Kremlin danışan dili Azərbaycanı və Türkiyəni hədələdi – “Hamı üçün pis olacaq”

10-12-2015, 10:00   
Kremlin danışan dili Azərbaycanı və Türkiyəni hədələdi – “Hamı üçün pis olacaq”

Kremlin danışan dili Azərbaycanı və Türkiyəni hədələdi – “Hamı üçün pis olacaq”
Rusiya rəhbərliyi açıq edə bilmədiyi təhdidləri öz ruporu vasitəsi ilə çatdırmağa başlayıb; Duqin: “Bizi savaşa məcbur etsələr, İstanbulun adı təzədən dəyişə bilər”; “Qarabağda müharibə hər kəs üçün pis olacaq...”
Türkiyə ilə Rusiya arasında yaşanan gərginlik informasiya, təbliğat və iqtisadi savaş formasında davam edir. Bir çox analitiklər aradakı gərginliyin iki ölkənin toqquşa biləcəyi müştərək bölgələr və ortaq konfliktlər fonunda hara kimi dərinləşə biləcəyini təxmin eləməyə çalışırlar. Belə bölgə və konfliktlərdən biri və birincisi sözsüz ki, Güney Qafqaz və Qarabağ münaqişəsidir. Məsələyə, Moskvadan ekspert baxışları da maraq doğurur.

“Dağlıq Qarabağ münaqişəsini nə Azərbaycanın, nə də Ermənistanın xeyrinə həlli mümkün deyil. Türkiyənin isə bu konfliktə ümumiyyətlə, heç bir aidiyyəti yoxdur. Heç bir halda Rusiya-Türkiyə münaqişəsindən hansısa ölkənin regional maraqları naminə istifadə eləmək olmaz. Çünki Rusiya münaqişə tərəflərindən heç birini müdafiə eləməyəcək - biz həm ermənilərlə, həm də azərbaycanlılarla dostuq”.

Rusiyalı tanınmış ictimai xadim, sosioloq və politoloq, “Beynəlxalq Avrasiya Hərəkatı”nın lideri, eyni zamanda Kremlin “danışan” dillərindən sayılan Aleksandr Duqin bu sözləri Minval.az saytına müsahibəsində Ankara-Moskva münasibətlərinin kəskinləşməsinin regiondakı duruma, o sırada Dağlıq Qarabağa mümkün təsirlərini şərh edərkən bildirib.

Onun iddiasına görə, Rusiyanın əsas vəzifəsi Qarabağa konfliktinin qızışmasına imkan verməməkdir: “Əks halda bu, hamı üçün pis olacaq. Heç kim situasiyadan birtərəfli qaydada faydalanıb özünün regiondakı strateji mövqeyini yaxşılaşdıra bilməyəcək. Bu konflikt heç kimə lazım deyil, ona görə ki, ondan yararlanıb da müsbət nəticələr əldə eləmək mümkünsüzdür. Mən vəziyyətin mürəkkəbliyini və münaqişə tərəflərinin narazılığını başa düşürəm, ancaq Qarabağda status-kvonu dəyişməyə edilən istənilən hərbi cəhd regionda vəziyyəti yalnız daha da ağırlaşdıracaq və yeni qanlara gətirəcək, özü də heç bir yekun nəticə olmadan”.

***



Türkiyə-Rusiya münasibətlərinin mövcud durumuna toxunan Duqin bu münasibətləri “faktiki, dərin böhranda olan” kimi təqdim edib: “Ona görə də Türkiyənin hazırkı iqtidarı öz hərəkətlərini dərk eləməli və nə qədər gec deyil, könüllü şəkildə hakimiyyətdən imtina eləməlidir. Ya da siyasi kursunu kəskin əks tərəfə dəyişməlidir... Vurulan Rusiya təyyarəsi ilə bağlı insident mahiyyət etibarilə ona gətirdi ki, hər iki tərəf indi müharibə öncəsi durumdadır. Əlbəttə ki, belə vəziyyət nə Türkiyənin, nə də Rusiyanın maraqlarına cavab verir. Bu insident amerikayönlü qüvvələrin təşkil elədiyi təxribata bənzəyir”.

Lakin Duqin sanksiyalara rəğmən, Rusiyanın müharibədən çəkinmədiyini də vurğulayıb: “Sanksiyalardan dolayı Rusiyada vəziyyət elə də faciəvi deyil. Məsələ ondadır ki, ruslar yalnız onda ayılırlar ki, həqiqətən vəziyyətin pis olduğunu dərk edirlər. Yada salın, neçə müharibəni biz udmuşuq. Demək olar, hamısını. Təzələrini də udacağıq. Bizi dinclik və toxluq korlayır, iztirab və müharibə isə mətinləşdirir. Ola bilsin, bu, ən yaxşı xüsusiyyət deyil. Amma nə etməli, başqa rus xalqı yoxdur. Mövcud olan rus xalqı da dostlara qarşı çox xeyirxah, düşmənlərə qarşı isə dəhşətlidir. Ən yaxşısı, onunla oyun oynamamaqdır”.



“Yeri gəlmişkən, bütün rus-türk müharibələrin nəticəsində Osmanlı İmperiyasının ərazisi kiçilib, Rusiya İmperiyasının isə böyüyüb. Biz müharibə istəmirik, ancaq əgər buna məcbur edilsək, o zaman istisna deyil ki, dünyanın ən böyük şəhərlərindən birinin adı (İstanbulu nəzərdə tutur - S.S.) təzədən dəyişməli olacaq. Və heç bir sanksiya bizi dayandıra bilməyəcək”, - deyə o, hədələyici tonda fikrini tamamlayıb.

***
Əlbəttə ki, rusiyalı politoloq, lazım gələrsə, Qarabağ düyününü hərbi yolla kəsməyi istisna etməyən Azərbaycanı və onun 1 nömrəli müttəfiqi Türkiyəni hədələməklə yanaşı, bir çox məqamlarda blef edir, yanılır, yalan danışır, məkrli şəkildə təhriflərə yol verir. Əvvəla, Türkiyə-Rusiya müharibələrinin hamısının qalibi Rusiya deyil, 12-yə yaxın müharibənin beşindən Türkiyə qalib ayrılıb. Biz hələ 300 illik monqol-tatar hökmranlığını demirik. Rusiya öz tarixində hətta bir dəfə Yaponiyaya da uduzub (1905).



Başqa yandan, sirr deyil ki, strateji əhəmiyyətli, xristian dünyasının hələ də gözünün qaldığı İstanbulu (keçmiş adı Konstantinopol) ələ keçirmək planları həmişə rusların ürəyində qalıb. İndi təzədən bu arzunu dilə gətirmək vur-tut nostalji hissindən və xəstə ambisiyadan başqa bir şey deyil. Rusların öz sözü ilə desək, “Arzu eləmək ziyanlı şey deyil” (“Meçtat ne vredno”).
Ancaq təbii ki, Duqinin açıqlamalarında Türkiyənin ünvanına ciddi hədələr var və bu hədələr şübhəsiz, “Su-24" insidentinin Rusiya siyasi-ictimai isteblişmenti və ekspert dairələri tərəfindən heç cür həzm oluna bilməməsi ilə, bundan da betəri, Rusiyanın Türkiyə ilə yeni müharibədən obyektiv səbəblərdən çəkinməsi ilə bağlıdır. Hər halda NATO üzvü, dünyanın 4-cü ordusuna sahib Türkiyə Rusiyadan ötrü Ukrayna, Suriya deyil - bunu kim bilməsə də duqinlər əla bilir.



Kremlin “danışan dili”nin yeni hədələri sözsüz ki, həm də “Su-24" olayından sonra Bakı-Ankara əlaqələrinin daha da istiləşdiyi, o cümlədən qardaş ölkənin Rusiyadan qaz asılılığının azalmasında Azərbaycanın da dəstəkçi olmağa hazır olması haqda səslənən bəyanatlar, prezident İlham Əliyevin ”Bütün məsələlərdə Türkiyənin yanındayıq" zəmanətindən sonraya təsadüf eləməsi ilə diqqət çəkir. Bu mənada onları Bakının həm də bu xüsusda ciddiyə almasına lüzum var...

***
O ki qaldı Qarabağ məsələsinin Türkiyəyə heç bir aidiyyəti olmaması iddiasına, bu da əlbəttə ki, tər-təmiz blefdir və ilk öncə qardaş ölkənin regional supergüc olaraq mövcudluğuna qısqanc münasibətin təzahürüdür. Gerçək habelə budur ki, Ankara ölkəmizin əsas təhlükəsizlik qarantıdır, Rusiya işğalçı ölkə üçün hansı dəyərdədirsə, Türkiyə də Azərbaycan üçün təxminən eyni dəyərdədir.

Üçüncü yandan, Kremlin bölgədə əsas forpostu olan Ermənistanın cilovlanmasında Ankaranın onunla sərhədləri qıfılda saxlaması da mühüm rol oynayır. Erməni də, rus da yaxşı fərqindədir ki, sabah savaş qızışırsa, Türkiyə neytral qalmayacaq. Qarabağ münaqişəsinə aidiyyət başqa necə olur ki?

O ayrı məsələ ki, Ankara və Moskva birgə səylərlə konflikti yoluna qoymaq üçün unikal imkana sahibdir. Əfsus ki, bu şans Kremlin təxribatları nəticəsində qeyri-müəyyən müddətə əldən verildi.

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.