Türkiyə və İsrail tarixi anlaşma ərəfəsində – Moskva, Tehran və İrəvan təlaşda

19-12-2015, 09:35   
Türkiyə və İsrail tarixi anlaşma ərəfəsində – Moskva, Tehran və İrəvan təlaşda
Səfirlər geri qayıdır; münasibətlərin tam həcmdə bərpası üçün “yol xəritəsi” də hazırlanıb; Ankara-Təl-Əviv-Bakı geosiyasi güc vektoru yeni məzmun qazana bilər, əgər...
Türkiyə və İsrail hökumətləri diplomatik əlaqələrin bərpasına dair ilkin anlaşma əldə edib. Bu haqda ilk olaraq məlumat yayan “Reuters” agentliyi tərəflərin səfirlərin geri qayıtması ilə bağlı razılaşdığını da xəbər verib. Məlumatlara görə, anlaşma İsveçrədə aparılan danışıqlar çərçivəsində baş tutub.

Yada salaq ki, iki ölkə arasında diplomatik münasibətlər 2010-cu ildə Türkiyənin Qəzzaya humanitar yük aparan “Mavi Mərmərə” gəmisinə İsrail xüsusi təyinatlılarının hücumu nəticəsində ən aşağı səviyyəyə endirilmişdi. Hücum zamanı 9 Türkiyə vətəndaşı öldürülmüşdü.

İnsidentə görə rəsmi Təl-Əviv sonradan Ankaradan üzr istəsə də, ölənlərin ailələrinə təzminat ödənməsi və bəzi başqa məsələlərə dair tərəflər uzun müddət idi ki, razılığa gələ bilmirdilər. O üzdən də münasibətlər faktiki surətdə dondurulmuş şəkildə qalmaqda idi.
Lakin Rusiyanın “Su-24" təyyarəsinin vurulmasından sonra bölgədə situasiya xeyli dəyişdi və iki mühüm ölkənin - keçmiş strateji müttəfiqlərin yaxınlaşması və anlaşması üçün və onların hər ikisinin faydasına olacaq unikal tarixi fürsət yatandı. Belə görünür, Ankara və Təl-Əviv fürsəti qaçırmamaqda israrlıdır.



***
Bu xüsusda Türkiyə mətbuatı razılaşmanın bəzi detalları açıqlayıb. Bildirilir ki, iki ölkə arasında münasibətlərin tam həcmdə normallaşdırılması üçün heyətlər İsveçrədə bir araya gəlib. İsrail mətbuatı 5 maddəlik bir “yol xəritəsi” qəbul edildiyini də yazıb. Türkiyə tərəfi isə hələlik qəti razılığın olmadığını bəyan edir. İsrailin “Haaretz” nəşrinin yazdığına görə, Sürixdə keçirilən görüşdə hələlik bəzi detallar üzərində iş davam edir. “Yol xəritəsi”ndə isə aşağıdakı maddələr yer alıb:



1. İsrail “Mavi Mərməra”da zərərçəkənlərə və qurbanlara görə 20 milyon dollarlıq təzminat fondu yaradacaq.

2. Türkiyə və İsrail qarşılıqlı olaraq səfir təyin edəcək.

3. “Mavi mərmərə” hücumu ilə bağlı İsrail hərbçilərinə qarşı qaldırılan məhkəmə dayandırılacaq.

4. Türkiyə “Həmas” lideri Salih əl-Aruriyi deportasiya edəcək və təşkilatın Türkiyədəki fəaliyyəti məhdudlaşdırılacaq.



5. Türkiyə və İsrail təbii qaz sahəsində işbirliyinə gedəcək. Türkiyə İsraildən təbii qaz alacaq. İsrail Türkiyədə inşa ediləcək boru xətti ilə Avropaya qaz nəql edəcək.

***
Türkiyə ilə İsrail arasında yaxınlaşma istiqamətində son vaxtlar intensiv danışıqların getdiyi barədə bir neçə nüfuzlu mənbə xəbərlər yaymaqda idi. İsrailin baş naziri Benyamin Netanyahu isə bütün bunların fonunda iki ölkə arasında qaz xəttinin inşası ilə bağlı razılıq əldə oluna biləcəyini söyləmişdi. O, bu məqsədlə rəsmi Ankara ilə danışıqlar aparıldığını da vurğulamışdı.

Belə bir boru xəttinin inşası və Türkiyəyə qaz satışının reallaşması 5 ildir gündəmdə olsa da, iki ölkə arasında yaşanan məlum olay layihənin donmasına səbəb olmuşdu. Netanyahunun son açıqlaması və Ankaranın Rusiyadan 55 faizlik qaz asılılığını azaltmaq yönündə hərəkətə keçməsi ümid yaradırdı ki, proses yerindən tərpənəcək. Axı, söhbət 10 milyard kubmetr qazdan gedir. Bu isə Türkiyənin Rusiyadan idxal etdiyi 30 milyard kubmetr qazın 1/3 deməkdir.



“Türkiyə-İsrail münasibətlərinin normallaşması Ankaraya Rusiyadan enerji asılılığını azaltmaq üçün bu ölkədən təbii qaz almağa imkan verəcək”. Bunu “Bloomberg” agentliyinə Türkiyə hökumətindəki iki məlumatlı qaynaq bildirmişdi. Məlumatlara görə, bundan başqa, Türkiyə Kipr adasının birləşməsinə də tərəfdardır və bunun üçün həm türk, həm də yunan icması ilə danışıqlar aparır. Ona görə ki, perspektivdə həm İsraildən, həm də Kiprdən təbii qaz idxalı Türkiyənin öz mənbələrini müxtəlifləşdirməsi və Şərqlə Qərb arasında əsas tranzit məntəqəsinə çevrilməsinə şərait yaradacaq.
***
Beləliklə, bölgədə İran, Rusiya və Ermənistanı qətiyyən məmnun etməyəcək yeni İsrail-Türkiyə və üstəgəl, Azərbaycan güc vektoru ortaya çıxmaqdadır. Doğrudur, “Yol xəritəsi” bütün bəndlərinin hələ razılaşdırılmadığı deyilir. Lakin artıq “buz yerindən tərpənib” və böyük ehtimalla, proseslər geridönməz xarakter alacaq.



Proses isə Azərbaycanın da köklü maraqlarına uyğundur. Birincisi, bizim milli təhlükəsizlik maraqlarımız diktə edir ki, Türkiyə harada, Azərbaycan da orda olsun. İkincisi, İsrail Bakı-Ceyhan xəttindən neft alır və ölkəmizdən ötrü önəmli silah satıcısıdır, o sırada iki ölkə arasında hərbi-texnoloji əməkdaşlığın digər sahələrində ciddi əlaqələr mövcuddur.
Üçüncüsü, beynəlxalq yəhudi lobbisi Dağlıq Qarabağ məsələsinin ədalətli həllində, saxta soyqırım iddialarının dünyanın gündəmindən çıxarılmasında Bakı və Ankaraya sanballı dəstək vermək, erməni diasporunun fəaliyyətini neytrallaşdırmaq gücündədir. Yeri gəlmişkən, Türkiyə ilə soyuq münasibətlərə rəğmən, bu il aprelin 24-də İsrail İrəvana nümayəndə heyəti göndərməmiş, o vaxtkı xarici işlər naziri Avidqor Liberman isə tarixdə erməni soyqırımının baş vermədiyini söyləyərək İrəvanı qəzəbləndirmişdi.

Nəhayət, köhnə-yeni geosiyasi vektorun güclənməsi bölgədə Rusiya-İran-Ermənistan vektorunun Azərbaycan və Türkiyə əleyhinə təhlükəli planlarına qarşı daha effektli immunitet yarada, çəkindirici amil ola bilər. Söhbət həm də təhlükəsizlik sahəsində qiymətli informasiya mübadiləsindən gedir.

Analitik xidmət
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.