Gəncə Dövlət Universitetində (GDU) qış smesterinə hazırlıq «yüksək» səviyyədə həyata keçirilir. Redaksiyamiza verilən məlumata görə, sözügedən ali məktəbin müəllimindən dekanına qədər, hamısı xüsusi hazırlıq içindədir və ilkin qiymətlər belə açıqlanıb.
Məlumatda vurğulanır ki, rektor Yusif Yusifovun başçılığı ilə həyata keçirilən prosesin tək məqsədi tələbələri hər il olduğu kimi, bu dəfə jə imtahan və zaçota görə talamaqdır. Ötən il bir imtahanın qiymətini 100 manata qaldıran müəllimlərin, bu il hansı rəqəmlərdən istifadə edəcəyi hələlik məlum deyil. Lakin gələn xəbərlərdən belə başa düşülür ki, yeni «qiymət cədvəli» dekabrın 25-dən gec olmayaraq tələbələrə açıqlanacaq.
Redaksiyamiza daxil olan məlumatlarda qeyd edilir ki, hazırda əsas diqqət tələbələrin qayıb məsələsinə yönəlib. Belə ki, imtahan öncəsi əsas gəlir yeri olan tələbələrin dərsə dəvamiyyəti, bu il də dəbdədir. İddia olunur ki, dekanlar özlərinə yaxın müəllimlərlə birlikdə hərəkət edərək, bir neçə saat əlavə dərs buraxmış tələbələri çağıraraq, onları hazırlıqlı olmağa çağırırlar. Və ya «anlaşma» şərtlərini açıqlayırlar.
Xəbərlərdə o da vurğulanır ki, universitet rəhbərliyinə bununla bağlı tələbələrin etdiyi şikayətlərə isə baxan yoxdur. Rektor Yusif Yusifovun qəbuluna düşmək isə özü bir dəhşətli hadisədir.
Qarşı tərəfi dinləməyə hazırıq.