İşğalçı Ermənistanın müttəfiqi İrandansa, qardaş Türkiyənin yanında yer almalı; təhlükəni öz evində gözləməkdənsə, ona qarşı getmək daha yaxşıdır...
“Azərbaycan və Tacikistan Səudiyyə Ərəbistanının rəhbərliyi altında İslam hərbi koalisiyasına daxil ola bilər”. Bu barədə beynəlxalq ərəbdilli qəzet olan “Aşarq əl-ausat” məlumat yayıb (APA). Yazıda bildirilir ki, ölkəmizin Ər-Riyaddakı səfiri Rasim Rzayev Bakının Səudiyyə Ərəbistanının təklifini nəzərdən keçirdiyini təsdiqləyib.
“Azərbaycan Ər-Riyadın terrorizmlə mübarizədə göstərdiyi səyləri dəstəkləyir və bu, bizim ölkənin maraqlarına uyğundur. Ona görə də biz islam hərbi koalisiyasına daxil olmaq təklifini nəzərdən keçiririk”, - deyə o bildirib. Qeyd olunur ki, Tacikistan prezidenti Emomali Rahmon yanvar ayında Səudiyyə Ərəbistanına səfər edəcək və kral Salmanla görüşəcək. Görüşdə tərəflər terrorizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı və Tacikistanın İslam hərbi koalisiyasında iştirakı perspektivini müzakirə edəcəklər.
***
Yada salaq ki, Səudiyyə Ərəbistanı dekabrın 15-də hərbi və ideoloji planda terrorizmlə mübarizə üçün islam koalisiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Koalisiyaya 34 ölkə daxil olub. 10-dan çox müsəlman ölkəsi isə koalisiyanı dəstəklədiyini bəyan edib. Onların arasında Azərbaycan da var.
Hələlik Bakı götür-qoydadır. Ancaq ötən saylarımızda vurğuladığımız kimi, iki strateji müttəfiqimiz - qardaş Türkiyə və Pakistanın da təmsil olunduğu alyansa qoşulmaq ölkəmizə qorxunc perspektivdən çox, əslində bir sıra önəmli üstünlüklər vəd edir. Bura ilk növbədə milli təhlükəsizliyimizin daha etibarlı qorunması yönündə əlavə imkanların (informasiya, kəşfiyyat məlumatları mübadiləsi və s.) açılması ilə yanaşı, Dağlıq Qarabağ məsələsində İslam dünyasının daha güclü dəstəyinə nail olmaq daxildir.
Doğrudur, Azərbaycanın İŞİD kimi terrorçu qrupların hədəfinə gəlmə ehtimalı artacaq. Lakin o da var ki, terror təşkilatı birdən-birə onlarla müsəlman ölkəsinə qarşı qisas aktı törətmək imkanında olmayacaq. Üstəlik, yeni koalisiyanın qurulması onun maliyyə imkanlarının ciddi şəkildə məhdudlaşmasına gətirəcək. Maliyyəsiz isə İŞİD təhlükəsi heç bir şeydir.
Ən önəmlisi, Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə öz layiqli töhfəsini verəcək və bunun yaxşı mənada qarşılığını alacaq. Başqa yandan, on illərdir erməni terrorundan əziyyət çəkən Azərbaycan Qarabağ məsələsində xristian dünyasında, Qərbdə də daha anlaşıqlı münasibətə tuş gələ bilər.
Koalisiyaya qoşulmağı zəruri edən daha bir mühüm detal: məntiq diktə edir ki, təhlükəni öz evində gözləməkdənsə, ona qarşı getmək, onu evindən uzaqlarda qarşılamaq daha doğrudur - hansı ki, bir çox ölkələr elə bu cür edir. Müxtəsəri, alyansa qoşulmağın gətirəcəyi üstünlüklər zərərlərlə müqayisədə qat-qat çox görünür.
Başqa sözlə, Azərbaycan koalisiyaya qoşulmazsa, o halda sadalanan yeni avantajlardan məhrum olacaq, üstəgəl, Qarabağ kimi problemi olan Azərbaycan haqda etibarsız tərəfdaş imici formalaşa bilər - bütün buradan çıxan arzuolunmaz nəticələrlə birgə. O zaman yeganə təsəllimiz alyansa qoşulmaqdan imtina eləmiş qonşu İranın - işğalçı Ermənistanın müttəfiqinin təqdirini qazanmaq olacaq. Dəyərmi?
***
Yeri gəlmişkən, İran erməni işğalı məsələsində olduğu kimi, İslam koalisiyası məsələsində də öz adındakı “İslam” sözünün mahiyyətinə zidd hərəkət eləməkdə, ümmətin deyil, öz dövlətinin maraqlarından çıxış eləməkdədir. Elə isə niyə Azərbaycan da öz köklü milli maraqlarını əsas götürməsin? Bir daha bu qənaətin altını cızaq ki, qardaş Türkiyə harda, biz də orda.
Milli maraqlardan söz düşmüşkən, əsla təsadüfi deyil ki, İran Türkiyənin İsraillə təzədən yaxınlaşmağa başlamasını artıq süngü ucunda qarşılayıb. Bununla bağlı İran XİN-in yaydığı açıqlamada Türkiyə “Qüdsü işğal edən rejimlə əlaqələr qurmaqda” ittiham olunur.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Sadıq Hüseyn Cabiri Ənsari bu xüsusda deyib: “İran üçün önəmlisi odur ki, müsəlman ölkələrinin siyasətində həm öz, həm də müsəlman xalqlarının mənafelərini nəzərə alsın. Xüsusilə bu, on illərdir İsrailin işğalına məruz qalmış məzlum Fələstin xalqının hüquqlarının bərpasına mənfi təsir göstərməsin. Türkiyə hökumətinin İsraillə əlaqələrin inkişafı istiqamətində yürütdüyü siyasət enişli-yoxuşlu olub. Son illər sionist rejimin ”Mərmərə" gəmisinə etdiyi hücumdan sonra Türkiyə hökuməti İsraillə əlaqələri dondursa da, bir çox sahələrdə əlaqələr davam etdirilirdi. Türkiyə qonşu ölkələrlə problemləri olduğu halda Qüdsü işğal edən bir rejimlə əlaqələr qurur. Ümid edirik ki, Türkiyə hökuməti öz qonşuları ilə bağlı elə siyasətlər yürüdəcək ki, bu, regionda mövcud olan problemlərin həlli üçün şərait yaradacaq".
***
Burda deyiblər, “Adımı sənə qoyum, səni də...” Heç də pis olmazdı ki, rəsmi Tehran başqalarının gözündə tük axtarmaq əvəzinə, öz gözündəki tiri görsün. “İran üçün önəmli olan odur ki, müsəlman ölkələrinin siyasətində həm öz, həm də müsəlman xalqlarının mənafelərini nəzərə alsınlar” - deyib, İran rəsmisi. Bəs müsəlman Azərbaycan xalqının 20 faiz ərazilərini işğal etmiş, 1 milyon Məhəmməd ümmətini öz yurd yerindən didərgin salmış Ermənistanla əlaqələr quran, onun üçün on illərdir “nəfəslik” rolu oynayan, indi də müsəlman koalisiyasına arxa çevirən ölkə hansıdır - Türkiyə, yoxsa “İran İslam Respublikası”?
Zahid SƏFƏROĞLU