Müstəqilliyi Haqda Konstitusiya aktının əleyhinə səs verən «su şefi»nin həyat macəraları

4-12-2015, 10:19   
Müstəqilliyi Haqda Konstitusiya aktının əleyhinə səs verən «su şefi»nin həyat macəraları

Əhməd Əhmədzadə. Bu ad bəlkə də sıravi azərbaycanlı üçün heç nə demir. Amma bu adın sahibi Melorasiya və Su Təssərüfatı ASC-yə rəhbərlik edir. Hər il dövlət büdcəsindən milyonların ayrılmasına baxmayaraq, onun rəhbərlik etdiyi sahədə durum acınacaqlıdır. Sanki Əhməd Əhmədzadəyə dövlət büdcəsindən pulu ona görə ayırırlar ki, həmin vəsaiti təyinatı üzrə xərcləməsin. Bunu Kür ətrafı rayonlarda baş verən bir az təbii, bir az da qeyri-təbii fəlakət çox açıq şəkildə sübuta yetirdi. Bu yazıda cumhuriyyet.az olaraq Qəhrəman seçdiyimiz şəxsin «igidiyi» bununla yekunlaşmır, adam həm də dövlət müstəqilliyimizin əleyhdarlarından biri olaraq tanınır. Xoş olmasa da, onu yaxından tanımağa çalışaq.
Qaranlıq keçmişə işıq salmaq cəhdi
Əhməd Əhmədzadə ölkənin starteji sahələrindən birinə rəhbərlik etməsinə baxmayaraq, onun tərcümeyi-halı ilə bağlı nə internet saytlarında, nə də jurnalist əlinin yetə biləcəyi digər mənbələrdə heç bir məlumat yoxdur. Olduqca paradoksal və müəmmalı haldır ki, ölkənin az qala sıravi vətəndaşı haqqında belə məlumatların geniş yayıldığı internet məkanında Əhməd Əhmədzadənin keçmişi ilə bağlı bir cümlə də yazılmayıb. Bunun qaranlıq keçmişi gizlətmək cəhdi yoxsa, texniki yanlışlıq olduğunu araşdırmaq niyyətimiz yoxdur. Amma hər halda özü haqqındakı məlumatları cəmiyyətdən gizlətməyin nazir səlahiyyətli bir şəxs üçün yolverilməz olduğunu da qeyd etməyə bilməzdik.
Ciddi cəhdlə dəqiqləşdirmək istədiyimizə baxmayaraq, cumhuriyyet.az olaraq onun konkret olaraq neçənci ildə anadan olması faktını da öyrənə bilmədik. Özəl kanallarla onu aydınlaşdırdıq ki, Əhməd Əhmədzadə Qax rayonunda anadan olub. Uşaqlıq və gənclik illərini rayonda keçirən Əhməd Əhmədzadə sonralar ali təhsil almaq məqsədilə Bakıya gəlir. Tələbəlik illəri ilə bağlı hər hansı məlumat əldə edə bilmədiyimizə görə, onun həyatının bu mərhələsi haqda konkret nəsə yazmaq çox çətindir. Amma məlum olan budur ki, ali təhsilini başa vurduqdan sonra Əhməd Əhmədzadə yenidən doğma rayonuna qayıdır və elə burada da əmək fəaliyyətinə başlayır. Müxtəlif illərdə rayonda müxtəlif vəzifələrdə çalışan qəhrəmanımız artıq bir neçə ildən sonra Qax rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsinə qədər yüksələ bilmişdi.
Pul yığmağı yaxşı bacarır
Ə.Əhmədzadənin hələ gənc yaşlarından vəzifə pillələrində gözləninlməz yüksəlişlər fəth etməsinin əsas səbəbləri onun yaxşı icraçı olması və pul toplamaq bacarığı idi. Hələ Qax rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində işləyərkən yerli rəhbərlərlə gözəl münasibətlər quran Ə.Əhmədzadə tez-tez onlara bahalı hədiyyələr etməyi xoşlayırdı. Rəhbərlər üçün lazım olan «defisit» malları yerin deşiyindən də olsa tapıb gətizdirən Ə.Əhmədzadə bu bacarığına görə rayon elitasında sayılıb-seçilən adamlardan hesab olunurdu. Elə buna görə də pul qazanmağın və maliyyə fırıldağının ustadlarından sayılan Ə.Əhmədzadə tez bir zamanda parladı və Qax Rayon Partiya Komitəsi Bürosunun üzvü seçildi. Bu hələ gənc olan Ə.Əhmədzadə üçün çox böyük uğur sayılırdı və onun sonrakı yüksəlişində bu amil çox böyük rol oynadı.
Həmin vaxt Qax Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyən Səfiyyə xanım Dibirova ilə yaxşı münasibətlər quran Ə.Əhmədzadə məhz onun təqdimatı əsasında daha yüksək vəzifəyə təyinat ala bildi. O zaman Mərkəzi Komitədə Qax rayonu üzrə kurator Ramiz Mehdiyev idi və o rayon rəhbərliyindən Xalq Deputatları Sovetinə sədr seçmək üçün «məsləhətli» kadr istəyəndə Səfiyyə Dibirova tərəddüd belə etmədən Ə.Əhmədzadənin adını çəkir.
«Cavan oğlan, səni seçəcəklər get işlə…»
Ramiz Mehdiyev gənc Ə.Əhmədzadəni Azərbaycan Kominist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevə təqdim etmək üçün Bakıya çağırtdırır. Onunla əvvəlcə Mərkəzi Komitənin Təşkilat Şöbəsinin müdiri İsmayıl Əsgərov söhbət aparır, daha sonra isə Ramiz Mehdiyev ona bəzi məsləhətlərini verir. Bütün bu prosedurlardan sonra Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev tərəfindən qəbul edilən Ə.Əhmədzadə artıq onun kabinetindən çıxdıqdan sonra
özünü Qax rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri kimi hiss edə bilərdi. Çünki artıq hər şey danışılmış və H.Əliyev ona «cavan oğlan, səni seçəcəklər, get işlə» demişdi.
1975-ci ilin iyun ayında baş verən bu hadisə Ə.Əhmədzadənin karyerasında mühüm mərhələ olur. Ə.Əhmədzadə artıq Qax rayonuna məsul olan rəhbər şəxslərdən biri idi. Onun həmin vəzifədə bir neçə il işlədiyi məlumdur. Çox güman ki, rəhbərlik bu seçimdən narazı qalmamışdı. Hər halda Ə.Əhmədzadə «yuxarı»dan gələn tapşırıqları can-başla yerinə yetirməyə və hamını razı salmağa çalışırdı. Görünür, elə onun «çalışqanlığını» nəzərə alan «yuxarılar» Ə.Əhmədzadəyə daha yüksək etimad göstərmək qərarına gəlmişdi.
Əhmədzadə Füzuli rayonunun birinci katibi olur
1981-ci ildə respublika rəhbərliyi Ə.Əhmədzadəni Füzuli rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edir. Buna qədər isə artıq Ə.Əhmədzadə özü üçün kifayət qədər böyük kapital toplaya bilmişdi. Hər kəsin «haqqını» vaxtında çatdırdığından buna görə ona «gözün üstə qaşın var» deyən yox idi. Onun Füzuliyə birinci katib gətirilməsində də güman ki, «təmizliyi» çox böyük rol oynamışdı. Füzuli rayonuna rəhbərlik etdiyi illər ərzində «pripiska» sayəsində planı yüz faiz yerinə yetirən Ə.Əhmədzadə bu bacarığı sayəsində rəhbərliyin sevimlisinə çevrilir. Hətta rəhbərliyin bir neçə dəfə Ə.Əhmədzadəni digər rayon rəhbərləri üçün örnək göstərildiyi də faktdır. Həmin illər ərzində R.Mehdiyevlə daha da yaxınlaşan Ə.Əhmədzadə artıq onun siyasi komandasının əsas üzvlərindən birinə çevrilmişdi. Eyni zamanda H.Əliyevin də rəğbətini qazanması onun gələcək karyerasının uğurlu olmasını şərtləndirirdi. 1982-ci ildə H.Əliyevin Moskvaya gedişindən sonra da müxtəlif vəzifələrdə çalışmış Ə.Əhmədzadə bütün birinci şəxslərlə dil tapa bilirdi. Elə buna görə də o tezliklə Azərbaycan SSRİ Ali Sovetinin deputatı mandatını qazana bilir. Deputat kimi fəaliyyəti hiss olunmayan Ə.Əhmədzadəni geniş ictimaiyyət yalnız 1991-ci ildə xalqa zidd mövqeyi ilə tanıdı.
Müstəqillik aktının əleyhinə səs verib
Sovet rejiminin yetirməsi olan Ə.Əhmədzadə 1988-ci ildə vüsət alan milli-azadlıq hərəkatının düşmənlərindən biri kimi tanınır. O, bunu 1991-ci ilin 18 oktyabrında Ali Sovetdə müstəqillik aktının əleyhinə səs verməklə növbəti dəfə sübuta yetirib. Çox dəhşətli faktdır ki, Ə.Əhmədzadə bir vaxtlar müstəqilliyinin əleyhinə səs verdiyi dövlətin məsul postlarından birində əyləşib və bu gün ağzı köpüklənə-köpüklənə müstəqilliyimizin əbədi olacağından dəm vurur. Ən pisi isə odur ki, bu baxımdan Ə.Əhmədzadə tək deyil, müstəşillik aktının əleyhinə səs verənlərin böyük əksəriyyəti sonradan müstəqil Azərbaycan Respublikası tərəfindən yüksək postlarla mükafatlandırılıb. Yerigəlmişkən onların bir neçəsinin adlarını çəkməyi lazım bilirik:
Eldar İbrahimov – MM-in Aqrar Siyasət komissiyasının sədri,
Mixail Zabelin – deputat, Madər Musayev – deputat, Əli Həsənov – «Qaçkınkom»un sədri, İrşad Əliyev – Kənd Təsərrüfatı naziri və s. Bu hələ müstəqilliyimizin əleyhinə olub, sonradan yüksək post tutanların yalnız bir qismidir. Mövzumuz bu olmadığından onların hamısının adlarının dərc etmədik. Təəssüflər olsun ki, yazımızın «qəhrəman»ı Ə.Əhmədzadənin adı da həmin «qara siyahı»da var.
Sonra da adamlar bir-birindən soruşur ki, Kür niyə coşub və sel bizi niyə aparır?
1992-ci ildə «Bakı-Naxçıvan» reysinin daimi sərnişini idi
Ə.Əhmədzadənin istəyib-istəməməsindən asılı olmayaraq, 1991-ci ildə igid oğlullarının rəşadətli mübarizəsi nəticəsində Azərbaycan öz dövlət müstəqilliyinə qovuşdu. Milli qüvvələrin hakimiyyətə gəlişindən sonra isə Ə.Əhmədzadə kimilərinin meydanı daralmağa başladı. Deyilərə görə, həmin ərəfədə Ə.Əhmədzadənin sistemli olaraq məşğul olduğu iş Naxçıvana gedib-gəlmək olub. Orada dəfələrlə mərhum dövlət başçısı H.Əliyevlə görüşən Ə.Əhmədzadə onun hakimiyyətə gəlişi üçün canı-dildən çalışıb. Onun bu əziyyəti unudulmayıb və milli qüvvələr devrildikdən sonra Ə.Əhmədzadə yenidən meydana qayıdıb. Müxtəlif vəzifələrdə çalışan Ə.Əhmədzadə sonradan Melorasiya və Su Təssərüatı ASC-nin sədri təyin olunub.
Bu vəzifədə milyonlar qazanan Ə.Əhmədzadə bu günə qədər də hakimiyyətin sevimlisi olaraq qalır. Bunun bircə faktla sübuta yetirmək olar ki, «Azərsu» SC yaradılarkən bəziləri Melorasiya və Su Təssərüatı ASC-nin ləğvini və səlahiyyətlərinin «Azərsu»ya verilməsini istəyirdi. Məntiqlə də bunun belə olması lazım idi. Amma Ə.Əhmədzadənin postsuz qalmasını istəməyən hakimiyyət başbilənləri bu planın üzərindən qalın bir xətt çəkdilər.
Qax və otel biznesi
Qax rayonunun bütün turizm və sahələri Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin nəzarətindədir. Qax rayonundan verilən məlumata görə rayonun bütün turizm sahələrini nəzarətinə alan Meliorasiya və Su təsərrüfatı ASC rəhbəri Əhməd Əhmədzadə hazırda Qaxın mərkəzi küçələrində ticarət obyektləri tikdirir. Bildirilir ki, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkəliyev tikilən obyektlərə şəxsən özü nəzarət edir və görülən işlərlə mütəmadı olaraq maraqlanır.
Qeyd edək ki, Musa Şəkəliyevin Əhməd Əhmədzadə ilə qohumluq əlaqələri var və icra başçısı vəzifəsinə məhz Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin havadarlığı ilə gətirilib. Məlumatlı mənbənin bildirdiyinə görə Qax, Zaqatala və Balakən rayonlarında möhkəmlənən Əhmədzadələr bu regionda müxtəlif turizm obyektlərinə, otellərə, restoranlara və çoxlu sayda müxtəlif sahəli obyektlərə sahibdirlər.
Daxil olan məlumatda göstərilir ki, adı çəkilən rayonlarda bütün biznes sahələrinə Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə nəzarət edir. Bildirilir ki, Qax, Zaqatala və Balakən rayonlarındakı bütün biznesa sahələri, obyektlər, otellər və tikilməkdə olan mağazalar Cuma Əhmədzadənin adına olan “Uluyurd” MMC şirkətinin nəzdindədir. Qeyd olunur ki, hazırda Qax rayonunda olan “El Resort beş ulduzlu otel, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Ballı bulaq”, “Qafqaz” “ Eden” park hotel, “Səngər qala” istirahət mərkəzləri, “Şəfa” istirahət və müalicə ponsionatı, “İlisu” ponteonatı və “Ulu Dağ” turizm mərkəzləri Cuma Əhmədzadəyə məxsusdur.
“El Resort” otelində bir gecənin ən ucuz qiyməti yay aylarında 120 manatdan başlayır. Yuxarıda qeyd etdiyimiz istirahət mərkəzləri və turizm obyektləri yay aylarında turist sayından bol olması və qiymətlərin od tutub yanması ilə seçilirlər. Amma ASC sədrinin oğlunun ildə əldə etdiyi milyonlarla manat gəlirlərdən dövlətə çox cüzi vergi verdiyi qeyd olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.