İcra başçısı yoxsa, lətifə qəhrəmanı: Medianın Raqub Məmmədov haqda yazdıqlarına sözardı...

17-12-2015, 07:11   
İcra başçısı yoxsa, lətifə qəhrəmanı: Medianın Raqub Məmmədov haqda yazdıqlarına sözardı...

İdarəçilikdə ciddi kadr problemləri var. Xüsusilə də icra başçılarının seçimində ciddi islahatlara ehtiyac var. Hər halda Azərbaycandakı bəzi icra başçıları ilə yarım saatlıq görüş də bəs edər ki, onların hansı səviyyəyə malik olduğu, hansı məqsədlər uğrunda yaşadıqlarına əmin olasan.

Savash.org olaraq haqqında kifayət qədər şikayət olunan, mediada daha çox tənqid olunan icra başçılarını oxucularımıza tanıtmaq qərarına gəlmişik. İlk olaraq, Ağdamın icra başçısı Raqub Məmmədovdan başlamaq qərarına gəldik. Çünki adam kifayət qədər “orijinal” biridi, mətbuatda haqqında yazılanlar isə onu sözün əsl mənasında lətifələr qəhramanına çevirib. Elə bu yazımızda da bu günə qədər ölkə mətbuatında Raqub Məmmədov haqda dərc olunmuş məqalələrdən çıxarışları diqqətinizə çatdırırıq. Beləliklə...

Raqub Məmmədov kimdir:komsomaldan MTN-ə gedən yol

Məlumat üçün bildirək ki, Məmmədov Raqub Allahverdi oğlu 1961-ci il avqust ayının 9-da Ağdam rayonu Xıdırlı kəndində anadan olub. Xıdırlı kənd orta məktəbində oxuyub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub. Ali təhsilini başa vurduqdan sonra 1983-1986-cı illərdə Ağdam Rayon “İnqilab” üzümçülük sovxozunda mühəndis kimi fəaliyyət göstərib. 1986-1987-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Ağdam Rayon Komitəsində İkinci katib, 1987-1991-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində Birinci katib, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində çalışıb. 1993-2014-çü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanında xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 3 övladı , 2 nəvəsi var

Bütün bunlar rəsmi tərcümeyi haldır və bu rəsmi xəbərdə olan boşluqları, məsələn aqrar məsələlər üzrə mütəxəssis komsomolçunun birdən birə MTN strukturuna necə yol tapması ilə bağlı araşdırmalar aparıb diqqətinizə çatdıracayıq.

Tərtər MTN-də bacarıqsızlıq: Ağdam RİH-ə təyinat

Son günlər yayılan xəbərlər Raqub Məmmədovun əslində uğursuz çekist fəaliyyətinə görə Tərtər rayonundan kənarlaşdırıldığını göstərir. Özü də söhbət adi uğursuzluqdan yox, cəbhə rayonu olan bir məkanda milli təhlükəsizliyə cavabdeh olan şəxsin məsuliyyətsizliyindən gedir.

Qeyd edək ki, Tərtər rayonundan son illərdə çoxlu sayda sakin Suriyaya gedərək radikal qruplara qoşulub. Mətbuatın yazdığına görə, son 3 ildə rayondan bir neçə nəfər Suriyada gedən döyüşlərdə öldürülüb, yaxud da yaralanaraq Türkiyəyə aparılıb. Hazırda Suriyada gedən döyüşlərdə onlarla rayon sakininin olduğu güman edilir.

Xatırladaq ki, Tərtərdə vahabi və ümumiyyətlə radikal dini qruplaşmaların aktivləşmsə son illərə təsadüf edir və bu illər Raqub Məmmədovun rayonda MTN-ə rəhbərlik etdiyi dövrə təsadüf edir. Biz çekist-polkovnikin hansısa cərəyana bağlı olduğunu iddia etmirik, amma cəbhə xəttində-erməninin ağzının içində vəhhabilərlə bağlı lazımı tədbirlər görülməməsinə ən azı BACARIQSIZLIQ qiyməti vermək olar.

… Və həmin bu bacarıqsız kadr başqa bir cəbhə xəttində olan rayona rəhbər göndərildi və elə ilk aylar göstərdi ki, adam yerində olmayan adamdır. (cumhuriyyet.az)

Falçı, falıma bir də bax...

Raqub Məmmədovun həftədə iki-üç dəfə falçıları öz kabinetində qəbul etməsi ağdamlılar arasında lətifəyə çevrilib. Adamlar sadəcə bir başçının falçılara bu qədər aludə olmasını gülüş hədəfinə çevirirlər.

Saytımıza Ağdamdan daxil olan məlumata əsasən əvvəllərdə falçılara ciddi maraq bəsləyən Raqub Məmmədov MTN-də həyata keçirilən həbslərdən və kadr islahatlarından sonra hər bir addımını falçılarla məsləhələşərək atır. Mənbənin iddiasına görə Raqub Məmmədov həftədə iki-üç dəfə İcra Hakimiyyətində falçılarla görüşür. Quzanlıdan, Bərdədən, Xındırıstandan və digər yerlərdən olan müxtəlif falçılara (onların arasında kişilər və qadınlar da var), Prezident Adminstrasiyasında çalışan müxtəlif vəzifə sahiblərinin «dilini-ağzını bağlatdırır».

Mənbənin iddia etdiyinə görə Raqub Məmmədovun «dilini-ağzını bağlatdırdığı» məmurlar arasında PA-nın bir neçə yüksək vəzifəli şəxsləri, bölgə kuratoru var. İcra başçısının ən çox «dilini-ağzını bağlatdırdığı» məmurlardan biri isə Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevdir.

Mənbə bildirir ki, artıq Raqub Məmmədovun həftədə iki-üç dəfə falçıları öz kabinetində qəbul etməsi ağdamlılar arasında lətifəyə çevrilib. Adamlar sadəcə bir başçının falçılara bu qədər aludə olmasını gülüş hədəfinə çevirirlər. Qeyd edək ki, uzun müddət xüsusi xidmət orqanlarında xidmət keçmiş Raqub Məmmədovun falçılara inanması və onlara vəzifəli şəxslərin «dilini-ağzını bağlatdırması» çox gülünc və acınacaqlı görünür. Bu həm də ağlamalıdır. Ağlamalıdır ki, bizi idarə edənlər dələduz falçılar tərəfindən idarə olunur.

Onu da xatırladaq ki, Azərbaycanda falçılıq rəsmən qadağan olunub. (Azfakt.com)

Oğlunun öhdəsindən gələ bilmir…

Bir müddət əvvəl Adamın icra başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədzadənin cəbhə xəttində-səngərdə çəkdirdiyi fotolar yayılmışdı. Bayram günlərində yeni ili əsgərlərlə bir yerdə keçirdiyini əks etdirən fotolara isə tez bir zamanda Müdafiə Nazirliyi tərəfindən reaksiya gəldi.

Özünü «vətənpərvər» kimi təqdim etməyə çalışan icra başçısının oğlunun isə əsl həqiqətdə cəbhə xəttində deyil, ehtiyatda olan təlim mərkəzində olduğu anlaşıldı.

Bu hadisədən əvvəl Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən cəbhə xəttində foto və videoçəkilişlərin aparılması qadağan edilirdi. Hətta cəbhəyanı rayonların rəsmiləri də oraya ezam olunmuş jurnalistlərə çəkiliş aparmalarını qadağan edərək, bunun sərəncamla tənzimlədiyini dəfələrlə bildiriblər. Elə Ağdamın icra başçısı Raqub Məmmədov da həmçinin…

Lakin icra başçısının oğlunun belə bir addım atması atası üçün heç də xoş olmayıb. Məlum olub ki, Raqub Məmmədov bu məsələ ilə bağlı ciddi şəkildə tənbeh edilib. Ondan tələb olunub ki, Prezidentin sərəncamlarına əməl etsin və oğlunun özünü bu cür «vətənpərvər» kimi göstərmələrinə əngəl olsun. Əks təqdirdə, yeni təyinat almasına baxmayaraq, işdən çıxarılması mümkün ola bilər. (Jam.az)

Ağdamdakı tikinti işlərini xalası oğluna tapşırıb…

Ağdam icra başçısı rayondakı abadlıq işlərini tələbə yoldaşı ilə xalası oğluna həvalə edib. Ağdamdan daxil olan məlumata görə rayonda “təkrar” abadlıq işlərinə başlayana icra başçısı bu işləri öz yaxın adamlarına həvalə edir. Bildirilir ki, icra başçısı Raqub Məmmədov rayondakı təmir-tikinti, abadlıq-quruculuq işlərini tələbə yoldaşı Tahir Əliyev və Xıdırlı kəndindən olan xalası oğlu Adil adlı şəxsin şirkətlərinə verir.

Tahir Əliyevlə bağlı məlumatda bildirilir ki, bu "kiçik iş adamı" keçmiş icra başçısı Nizami Sadıqovun dövründən rayondakı abadlıq tikinti işləri ilə məşğul olurdu: "Tahir Əliyev Nizami Sadıqovun dövründə o qədərdə böyük tenderlərin qalibi ola bilmirdi. İndi yeni icra başçısı Raqub Məmmədovun sayəsində dəyəri yüz min manatlarla ölçülən iri layihələr həyata keçirtməyə başlayıb. “Ağdam-1” MMC, “Ayaz-A” MMC, “Quzanlı-1” MMC, “Aysu-2007” MMC, “Tikinti-2011” MMC və digər onlarla kiçik müəssisələr Tahir Əliyevə məxsusdur. Nizami Sadıqovun dövründə olduğu kimi, yenə də köhnə ampulasındadır. O görüdüyü işlər üçün ayrılan vəsaitin 50 faizini yeni icra başçısı, tələbə yoldaşı Raqub Məmmədova verdiyi deyilir. Raqub Məmmədovun Ağdam rayonuna icra başçısı təyinatından sonra həyata keçirilən bütün abadlıq tikinti işləri məhz Tahir Əliyevin şirkətləri vasitəsi ilə həyata keçirilir. Həmin abadlıq işlərində isə Tahir Əliyevlə Raqub Məmmədovun yaxşı qazanc əldə etdikləri bildirilir".

Raqub Məmmədov Tahir Əliyevlə “sıcaq quruculuq” münasibətlərinə görə onun qardaşını bu yaxınlarda Alıbəyli 2 kənd qəsəbəsin icra nümayəndəsi təyin edib. İcra başçısı xalası oğlu Adili də rayondakı tikinti işlərinə qoşmaqla bütün məmurların “istəyini” ürəyində qoyub. Çünki dövlət büdcəsindən axan pul seli məhz xalası oğlu Adilin və tələbə yoldaşı Tahir Əliyevin 10 manatlıq müəssisələrinə axır. Pulların yarısından çoxu isə 10 manatlıq müəssisələrdən icra başçısının cibinə girir. (azfakt.com)

Qeyd: Bu faktlar müxtəlif zamanlarda ayrı-ayrı saytlarda Ağdam RİH başçısı Raqub Məmmədovun “parlaq fəaliyyəti”ni əks etdirən məqalələrdən seçmələrdir. Amma nə qədər ki, Raqub Məmmədov Ağdamın icra başçısıdır, bu faktlar siyahısına yenilərinin əlavə olunacağı şübhəsizdir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.