Azərbaycan ABŞ-a nota verdi

19-12-2015, 10:44   
Azərbaycan ABŞ-a nota verdi

►Həmsədr “Artsaxın müstəqilliyinin ildönümü” adlı tədbirə qatılıb

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı Xarici İşlər Nazirliyinə dəvət edərək etiraz notası təqdim edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, notada ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri James Warlick-in dekabrın 9-da Vaşinqtonda Ermənistanın ABŞ-dakı səfirliyi, erməni lobbi təşkilatları və Konqresdə Ermənistan üzrə işçi qrupun təşkil etdiyi “Artsaxın müstəqilliyinin ildönümü” adlı qondarma tədbirə qatılması və tədbir çərçivəsində özünü Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Karen Mirzoyanla görüşünə etiraz bildirilir.

Notada qeyd edilir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı olan bu cür tədbirlərdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədrinin iştirakı Minsk qrupunun mandatına tamamilə ziddir və onun neytrallığı və qərəzsizliyinə kölgə salır. Notada daha sonra deyilir ki, bu cür addım kütləvi etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan Azərbaycanın ərazi bütövlüyünə qarşı gücdən istifadə nəticəsində yaranmış vəziyyətin tanınmaması barədə ABŞ-ın rəsmi siyasətinə ziddir.

Notoda daha sonra deyilir ki, ABŞ ərazisində qondarma rejimin “təmsilçi”lərinin ictimai kampaniyalar və digər fəaliyyətlərə qoşulmasına şərait yaradılması Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqların irəliləməsinə kömək etmir, əksinə onsuz da mürəkkəb olan prosesi daha da gərginləşdirir.

Səfiri Robert Sekuta notanı Dövlət Departamentinə çatdıracağını bildirib.

"Dağlıq Qarabağdakı bütün əhalinin səsini dinləmək lazımdır"

“Dağlıq Qarabağdakı de-fakto hakimiyyətlə bağlı ABŞ-ın siyasəti dəyişməz olaraq qalır. Biz Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edirik”.

Bunu isə APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlickin deyib.

O bildirib ki, münaqişənin hərtərəfli həllinin tərkib hissəsi olaraq işğal olunmuş torpaqlar qaytarılmalıdır: “Bura Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxildir. Ədalətli həll beynəlxalq hüquqa əsaslanmalıdır. BuraHelsinki Yekun Aktı və güc tətbiq etməmə və ya güc tətbiqi ilə hədələməmə, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipləri daxildir. Biz və Ermənistan da daxil olmaqla, heç bir ölkə Dağlıq Qarabağdakı rejimi tanımır. Amma buna baxmayaraq Minsk Qrupu həmsədrlərinin etdiyi kimi, Dağlıq Qarabağdakı bütün əhalisinin səsini dinləmək lazımdır - deyə o vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.