NATO və Türkiyəyə qarşı hərəkətə keçən Rusiya Ermənistanı təxribatlar törətməyə sövq edir; ordumuzun giziri şəhid oldu; Müdafiə Nazirliyi düşmənə xəbərdarlıq etdi
Fərrux Məmmədov: “Moskva Cənubi Qafqazda müttəfiqi olan Ermənistan üzərindən Azərbaycana və Gürcüstana siyasi və hərbi təzyiqləri artıracaq”
Türkiyə-Rusiya gərginliyinin davam edəcəyi təqdirdə bunun zərbəsinin həm də Azərbaycana dəyəcəyi barədə irəli sürülən ehtimallar özünü sürətlə doğrultmaqdadır. Moskvanın Qarabağda müharibəni alovlandırmaq niyyətinin olması da ermənilərin son günlər yenidən aqressivləşməsi misalında özünün təsdiqini tapır.
Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu son günlər qat-qat artırması da işğalçı ölkənin daha da quduzlaşmasına stimul verib. Son günlərdə bir əsgərimizin şəhid olması barədə xəbər vermişdik. İndi isə məlum oldu ki, cəbhədə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu gizir Novruzov Fariz Əlabbas oğlu da düşmən gülləsindən həlak olub. Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfi regiondakı çətin hərbi-siyasi şəraitdən öz xeyrinə istifadə etmək məqsədilə vəziyyəti bir qədər də gərginləşdirməyə çalışır: “Silahlı qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq düşmənin fəallaşması cəhdinin qarşısının alınması və şəhidlərin qanının yerdə qalmaması məqsədilə zəruri tədbirlər həyata keçiriləcək”.
Müşahidəçilər hesab edir ki, Ankara-Moskva qarşıdurması ilə paralel şəkildə NATO-nun Rusiyanın maraq dairəsində olan bölgələrə doğru irəliləməsi qarşıdurmanın miqyasını getdikcə böyütməkdədir. Alyansın öz sıralarına Monteneqronu daxil etməklə bağlı qərarının ardınca NATO-nun baş katibi Yens Stoltenberq rəsmi Moskvanı silkələyən növbəti açıqlamanı verib. O deyib ki, NATO və Gürcüstan əməkdaşlığı dərinləşəcək. Bundan əvvəl ABŞ-ın analoji mövqedən çıxış etməsi, həmçinin Gürcüstanda Krtsanisi milli təlim-məşq mərkəzində NATO-nun təlim-tədris bazasının açılışı da Rusiyanın regiondan sıxışdırılmasına yönəlik planlardır. Yay aylarında Rusiyanın Abxaziyadakı hərbi birləşmələrinin Gürcüstanın içərilərinə doğru irəliləməsi, Batumi magistralına və Bakı-Supsa neft kəmərinə nəzarət etmək imkanı qazanması sözsüz ki, reaksiyasız qala bilməzdi və artıq son müşahidələr də bunun təsdiqidir.
Rusiyanın Gürcüstana bayrağını sancması isə Azərbaycanın da əl-qolunun birdəfəlik bağlanması, enerjidaşıyıcılarımızın Qərbə çıxışının dayandırılması demək olardı. NATO-nun son addımlarını Rusiyanın cavabsız qoymayacağı bəllidir. Həm NATO-Rusiya, həm Türkiyə-Rusiya münasibətlərində gərginliyin artması, həmçinin tərəflərin Qafqaz regionunda toqquşması Qarabağ ətrafındakı duruma da ciddi təsir göstərəcək. Təsadüfi deyil ki, eyni vaxtda Rusiyanın bir neçə media orqanı Qarabağ müharibəsinin başlayacağı barədə ehtimallar irəli sürməyə başlayıb.
“Bakı Xəbər” qəzetinin məlumatına görə, solovei.info saytı diplomatik mənbəyə istinadən Dağlıq Qarabağda müharibənin başlaya biləcəyi xəbərini yayıb: “Dağlıq Qarabağ Türkiyə və Rusiya arasında ciddi qarşıdurmaya səbəb ola bilər. Türkiyə Azərbaycan tərəfindən çıxış etmək niyyətindədir”. Polit.ru saytı da eyni iddialardan çıxış edərək Qarabağda Ankara və Moskvanın müharibəyə başlayacağı ehtimalının güclü olduğunu yazıb. “Svoboda Pressa” nəşri isə bildirir: “Anlamaq lazımdır: Qarabağ Cənubi Qafqazda barıt çəlləyidir. Təhlükəsizlik siyasəti üzrə ixtisaslaşan Stokholm İnstitutunun direktoru Svante Kornell deyirdi ki, ”Qafqaz münaqişələrində Qarabağ ən böyük strateji və ümumregional qiymətə malikdir. 1990-cı illərdən sonra Qarabağ münaqişəsi Qafqazda dövlətlərin əsas qarşıdurma nöqtəsinə çevrilib". Kornellin dediyi kimi, Qarabağ Cənubi Qafqazda böyük müharibənin başlanması üçün ən qaynar nöqtədir. Görünür, yeni geosiyasi qarşıdurmalar Qarabağ atəşinə alovlandıracaq".
***
Bu ərəfədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Belqradda keçirilən nazirlər toplantısı çərçivəsində Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrej Kaspişiklə görüşü diqqət çəkir. Düzdür, belə görüşlərin sayı-hesabı bilinmir. Ancaq hazırkı gərginliklər, üstəlik, ermənilərin son vaxtlar cəbhədə aktivləşməsi, Azərbaycanın itkilər verməsi, həmçinin bölgədə böyük müharibənin başlayacağı barədə yayılan informasiyaların fonunda bu görüşün özəlliklərinin olması şübhə doğurmur. E.Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində tezliklə həllinə nail olmaq üçün Minsk Qrupu həmsədrlərinin səylərinin artırılmasının vacibliyini vurğulayıb. XİN başçısı Bakının mövqeyini bir daha bəyan edərək deyib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.
Türkiyənin XİN başçısı M.Çavuşoğlunun ardınca baş nazir Əhməd Davudoğlunun Bakı səfəri Azərbaycan xaricində, xüsusilə Rusiya və Ermənistanla həssaslıqla izlənilir. Ermənistan parlamentinin deputatı, xarici əlaqələr komitəsinin üzvü Artak Zaxaryan da deyib ki, Türkiyə ətrafında yaşanan gərginlik bölgədə mürəkkəb vəziyyət yaradacaq. Yeri gəlmişkən, bundan öncə həm Çavuşoğlunun, həm də Davudoğlunun “Qarabağ məsələsində Azərbaycanın yanındayıq” deməsi düşməni xeyli narahat edib və Türkiyənin Qarabağı azadetmə əməliyyatına qoşulacağı ehtimalları güclənib.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Türkiyə gərginliyinin yaxın vaxtlarda səngiyəcəyini düşünür: “Bunun alternativ yolu yoxdur. Bəribaşdan risk edib belə bir qəti fikir söyləmək istəyirəm ki, hər hansı silahlı toqquşmanın olmasını istisna edirəm. Tərəflər arasında informasiya məkanında söz dueli, dartışmalar, hardasa didişmələr olması qaçılmazdır. Amma yenə də təkrarlamaq istəyirəm ki, bu baş vermiş insident ilə əlaqədar dünyanın aparıcı gücləri öz qəti mövqeyini bildirib və Rusiya da yavaş-yavaş sakitləşməyə borcludur.
Əks təqdirdə, rəsmi Moskvanın ata biləcəyi NATO üzvü olan Türkiyəyə qarşı hər hansı səhv addımı fəlakətli sonluqlara gətirə bilər. Bunu yəqin ki, Putin və onun beyni qızmış generaliteti də bilməmiş deyillər”.
Ü.Cəfərov qeyd etdi ki, ermənilərin fəallaşması həm öz ağılsızlıqlarının, həm də onların himayədarlarının işarəsi ilə olan bir hərəkətə daha çox oxşayır: “Bu da cavabsız qalmayacaq. Çox keçməyəcək ki, Ermənistan ordusunun da itkiləri ilə bağlı xəbərlərə rast gələcəyik. Bu, hər dəfə belə olub və artıq xeyli vaxtdır ki, sanki eyni ssenari üzrə hadisələr təkrarlanır. Əlbəttə ki, burada Ermənistan tərəfinin özbaşınalığı və təxribatı daha aydın şəkildə özünü büruzə verir. Hər zaman Azərbaycana öz qardaşlıq əlini uzatmış və uzadan Türkiyə də proseslərin kim tərəfindən qızışdırılmasına yönəlik addımları görür və ermənilərin özlərinə və havadarlarına həm diplomatik, həm də əyani şəkildə deyir ki, diqqətli olun, edəcəyiniz hər hansı hərəkət əsla cavabsız qalmayacaq”.
Hərbi ekspert şübhə etmir ki, Türkiyə Qarabağ məsələsinə qarışa və uzun illərdir işğal altında qalan torpaqların azad edilməsi prosesində iştirak edə bilər: “Türkiyənin baş naziri Əhməd Davudoğlunun Bakı səfərindən də çox vacib nəticələr gözləməyə dəyər. Rusiya unutmamalıdır ki, həm Azərbaycan, həm də Türkiyə əgər Ermənistan Silahlı Qüvvələrini işğal altında olan ərazilərdən sıxışdırıb çıxartmağa başlasa, buna Rusiya əsla qarışa bilməz! Çünki söhbət Azərbaycanın beynəlxalq arenada tanınmış və tanınan ərazilərindən gedir. Ruslar o vaxt hərəkət edə bilərlər ki, söhbət Ermənistanın ərazisinə ola biləcək təhlükələrdən getsin. Belə təhlükənin olması isə gözlənilən deyil. Ən sonda, onu deyim ki, Rusiyanın dəstəyi və köməyi olmazsa, Azərbaycan çox qısa bir zamanda Ermənistanın işğalçı qüvvələrini separatçılarla birgə bizim ərazilərdən silib-süpürə bilər. İnanıram ki, bizim türkiyəli qardaşlarımızın yalnız mənəvi dəstəyinə ehtiyacımız ola bilər. Yerdə qalanını isə özümüz bacaracayıq”.
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov isə “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, Putin hələ baş nazir təyin olunarkən onun qarşısında üç önəmli məsələ prioritet xarakter daşıyırdı.
"Birinci, həmin tarixdə mövcud olan Çeçenistanda və Dağıstanda müharibənin bitirilməsi və Rusiyanın Şimali Qafqazda tək hakimliyinə sahib olması, ikincisi, Yeltsinlə bərabər məhv olmuş Rusiya vizyonunun yenidən bərpası və dünya siyasi arenasında yenidən güclü görünmək, üçüncü isə köhnə SSRİ-ni bərpa etmək, lakin yeni adla. Putin demək olar ki, dolayı yolla olsa da, bunlardan ikisinə nail olub. Üçüncü proses isə ağırdır. Lakin Rusiya bu prosesi də öz siyasətinə uyğun şəkildə davam etdirir. Bu nədən ibarətdir? Bəzi ölkələrə siyasi təzyiq, digərlərinə hərbi təzyiq və çevriliş etmə qorxusu ilə özlərinə və yaratmaq istədikləri ittifaqa sürükləmək. Əslində bu ittifaq öz-özlüyündə səmimi olmayan, sadəcə, işğalçılıq niyyəti kəsb edən bir birlikdir. Rusiya üçün plan daha çox önəmlidir, çünki bu, onun yaxın gələcəkdə varolma, yaxud yoxolma məsələsini həll edir. Bu baxımdan Rusiya Cənubi Qafqaz ölkələrini öz təsirindən kənara buraxa bilməz. Əgər Cənubi Qafqazda Rusiyanın hakimliyi bitərsə və ya burada kiçik bir axsama yaşansa, Rusiyanın zəifləməsi və parcalanması sürətlə davam edəcək. Rusiya bütün bunları hesablayaraq Cənubi Qafqazda müttəfiqi olan Ermənistan üzərindən Azərbaycana və Gürcüstana siyasi və hərbi təzyiqləri artıracaq. Onun əsas məqsədi Gürcüstan üzərindən Ermənistan və İran dəmir yolu xətti layihəsini reallaşdırmaqdır. Bu, reallaşsa, NATO və Avropa Birliyinin bu ölkələrlə hər hansı bir əlaqəsi mümkün olmayacaq".
Rusiyanın 5 rayonu azad edə biləcəyi barədə aylardır dolaşan söhbətlərə gəlincə, politoloq indiki şərtlər daxilində Rusiyanın təsiri ilə Dağlıq Qarabağın, yaxud ətraf rayonların geri qaytarılmasını real saymır: “Bu gün Dağlıq Qarabağın Azərbaycana qaytarılması kimi məsələləri ortaya atan Rusiya əslində torpaqları qaytarmır, əksinə, işğal edir. Bir dəmir yolu xətti bütünlükdə Rusiyanın Cənubi Qafqazda tək hakimiyyətliliyinə gətirib cıxaracaq. Amerika, NATO və Avropa Birliyi bununla bağlı region ölkələri olan Gürcüstan və Azərbaycanı xəbərdar edib. Rusiyanın bu tərkib planının əsas hissəsində Gürcüstanda yaşayan Azərbaycan türklərini də rəsmi Tiflisə qarşı qaldırmaq durur. Bütün bunların bir səbəbi var: NATO və Amerikanı regiondan cıxarmaq. Bugünlərdə NATO-nun Qaradağı üzvlüyə dəvət etməsi Rusiyanın bu planını daha da sürətləndirdi. Çünki NATO getdikcə genişlənir və alyansın hərbi-siyasi gücü artır. Sabah üçün NATO artıq xilaskar qismində çıxış edəcək və bu da Rusiyanı təbii olaraq narahat edir. Rusiya hazırda Azərbaycan tərəfinə demək olar ki, hər gün siyasi olaraq və cəbhədə hərbi olaraq təzyiqlər edir. Prezidentlərin görüşündə acıq olmasa da, gizli şəkildə bu məsələlər müzakirə mövzusu olacaq. Təzyiqlərin bir səbəbi də NATO-nun genişlənməsi, Rusiyanın isə prosesləri sürətləndirmək istəməsidir”.
Görünən budur ki, Rusiya Qafqazdakı “barıt çəlləyinə” od vurmaq, Qarabağ müharibəsini yenidən alovlandırıb digər məsələləri unutdurmaq istəyir. Diplomatik qaynaqlardan əldə etdiyimiz məlumata görə, Rusiya Ermənistandakı hərbi bazasına birbaşa quru yol açmaq üçün Azərbaycanı da tam nəzarət altına almaq planını işə salıb. Bu isə vəziyyətin olduqca təhlükəli məcraya daxil olmasından xəbər verir...