Ekspertləri dinləyəndə Qurbanovun bu bəyanatlarının boş sözlər, şəxsi imic formalaşdırmaq məqsədi daşıdığı aydın olur.
Neftin qiymətlərinin kəskin ucuzlaşması Azərbaycanın gəlirlərinin azalmasına gətirib çıxarıb.
Artıq gələn ilin ölkə üçün çətin olacağı, yeni maliyyə mənbələrinə ehtiyac yarandığı barədə bəyanatlar daha tez-tez səsləməyə başlayır.
Bu yöndə maraqlı bir məqam isə odur ki, bəzi dövlət qurumları, nazirliklər büdcə gəlirlərinin artırılması, iqtisadiyyatın inkişafı üçün təkliflərlə çıxış edir, ölkənin daha çox pul qazanması üçün variantlar ortaya atır.
Lakin hər dəfə olduğu kimi, ölkənin bu çətin vəziyyətində dövləti yox, şəxsi maraqları, imicini düşünən şəxslər də tapılır.
Bir müddət əvvəl “Azərbaycan Dəmir Yolları”nın rəhbəri gətirilən Cavid Qurbanov bu yöndə ən çox bəyanatlar verən şəxslərdən birincisidir.
O, öz çıxışlarında tezliklə işə salınacaq Bakı-Tbilisi-Qars layihəsinin Azərbaycana milyardlar qazandıracağını, dövlət büdcəsinə xeyli pul gətirəcəyini iddia edir, Çindən Avropaya yük daşımaqla Azərbaycanın daha da varlanacağı, neft amilinin artıq vacib olmayacağını söyləyir.
Kənardan baxanda 2-3 il əvvəl çəkdiyi yolları bu gün dağılan Cavid Qurbanovun (xatırladaq ki, o, əvvəllər “Azəryolservis”in şefi işləyib və ölkədəki bütün əsas yolların tikintisini həyata keçirib – milyardlarla pulun xərcləndiyi həmin yolların bugünkü vəziyyəti Qurbanovun işinə necə maraq göstərdiyini bir daha sübut edir) bəyanatları sadə azərbaycanlıların qəlbinə ümid istisi gətirir – insanlar neft erasının bitməsinə baxmayaraq, bundan sonra da yaxşı yaşaya biləcəklərini düşünməyə başlayırlar.
Lakin işi araşdıranda, ekspertləri dinləyəndə Qurbanovun bu bəyanatlarının boş sözlər, şəxsi imic formalaşdırmaq məqsədi daşıdığı aydın olur.
Gəlin eksperti dinləyək. Məşhur ekspert İlham Şaban yazıb ki, Azərbaycan bu dəmir yolu layihəsindən heç də Qurbanovun vəd etdiyi kimi 3-5 milyard dollar yox, cəmi-cümlətanı 300-400 milyon pul qazana biləcək.
“Tranzitdən gələn gəlirlər hesabına ölkəyə QIZIL dövr proqnoz edən ekspertlər (Cavid Qurbanovu nəzərdə tutur yəqin ki) çıxıblar. Heç bir rəqəm ortaya qoymasan Prezident Fərmanı ilə sadəcə özlərinə dividend qazanmaqla məşğuldurlar.
Əgər Azərbaycan ərazisindən il ərzində 20 mln ton tranzit yük keçərsə (bunun özü böyük rəqəmdir), və hər tonuna görə 20 dollar türklər demiş KARIMIZ olarsa, bu $400 mln gəlir deməkdir. Ancaq bu gəlirin istismar xərcləri, kapital xərcləri var axı. Demək, qazanc hardasa 300 mln ətrafında olar. Ancaq bu, dövlət büdcəsinin qazancı deyil. Büdcəyə ən yaxşı halda 50-60 mln vergi ödəməsi şəklində vəsait daxil ola bilər.
Başqa bir məsələ onunla bağlıdır ki, Azərbaycan QAPALI hövzədə yerləşən dövlətdir (indiyə qədər heç WTO üzvü də deyil) və bizim Xəzəryanı dövlətlərin də bir fərli-başlı infrastrukturu yoxdur. İçərilərində ən qabaqda gedəni elə bizik. Qazaxıstanda 1 yolu olan dəmiryolu mövcuddur. Onunla təbii ki, böyük həcmdə yükdaşımalar həyata keçirmək olar mümkün deyil.
Başqa bir tərəfdən, Çin 2020-ci ilədək birbaşa Pakistandan keçməklə Ərəbistan dənizi sahilinə dəmir yolu və avtomagistral çəkmək niyyətindədir. Bununla da o, Avropaya yükdaşımaların vaxtını çox qısaltmaq istəyir. Türkiyə isə həmin müddətə öz dəmir yolunu Səudiyyənin Qırmızı dəniz sahili ilə surət qatarı ilə birləşdirmək planını açıqlayıb. Yəni Dünyada daim rəqabət var, heç kəs oturub gözləmir ki, Azərbaycan 1996-cı ildə ortaya qoyduğu Hacıqabul-Astara yolunu nə zaman təmir edəcək...”.
Elə nüfuzlu ekspertin bu sözlərini dinləmək kifayətdir ki, “Azərbaycan Dəmir Yolları” başçısının dövlət rəhbərliyini necə aldatmaq istəməsi ortaya çıxsın.
Sən demə mətbuata qaz vurub qazan doldurmaq, milyardlarla dollar gəlirdən danışan Qurbanovun bütün bu sözləri yalnız özünə xal qazandırmaq məqsədi daşıyır və camaatı, dövləti aldatmaqdan başqa bir şey deyil. Bu cür yalanlarla ölkə rəhbərliyinin diqqətini iqtisadiyyatın daha vacib sahələrindən yayındıran Qurbanovun hansı maraqlara xidmət etdiyini isə öyrənmək maraqlı olardı..
Maraqlar demişkən, elə bu gün mətbuata danışan baş dəmiryolçu qatarlara biletlərin qiymətlərinin ucuzluğundan şikayətlənib.
“Bununla belə, digər ölkələrlə müqayisədə bizim tariflər ucuzdur. Məsələn, Bakı-Sumqayıt xətti üzrə gediş haqqı 80 qəpik olduğu halda, Rusiyada eyni uzunluqda xətt üzrə gedişin qiyməti 6 dollar, Fransada isə təqribən 20 dollardır” – Qurbanov deyib.
Ölkə əhalisinin bu cür çətin vaxtında qiymət artımını ortaya atan bu adamın hansı maraqlara xidmət etdiyi elə buradan məlum olur – Qurbanov 100% Azərbaycan xalqını düşünmür, bu cür qiymət artımı söhbətlərini ortaya atmaqla əhalidə dövlətə qarşı qıcıq yaratması isə onun dövlət maraqlarını da düşünməməsini iddia etməyə əsas verir.
Yeri gəlmişkən, Qurbanovun təyinatından əvvəl nüfuzlu reytinq təşkilatlarının “BB+” reytinqi verdiyi “Azərbaycan Dəmir Yolları” bu insanın səriştəsiz rəhbərliyi altında – 1 ildən də az bir müddətdə öz nüfuzunu itirib. “Standard & Poor`s” reytinq təşkilatı ADY-nin reytinqini “BB-“ səviyyəsinə kimi endirib.
Bəs görəsən deputat, ADY sədri Qurbanov buna nə deyir?
“Bir dəstə reytinq agentliyi yığılıb, nə gəldi yazırlar. Necə oldu ki, reytinq 6 ay öncə yüksək idi, indi aşağıdır? Bilmək olarmı, nə dəyişib ki, bunlar reytinqi aşağı salıb? Əlbəttə ki, bu, neqativdir. Amma nə edək? Çalışacağıq ki, düzəldək. Kim bizimlə əməkdaşlıq etmək istəyirsə, biz buna hazırıq. Mən bilmirəm ki, onlar niyə elə yazıb. Bizə müraciət etsinlər. Reytinq agentliyi necə bilə bilər ki, idarəetmədə qüsur var? Mən öz işimlə, yükdaşıma ilə məşğulam. Biz inkişaf etməyə çalışırıq. Gələcəkdə reytinq öz-özünə düzələcək”.
Danışığına qulaq asanda bu cür nitq qabiliyyəti olan bir adamın millətin vəkili, o böyüklükdə dövlət qurumunun rəhbəri olduğuna inanmaq çətindir.
Harınlamış məmur daha anlamır ki, “Standard & Poor`s” kimi dünya təşkilatları onun dövlət rəhbərliyinə danışdığı nağıllar, boş-boş sözlərinə deyil, gördüyü əməllərə görə qiymət verirlər.
Bu gün ADY-nin reytinqinin mənfiyə salınması isə Qurbanovun necə “iş bacaran”, “iş görən” olduğunu bir daha sübut edir.
Görünür ölkənin yol təsərrüratını darmadağın etmiş Cavid müəllimin hədəfində bu dəfə dəmir yollarını dağıtmaqdır. (gunxeber.com)