Türkiyənin Rusiya üzərində mühüm diplomatik qələbəsi

1-12-2015, 09:44   
Türkiyənin Rusiya üzərində mühüm diplomatik qələbəsi

“Su -24” məsələsində Kremlin yanlış taktikası qardaş ölkəni Rusiyadan sürətlə uzaqlaşdırır; Avropa Birliyi-Ankara əməkdaşlığı üçün yeni səhifə açılıb; rusiyalı analitik Putinə “Avropanın xəstə adamı” dedi...
“Su-24" insidentindən sonra Rusiya rəhbərliyi Türkiyəyə qarşı iqtisadi xarakterli məhdudiyyətlər tətbiq etməkdə israrlıdır. Artıq prezident Vladimir Putin bununla bağlı xüsusi sərəncam da verib, Rusiya hökuməti isə qadağalar tətbiq olunacaq mal və xidmətlərin siyahısını dünən elan eləməli idi.

Bu yerdə bir daha vurğulamaq zərurəti var ki, özü Qərbin güclü maliyyə-iqtisadi sanksiyalarından əziyyət çəkən bir dövlətin onun bazarını zənginləşdirən tərəfdaş bir ölkəyə qarşı sanksiyalar tətbiq eləməsi absurdların absurdudur və iqtisadçı ekspertlərin də təsdiqlədiyi kimi, ən əvvəl Rusiyanın ziyanına işləyəcək. Nədən ki, Türkiyənin şimal qonşumuza qarşı tətbiq edəcəyi əks-embarqolar qat-qat təsirli olacaq.

***
Putin Ankaraya qarşı məhdudiyyətlər haqda düşünürkən, daha dəqiqi, öz ölkəsini iqtisadi intihara sürükləyərkən dünən bəlli olub ki, Avropa Birliyi yanvarın 1-dən etibarən Rusiyaya qarşı sanksiyaları daha 6 ay uzatmağa hazırlaşır. Bu, Türkiyə-Rusiya iqtisadi savaşında Qərbin, Avropa Birliyinin kimin tərəfində olduğunu açıq göstərməklə yanaşı, Moskvaya da bir siqnaldır ki, “Su-24" məsələsində o, Türkiyənin yanındadır.

Bu, insidentdən sonra Ankaranın ondan əsassız şəkildə üzrxahlıq gözləyən Moskvaya qarşı ilk siyasi-diplomatik uğuru sayıla bilər. Bu harasıdır, Rusiyanın NATO üzvü, bölgənin ən qüdrətli dövləti və supergücü kimi Türkiyəyə qarşı-demarşı və aqressiv addımları Avropa Birliyi üçün qardaş ölkənin siyasi-hərbi dəyərini artırıb. Türkiyə ilə Avropa Birliyi arasında əldə edilən son anlaşma buna sübut sayıla bilər.

Məlumdur ki, ikitərəfli danışıqları Avropa Komissiyasının sədri Jan-Klod Yunker, Avropa Birliyinin rəhbəri Donald Tusk və Türkiyə baş naziri Əhməd Davudoğlu Brüsseldə aparıblar. Tərəflər arasında əldə olunan razılığa və qəbul edilən birgə bəyanata əsasən, “Türkiyə Avropa Birliyi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirərsə, gələn ilin oktyabr ayından etibarən bu ölkə ilə Avropa Birliyi arasında vizasız rejim tətbiq ediləcək”.

Eyni zamanda Türkiyəyə miqrant məsələsi ilə bağlı 3 milyard avro ayrılması və ölkənin Avropa Birliyinə üzvlüyü prosesinin sürətləndirilməsi qərara alınıb. Bu məqsədlə hər il Avropa Birliyi ilə Türkiyə arasında toplantılar keçiriləcək.

***




Sözsüz ki, son proseslərdə “Su-24" presedenti ilə bağlı Moskvanın tutduğu aqressiv mövqe az rol oynamayıb. Rusiyanın Türkiyəni özündən uzaqlaşdırması onsuz da Qərbin marağında idi. Ən azından Kremlə qarşı Krıma görə tətbiq edilən iqtisadi sanksiyaların effektliliyi, Rusiyanın təcriddə saxlanması üçün Ankara-Moskva soyuqluğu AB və ABŞ-a çoxdan gərək idi.

Üstəlik də soyuqluğun miqrant böhranının fonunda baş verməsi Türkiyə-AB yaxınlaşması üçün məqbul şəraitin yetişməsinə təkan verdi, həlledici rol oynadı. İndi artıq Qərb Rusiya qarşısında Türkiyəyə təkcə maliyyə köməyi göstərmir (düzdür, 3 milyard avro Türkiyə üçün böyük məbləğ deyil və Davudoğlunun dediyi kimi, daha çox siyasi məna daşıyır), paralel surətdə həm də onun AB-yə üzvlüyü yolunu açır, Rusiyanı isə bir az da taqətdən salmaq üçün sanksiyaların ömrünu uzatmağa hazırlaşır.



Situasiyadakı yeni gəlişmələr, şübhəsiz, rəsmi Moskvaya yaxşı heç nə vəd eləmir və ona ünvanlı çox neqativ mesajlardır. Bu çatdırışlar həmçinin o anlama gəlir ki, Rusiya ağılsızlıq edib Türkiyəyə qarşı hərbi ekspansiyaya cəhd eləsə, önündə Avropa Birliyini də görəcək. Belə bir nəticə “Su-24" olayından dolayı Ankaranın Moskva üzərində ilk və çox mühüm diplomatik qələbəsi hesab oluna bilər.

Onu da yada salaq ki, Türkiyə bir neçə dəfə Vahid Avropa Ordusunun (VAO) özəyini təşkil etməyə hazır olduğunu bəyan edib. AB-Ankara əməkdaşlığının genişlənməsi Rusiya aqressiyası fonunda bu mövzunu da gündəmə daşıya bilər. Kəsəsi, ABŞ Kremlin sayəsində Türkiyəni təzədən qazanmış kimidir. Təbii ki, qardaş ölkə də uduşdadır.



***
Lakin belə görünür, Rusiyanın siyasi isteblişmenti proseslərin bu yöndə inkişafının fərqində deyil. Ölkənin azsaylı ağılı başları isə bunu aydın görür və obyektiv qiymətləndirirlər. Tanınmış telejurnalist və analitik Yevgeni Kiselyov də o sıradadır. Onun Kremlin Türkiyəyə münasibətdə yanlış siyasətini nəzərdə tutaraq, tarixi paralelliklər kontekstində yazdığı böyük məqalə Rusiyadakı qaynar başlar üçün soyuq duş effektli və ibrətamiz sayıla bilər.

Məqalədən kiçik sitat: “Mən bilmirəm, Kremldə tarixə aid kitabları oxuyurlar, ya yox, amma lazımdır. Doğru, tarixi paralelliklər qüsurludur, ancaq yeni rus-türk savaşının qızışdığı bugünkü günlərdə - Allaha şükür ki, hələlik əsasən soyuq müharibə gedir - indiki hadisələri uzaq dövrün olayları ilə müqayisə eləmək adamın ürəyindən elə keçir ki...



Eynilə bizim günümüzdə də Rusiyanın Türkiyəyə təzyiqləri onun üzvlüyünə illərdir can atdığı Avropa Birliyi ilə yaxınlaşması prosesini sürətləndirib. Vaxtilə Putin hamını inandırmağa çalışırdı ki, Ukraynaya qarşı hibrid müharibəyə başlamaq yetər ki, Ukrayna param-parça olsun və ölkənin yarısı onun ayağına düşsün. Bu, baş vermədi. Maraqlıdır, indi də o inanır ki, Türkiyəyə qarşı başqa bir hibrid müharibəsində - informasiya, psixoloji, sanksiya, viza müharibəsində uğur qazanacaq?

Bir zaman rus çarı I Nikolay Türkiyəni “Avropanın xəstə adamı” adlandırmşdı. Bu gün əlbəttə ki, Türkiyə Avropa tipində yetkin demokratik dövlət deyil, amma sağlamlığı ümumən qaydasındadır. Avropanın xəstə adamı tamam başqasıdır və onu siz tanıyırsınız..."
Necə deyərlər, şərhə ehtiyac qalmır.

Siyasət şöbəsi//musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.