Səhiyyədəki milyonların hara getdiyini araşdırın
Hələ də aparıcı mövzu hökumətin “cərimə islahatları” ilə bağlıdır. Ona görə də mövzu ətrafında gəzişməni davam etdiririk. Başverənlərin konkret tərifi budur ki, hökumət real islahat əvəzinə, kasıb əhalinin cibinə girmək qərarı verib. Amma cəmiyyətə verilən mesaj budur ki, cərimələrin artırılması ölkənin maraqlarına xidmət edir. Biz də hökumətin bu “arqument”indən yapışıb, ölkənin xilasını harada axtarmaq lazım olduğunu göstəririk. Ötən yazılarımızda da qeyd etmişdik ki, büdcəni doldurmaq üçün pulu vətəndaşın cibində yox, məmurların israfçılığında, gömrükdəki, vergidəki qeyri-rəsmi ödənişlərdə, xidməti avtomobillərin ləğvində, lazımsız layihələrin dayandırılmasında axtarmaq lazımdır.
Bu dəfə də hökumətimizə növbəti ünvanı göstərmək istəyirik. Bildiyiniz kimi bu gün vətəndaşların ən çox narazılıq etdiyi sahələrdən biri də səhiyyədir. Hansı xəstəxanaya daxil olsan, insan kütləsi ilə qarşılaşırsan. Bu da sirr deyil ki, bütün dövlət xəsətxanalarında istənilən xidmət pulludur. Deməli, qanunla pulsuz olan xidmətlər qanusuz olaraq pulludur. Bu isə o deməkdir ki, bu sahədəki milyardlar büdcədən kənarda qalır.
Məsələn, 2014-cü ildə ölkədə 170500 uşaq dünyaya gəlib. Əgər ən aşağı doğuş qiymətini 500 manatdan hesablasaq, bu təxminən 85 milyon manat edir. Amma pul gələn mənbələr doğuşla da məhdudlaşmır. Bütün analizlər, rentgen, UZI, Tomoqrafiya pulludur. 700 manatdan ucuz əməliyyat yoxdur.
Üstəlik, bu il ölkəyə 240 milyon manatlıq dərman idxal olunub və Səhiyyə Nazirliyi 126 milyon manatlıq dərman alıb. Deməli, ölkəyə idxal olunan dərmanın yarısını Səhiyyə Nazirliyi alıb və bu dərmanlar xəstələrə pulsuz verilməlidi. Amma reallıq budur ki, dövlət xəstəxanalarında xəstənin palataya köçürülməsi də pul deməkdir.
Bütün bunları yazmaqda məqsədimiz budur ki, səs-küy salan vətəndaşı cərimələyib qəpik-quruş dalınca düşən hökumət, Səhiyyə sistemindəki milyonların hara getdiyini nəzarətə götürsün. Sirr deyil ki, hər ay neçə nəfərin əməliyyat olundğu, neçə nəfərin UZI-dən keçdiyi, neçə nəfərin dünyaya uşaq gətirdiyi qeydə alınır və bu nəticələr yuxarılara da məlumdur. Həm də bu elə məsələdir ki, hamını əhatə edir. Hər bir ailə həkimə müraciət edir, müayinədən keçir, analiz verir və.s Deməli, hər bir vətəndaş xəstəxanalarda hansı vəziyyətin hökm sürdüyünü dəqiq bilir. Faktiki olaraq xəstələr soyğunçuluğun qurbanı olur. Məsələn, dövlət xəstəxanası hesab edilən Onkologiya mərkəzində xəstəni palataya yerləşdirməyə də görə də pul alırlar. Yaxud, biopsiya analizinin qiyməti 70-80 manat atrafında dəyişir.
Deməli, səhiyyə sistemində ciddi araşdırma aparılsa büdcəyə kifayət qədər töhfə vermək olar. Amma belə məqamlara müdrik hökumətimiz diqqət ayırmır. Çünki, səhiyyəyə bizim dediyimiz kimi diqqətin olması, yuxarıdakıların cibinə ziyandır.
Birdə ki, hökumət öz cibindən kəsməklə problemi həll etmək istəsəydi, offşordakı milyardları ölkəyə qaytarardılar.
Bir sözlə, biz hökumətə növbəti bir ünvanı və cəriməni harada tətbiq etmək lazım olduğunu göstərdik.
Növbəti yazılarımızda digər sahələrdəki “pul bulaqları”nı da göstərəcəyik.
Akif