Ankara Qarabağ münaqişəsini ölü nöqtədən tərpətmək istəyir. Cumhuriyyet.az publika.az-a istinadən xəbər verir ki, “Nezavisimaya qazeta” nəşri Türkiyə-Rusiya qarşıdurması fonunda Ankaranın Qarabağda müharibəyə başlaması haqda informasiyaları şərh edib.
Nəşr yazır ki, Rusiyanın iqtisadi sanksiyalarına, həmçinin, “erməni məsələsində” İrəvanı dəstəkləməsinə qarşı Türkiyə ciddi addımlar ata bilər. “Davudoğlunun Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Türkiyənin əlindən gələni edəcəyi haqda bəyanatından dərhal sonra məlumat yayıldı ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Türkiyə-Ermənistan sərhədində 7 minlik əsgər yeridib”, – deyə nəşr qeyd edib.
Hərbi ekspert Viktor Litovkin nəşrə açıqlamasında bildirib ki, bu, yanlış informasiya ola bilər: “Mən əmin deyiləm ki, ordu həqiqətən də hazırlanır. Lakin bu faktdır ki, Türkiyə ilə Ermənistan sərhədi erməni ordusu ilə yanaşı, həmçinin, rus əsgərləri tərəfindən də qorunur. Orada bizim hərbi bazamız var. Bu baxımdan, Rusiyadan ora qoşunların göndərilməsi xəbəri qəribə görünür. Onsuz da Ermənistandakı artilleriyamız Türkiyəyə doğru tuşlanıb”.
Ekspert qeyd edib ki, müharibə olacağı təqdirdə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana dəstək verəcək: “Hətta KTMT bundan imtina etsə belə, Rusiya mütləq öz yardımını edəcək. Çünki müqavilə var. Bunu Azərbaycanda anlayırlar. Digər tərəfdən, Türkiyə Qarabağda müharibəyə başlayarsa, NATO-nu da bu müharibəyə qoşmuş olacaq. Şimal Alyansının indi buna nə qədər hazır olduğunu demək çətindir”.