Şübhəsiz, "akademik" Ramiz Mehdiyevlə əlaqədar tənqidi fikirlərimlə razılaşmayanlar da vardır. Tam təbiidir və burada heyrət doğuracaq bir şey görmürəm. Lakin getdikcə işin içindən betər işlər çıxır. Pərdələr yavaş-yavaş qalxdıqca, Ramiz Mehdiyevin siyasi obrazı daha canlı şəkil alır. Onun gizlindəki əməllərilə aldadıcı zahiri görünüşü arasında kəskin ayrıntıların şahidi olursan. Deyəsən, bu təcrübəli siyasət adamı ya artıq özünü cilovlaya bilmir, ya da aşkar iradəsini meydana qoyur. Çox təhlükəlidir. Deyəsən, kardinal daha dözə bilmir. Onun səbrinin tükəndiyi hiss olunur. Önə verdiyi adamların kükrəyişindən gözlədiyi nəticəni ala bilməməsi özünü ölkəyə ikinci şəxs kimi tanıtdırmış "akademiki" daha da şaşırdır. Soruşa bilərsiniz ki, bu akademik kəlməsini nədən tez-tez işlədirəm? Səbəbləri müxtəlifdir. Kultlaşma artıq o dərəcəyə yüksəlib ki, hətta Prezidentin təyin etdiyi yüksək kadrı kollektivə təqdim edərkən televiziyalarımız və digər KİV-lər onu akademik Ramiz Mehdiyev deyə tanıdırlar. Sanki elmlər akademiyasının əməkdaşıdır. Prezident admnistrasiyasının rəhbəri titulu ikincidir.
Yaşının bu çağında ona verdiyim əziyyətin günahını anlasam da, yarıyolda dayanmağı düşünmürəm. Sözün düzü, haraya qədər gedəcəyimi özüm də hələ bilmirəm. Siyasi hekayətimin ikinci hissəsi artıq hazırdır. Bu yaxınlarda tanış ola biləcəksiniz. "Ramiz Mehdiyev öz kultunu necə formalaşdıra bildi" başlığı ilə qələmə aldığım siyasi hekayətimin bu hissəsində "müasir Azərbaycan fəlsəfəsinin korifeyi" Ramiz Mehdiyevin digər mənəvi-siyasi keyfiyyətləri, idarəetmə çalarları yüksək dövlət məmuru kimi fəth etdiyi nüfuzun hansı gedişlər və mənbələr hesabına ərsəyə gətirildiyi barədə maraqlı söhbət açılır. Pis alınmayıb. Lütfkar oxucu, biz görüşəcəyik, lap yaxınlarda, darıxmayın!
Hələlik bir məsələ ilə bağlı fikirlərimi sizinlə bölüşmək istərdim. İki müxtəlif mövqe - Prezidentlə admnistrasiya rəhbərinin kadr məsələlərində kəskin fərqli baxışları diqqət çəkir. Axı belə olmamalıdır.
Ramiz Mehdiyevə görə 70 il öncəki savadsızlıq Azərbaycana yenidən qayıdır. Doğrudanmı, bu belədir? Bəs o zaman 25 ilə yaxın yüksək dövlət postu tutan və bilavasitə vəzifəsi ölkə üçün yararlı kadrlar yetişdirmək məqsədi daşıyan bu strateqin fəaliyyəti hansı düyündə ilişib qalıb. Görünür o, kadr siyasətinə ailəsində daha çox vaxt sərf etdiyinə görə bu sahədə millətə bir gün ağlaya bilməyib. Oğlunun nə səsini, nə üzünü görən yoxdur. Amma generaldır, nazir müavinidir. Həyat yoldaşı elmlər doktoru, professordur. Qızı da həçinin. Kürəkəni biznesmendir, həm də Milli Məclisin, səhv etmirəmsə, iki çağırış deputatıdır. Lakin indiyədək parlamentdə onun səsini eşidən olmayıb. Əsl nümunəvi kadr siyasətidir ki, Ramiz Mehdiyev onu öz ocağından başlayıb. Nə isə...
Ramiz Mehdiyevin Prezidentnyanında Ali İdarəçilik Akademiyasının 15 illik yubileyindəki çıxışından: "Açıq etiraf etmək lazımdır ki, hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemilə üzləşiblər. Yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident administrasiyasının kadr ehtiyatı şəxsən məni admnistrasiya rəhbəri kimi qane etmir. 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq təzədən həyatımıza qayıdır."
Onun çıxışının qısaca mahiyyətini yəqin ki çatdıra bildim.
İndi Prezident İlham Əliyevin Elmlər Akademiyasının 70 illik yubileyindəki çıxışından: "Biz gələcəyə bu cür baxırıq. Müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi, bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. İmkanlar var. Çünki kadr potensialımız güclüdür. Təhsil lazımi səviyyədədir. Savadlılıq təxminən yüz faizdir. Bu, elmin inkişafı üçün əsas bazadır. Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun."
Nə yaltaqlanır, nə də yarınmaq məqsədi güdürəm. Mən burada dövlət
başçısının fikrilə tam razıyam. Bəs bu qədər oxuyanlarımızın, xaricdə güclü təhsil alıb Azərbaycana dönən gənc mütəxəssislərimizin müasir Azərbaycanımızın inkişafı üçün verdiyi töhfələri heçə endirməkdə Ramiz Mehdiyevin niyyəti nədir? Gizli heç nə yoxdur. O bununla siyasi təxribatını ictimai şüura çatdırmaqla hökumətimizin kadr syasətini tam kölgə altına alır. Qətiyyətlə bildirir ki, admnistrasiya rəhbəri kimi bu siyasət heç cür məni qane etmir. 1-cisi bu narazı adamın tutduğu vəzifə onun şəxsi mülki deyil. Ora Prezidentin admnistrasiyasıdır. Və buraya rəhbərlik etmiş şəxsin tamamilə əks qütbdə dayanmağı yolverilməzdir. Əgər elədirsə, çıxıb getsin istirahətə, qoy bu millətə canıyanan başqa birisi gəlib otursun və öz işini görsün. Son 2-3 ildə Prezident İlham Əliyevin dövlət və hökumət orqanlarına təyin etdiyi gənc kadrların tərcümeyi-halı ilə tanış oldum. Onların tam əksəriyyəti xarici ölkələrin sayılıb-seçilən universitetlərində yüksək təhsil alıb Vətənə dönən gənc mütəxəssislərdir. Sadəcə bunları görmək lazımdır!..
Eldar SABİROĞLU
anaxeber.info