Məhkəmə hakimindən Əliyevə şikayət
Vətəndaş probleminin obyektiv araşdırılmasını istəyir
Bakının Yeni Günəşli qəsəbə sakini B.E (ad şərtidir) “Azadlıq”a məktub göndərib. Məktub dövlət başçısı Ilham Əliyevə ünvanlanıb. Şikayətçi yazır:
“Cənab prezident! Qonşuluğumuzda yaşayan Elməddin Kərimov 2013-cü ilin dekabr ayında 14 yaşlı qızımı aldadaraq ona zor tətbiq edib. 2014-cü ilin iyununa qədər bu adam qızımı məktəb yoldaşları arasında rüsvay edəcəyilə hədələyərək şantaj yoluyla susmağa vadar edib və cinsi təcavüz edib. Elməddin Kərimov 14 yaşlı qızıma qarşı Cinayət Məcəlləsinin 149.2.3 və 150.2.3-cü maddələriylə nəzərdə tutulmuş cinayət əməlləri törədib. Cinayət işinin istintaqı 1 il 2 ay müddətində Suraxanı rayon prokurorluğunda, polis idarəsində və Bakı şəhər Baş Polis Idarəsində, Bakı şəhər prokurorluğunda aparılıb. Məhkəmə Tibbi Ekspertizası Birliyinin direktoru Şakir Musayevin himayədardlığı ilə verilmiş yanlış rəylər əsasında ittihamdan Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi çıxarılıb. Cinayət işi Bakı şəhər prokurorluğunun müstənqi Cavid Abbasov tərəfindən Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi tövsif edilməklə yekunlaşdırılıb və məhkəməyə göndərilib. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eynulla Vəliyevin sədrliyilə baxılır. Işin məhkəmə istintaqı da birtərəfli və təqsirləndirilən şəxsə qarşı yumşaq davranışla, mənə və qızıma qərəzli, kobud rəftarla aparılır. Cinayət əməli ağır cinayət olmasına və maddənin sanksiyasında alternativsiz olaraq 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmasına baxmayaraq, təqsirləndirilən şəxs barəsində indiyə qədər həbs qətimkan tədbiri seçilməyib.
Məhkəməyə sədrlik edən Eynulla Vəliyevə, habelə məhkəmə tərkibinə dəfələrlə etiraz etməyimə baxmayaraq hakim və məhkəmə heyəti işə baxılmasından kənarlaşdırılmır. Etirazlarım Cinayət Məcəlləsinin 109.1-ci maddəsinə, heç bir məntiqə və sağlam düşüncəyə sığmayaraq baxılmamış saxlanır. Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova yazdığım şikayətlər də nəticəsiz qalıb.
Cənab prezident! Azyaşlı qızıma qarşı cinsi zorakılıq göstərilən bir ana olaraq məndə işə baxan məhkəmə tərkibinə etimadsızlıq yaranıbsa, işin bir məhkəmə tərkibindən alınaraq başqa məhkəmə tərkibinə tapşırılması nə üçün həlledilməz məsələyə çevrilib? Hakim Eynulla Vəliyevi bu işə baxmaqdan əl çəkməməyə hansı maraq vadar edir?
Hakim Eynulla Vəliyevin bu cinayət işinə baxmasından kənarlaşdırılması üçün, işin başqa məhkəmə tərkibinə tapşırılması, məhkəmə baxışının qərəzsiz, obyektiv, hərtərəfli, ədalətli və qanunlara əməl edilməklə aparılmasının təmin edilməsi üçün təsirli və təxirəsalınmaz tədbirlər görməyinizi xahiş edirəm.
24 noyabr 2015-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə müraciətimə nədənsə hakim Eynulla Vəliyevdən cavab məktubu almışam. Ərizəm şikayət etdiyim hakimə göndərilib və onun cavab məktubu məni təhdid xarakteri daşıyır. Məktubda bildirilir ki, şikayətimdə göstərdiklərimin hamısı cəfəngiyyat və şər-böhtandır. Hakim iş materiallarına istinad edərək hələ ibtidai istintaq dövründə iş aparan müstəntiqlərə, iş üzrə ifadə verən şahidlərə və ekspertlərə müxtəlif təsir və təzyiqlər göstərdiyimi, böhtan xarakterli ərizələrlə istintaqın gedişinə mane olduğunu bəyan edir. Eynulla Vəliyev yazır ki, məhkəmə iclasları zamanı ifadə verən şahidlərə və ekspertlərə təzyiq və təhqirlər etmişəm. Hakim cinayət işi üzrə ekspertizanın keçirilməsi barədə qərarın qəbul olunduğunu və məhkəmə iclasının qeyri-müəyyən vaxta qədər təxirə salındığını söyləyir. O məni intizama dəvət etdiyini bəyan edərək şər-böhtan xarakterli ərizə və məktublar yazmaqla işin gedişinə mane olmamağa səsləyir. Həmçinin, qadın və bir ana olmağıma hörmətlə yanaşmağımı məsləhət görür.
Göründüyü kimi, ərizəmə cavab olaraq yazılan məktub şikayət etdiyim orqandandır. Dövlət başçısı olaraq xahiş edirəm, düşdüyüm vəziyyəti nəzərə alıb, problemimin həll edilməsinə göstəriş verin”.
Sosial şöbə