ABŞ-ın sanksiya hazırlığı iqtidarı şoka salıb; MM-də isterik müzakirə

19-12-2015, 09:26   
ABŞ-ın sanksiya hazırlığı iqtidarı şoka salıb; MM-də isterik müzakirə
Hakimiyyət mərkəzdənqaçma meyllərinin güclənə biləcəyindən təşvişə düşüb; Oqtay Əsədov layihədən danışarkən özünü gülünc vəziyyətə saldı

ABŞ-ın Helsinki Komissiyasının Azərbaycan hakimiyyətinə sanksiyalar tətbiq edilməsi ilə bağlı hazırladığı “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi rəsmi Bakıda şok effekti yaradıb.

Qeyd edək ki, layihədə Azərbaycan hakimiyyətində təmsil olunan məmurlara viza qadağası, onların bank hesablarının dondurulması, xaricdəki əmlaklarına həbs qoyulması, ölkəyə edilən yardımların dayandırılması, ümumiyyətlə, Bakı ilə siyasi və iqtisadi əməkdaşlığın dayandırılması və s. bu kimi sərt cəza tədbirləri nəzərdə tutulur.


“Azadlıq”a daxil olan məlumata görə, hazırda iqtidar komandası təlaş içindədir. Hakimiyyət ideoloqları isə layihənin mərkəzdənqaçma meyllərini daha da gücləndirəcəyindən narahatdır. Hər halda illərlə qanunsuz əməllər törədib sərvət toplayan və əldə etdikləri milyonları Avropa banklarına yatıran, orada daşınmaz əmlaklar alan məmurlar bir anın içində var-dövlətlərini itirməklə razılaşmaları inandırıcı görünmür.

Iqtidarın məsələyə sərt reaksiyası da bu narahatlığın təzahürüdür. Milli Məclisin dünənki iclasında da əsas müzakirə mövzusu məhz bu olub. Deputat Sahib Alıyev bildirib ki, Azərbaycanla Amerika arasındakı müttəfiqlik münasibətləri var: “Bu təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda proseslərə də töhfəsini verir. Amma təəssüflər olsun ki, bu münasibətlərə kölgə salınan addımlar atılır”.

Spiker Oqtay Əsədov isə ictimai rəyi çaşdırmağa çalışıb. O, iddia edib ki, ermənilərin radikal diaspor rəhbərlərindən biri olan Aram Hamparyan “Tvitter” səhifəsində yazıb ki, onun işini dəstəkləmək üçün Kris Smitlə görüşlər keçirib: “Smit vaxtilə Demokratlar Partiyasının, Respublikaçılar partiyasının üzvü olub. Indi isə o erməni diaspora partiyasının üzvüdür. Bunu media şok, şok deyə təqdim edir. Burda şok nə var ki? Təssəvvür edin ki, biz bir komissiya yaratmışıq. Kimsə də belə bir çıxış edib. O adi deputatdır. Bu il 31 dekabrda əfv fərmanı olacaq. Bununla onlar qəsdən istəyirlər ki, əfv fərmanına kimsə düşməsin. Bundan sonra Azərbaycana qarşı istifadə etmək niyyətləri var. Amma biz onların niyyətləri ilə iş görmürük. Amerika səfiri jurnalistlərə açıqlama versin ki, bu bəyanat Amerika dövlətinin mövqeyidirmi, yoxsa hansısa adi bir konqresmenin mövqeyidirmi?”.

Göründüyü kimi Oqtay Əsədov layihəni ermənilərə bağlamaq istəyir. Halbuki bu layihənin hazırlanmasında 9 senator, 9 konqersmen, 1 nəfər Dövlət Departamentini, 1 nəfər isə Pentaqonun nümayəndəsi iştirak edib. Digər tərəfdən Oqtay Əsədov qanunverici orqanının rəhbəri olsa da, hələ bəyanatla, qanun layihəsinin fərqini bilmir. Spikerin diqqətinə çatdırırıq ki, Helsinki Komissiyasının hazırladığı sənəd bəyanat yox, qanun layihəsidir. Digər tərəfdən Oqtay Əsədov deyəsən bilmir ki, Amerika Konqressi Milli Məclisdən fərqli olaraq xalqın iradəsini təmsil edən ali orqandır, parlamentdir. Orada səfirliklərin mövqeyini parlament müəyyənləşdirir. Parlamentin mövqeyi ilə bağlı səfirlikdən izahat istəmək gülüncdür.

ABŞ səfirliyinin Oqtay Əsədova cavabı da təxminən belədir. Səfirlikdən modern.az-a verilən cavabda qeyd olunub: “Biz qanun lahiyələrinə dair şərh vermirik”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə layihədən danışarkən əfv fərmanlarına diqqət çəkib: “Belə bir qanun layihəsi ilə çıxış etməklə Azərbaycanı təxribata çəkmək istəyirlər. Ayın 16-da Kristofor Smit çıxışında dedi ki, bu gün Avropa Şurasının baş katibi Tomas Yaqland Azərbaycana araşdırıcı komissiya göndərmək barədə qərar qəbul edib və biz onunla əlbir işləməliyik. Bu onu göstərir ki, bu qanun layihəsi də əvvəlcədən planlaşdırılıb. Layihə kontekstdən çıxarılmış Azərbaycana qarşı birgə təxribat əməlidir. Bizə qarşı təpkilər çox olacaq. Bizdən kəskin, düzgün olmayan reaksiyalar verməyimizi istəyirlər. Ancaq onu da bilmək lazımdır ki, bu qrup adamın mövqeyidir”.

Deputat Zahid Oruc isə deyib ki, hakimiyyət ABŞ-la bütün hallarda işləməlidir: “ABŞ Konqresində Azərbaycanla dost olan konqresmenlər varmı? Əlbəttə var. Bir dəfə də onlar bizə uyğun akt hazırlayıblarmı? Ona görə biz Amerika ilə işi gücləndirməliyik”.

Oqtay Əsədov isə bununla razılaşmayıb. Spiker qeyd edib ki, onsuz da Amerika ilə iş aparılır: “Eyni zamanda bilmək lazımdır ki, orada erməni diasporasının tarixi nə vaxtdan başlayır, Azərbaycan diasporasının tarixi nə vaxtdan? 2007- ci ildə Konqresdə məsələ müzakirə olunarkən biz 210 səs əldə etdik. Cəmi 15 səs çatmadı. Bu göstərici deyilmi? Amma siz hər şeyin birdən-birə olmasını istəyirsiniz”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.