Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov sanki toxunulmazlığından istifadə edərək istədiklərini bir-birinin ardından icra etməklə məşğuldur.
Yanan bina ətrafında yaranmış qalmaqal zamanı da "kəfəni yırtmağa" müvəffəq olmuş İsgəndərov artıq qarşısında kiminsə duruş gətirə bilməyəcəyinin fərqinə vardığından hətta ölkədəki ümumi ab-havanı belə nəzərə almamaqdadır.
Rayon sakinlərinin bildirdiklərindən belə aydın olur ki, İsgəndərov Biləcəri bələdiyyəsinin yeni sədrinə haqq qoyması səbəbindən yenə də sakinlərin qınağına çevrilib.
Daxil olan məlumatda qeyd olunur: "İlham Xəlilovun yerinə Biləcəri bələdiyyəsinə sədr gətirilən Hikmət Quliyev zənn edirdi ki, yeni vəzifəsində özünə gün ağlaya biləcək. Amma sən saydığını say, gör, Hakimiyyət nə sayır. Daha anlamamışdı ki, bu rayonda tək pul qazanan icra başçısının özüdür.
Gəldiyi ilk gündən Hikmət Quliyev çətinlik yaşayır. Başçının aylıq 10 min manatlıq "tasını" ödəmək zorunda qalan yeni bələdiyyə sədri ərazidə bütün torpaqların satılması səbəbindən məcburdur ki, bələdiyyəyə aidiyyatı olmayan torpaqlara sənəd verib pul qazansın. Son vaxtlar isə "alverin" getməməsi səbəbindən bələdiyyə sədrinin başçıya xeyli borcu yaranıb".
Sakinlər yazaraq bildirirlər ki, bələdiyyə sədri nəyin bahasına olursa-olsun pul qazanmaq istəyir ki, bu da sakinlərdə narazılıq yaradır: "Biz bununla bağlı yuxarı orqanlara şikayət edəcəyik. Binəqədi kimi rayon bu gün başçısı olsa da, tam başsız vəziyyətdədir".