyəti ondadır ki, bu boyda yazışma aparılmır, siyahı əyani təqdim edilir. 5 sənəd lazımdır: 1. Texniki şərt; 2. Texniki şərtin yerinə yetirilməsi barədə enerji təchizatı müəssisəsinin arayışı; 3. Sayğac quraşdırılması barədə abunəçiyə verilmiş naryad (sərəncam); 4. Elektrik şəbəkəsi ilə istehlakçı arasında bağlanmış balans xidmət sərhədi aktı. 5. Obyektin elektrik təsərrüfatının istismarına sahibkar tərəfindən cavabdeh şəxs təyin olunmalıdır. Bu, notarial qaydada da ola bilər, müqavilə əsasında da".
"Tələbləriniz bitdimi", deyə soruşdum. Bir az tərəddüdlə "hələlik bu qədər", dedi. Sonuncu tələb mənə məntiqli görünmədi, işləyən adam gərək vergi uçotuna dayansın. Bəlkə heç onun 1 il elektrik mütəxəssisinə ehtiyacı olmayacaq? Düşüncəmi rəislə də bölüşdüm. Özü də etiraf etdi ki, mühüm sənəd texniki şərtdir. O da bizim şikayətçidə var. Naryadın surətini də mənə göndərib. Düşünürəm, 5-cidən başqa digər sənədlər düzələndir. Müsahibim onu da söylədi ki, sənədlərin siyahısı qanunvericilikdə yoxdur, amma "Elektrik enerjisindən istifadə" Qaydalarında enerji təchizatı müəssisəsinin öhdəlikləri, istehlakçının vəzifələri qeyd olunur, sənədlər sadalanmır, qaydaların bəndlərinə əsasən tələb olunur. V.Mustafayev "Hüseynov ərizə ilə müraciət etsin ki, sənədlərin təqdimatı üçün ona əlavə vaxt verək", dedi, söz verdi ki, vətəndaşın sənədinin problemsiz hazırlanmasından ötrü əlindən gələni əsirgəməyəcək, ona maksimum kömək olunacaq: "Ola bilsin ki, əsas sənədləri var, əgər çalışmayan xırda bir sənədi olarsa biz ona görə elektrik verilişini dayandırmayacağıq. Məsul şəxsin təyin olunması barədə məktubu yoxdursa, gözləyərik". Vətəndaşın qeyri-rəsmi ödəniş barədə söylədiklərinə gəlincə, Vüqar müəllim dedi ki, "belə bir məsələ istisnadır, kimsə vətəndaşdan qeyri-rəsmi pul tələb edə bilməz, bu, cinayətdir". İdarə rəisi elektron poçt adresini də verdi ki, S.Hüseynov sənədlərini ordan yollasın, heç əziyyət çəkib İmişliyə getməsin.
"İmişli Regional Elektrik Şəbəkəsi" MMC-nin aparıcı mühəndisi Rafiq Quliyev sorğumuza cavab olaraq bildirdi ki, texniki şərt iki il müddətində qüvvədədir və həmin zaman içərisində abunəçi ondan tələb olunan bütün texniki işləri yerinə yetirməlidir. Yəni iki il vaxt qoyulması texniki şərtin iki il sonra yenilənməsi anlamına gəlmir. Aparıcı mühəndis Allaha and içdi ki, burada heç bir problem yoxdur, sahibkar tələb olunan sənədləri onlardan götürüb lazımi quruma təqdim etsə, məsələ həll olunacaq. Bu ilk növbədə onun özünə lazımdır, əgər obyekti sığorta olunubsa, hadisə baş verdiyi təqdirdə o sənəd olmadan sığorta məbləğini ala bilməz. Mühəndis təqdim olunmalı sənədlər sırasında ərizə, texniki şərtin surəti, texniki şərtin yerinə yetirildiyi barədə şəbəkənin verdiyi arayışın adını çəkdi, məsul işçi ilə bağlı irəli sürülən tələbi o da real saymadı: "o düz fikir deyil. Sərvərə də deyin ki, bu məsələni şişirtməsin, şənbə günü idarəyə yaxınlaşsın, nə kömək lazımdır, ona edəcəyik. Kartın problemi də həll olunacaq. Bizdən lazım olan sənədləri verəcəyik, o, buraxılış aktı üçün müraciətini göndərsin".
H.HƏMİDOVA