Əli Əhmədovun əmisi oğlu istintaq altında ;YAP-ın icra katibinin əmisi oğlunun işi hazırda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılır; "Azərpoçt" MMC-nin direktor müavini olan bacısı oğlunu isə nazir əvəzi yoxlatdırır...
2013-cü il prezident seçkisindən sonra baş nazirin müavini təyin edilən Əli Əhmədov qohumları səbəbindən yenidən hədəfə gəlib. YAP-ın icra katibi kimi də fəaliyyət göstərən Ə.Əhmədovun əmisi oğlunun işi hazırda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılır.
“Yeni Müsavat”ın məlumatına görə, saxta sənədlərin düzəldilməsində və külli miqdarda mənimsəmədə ittiham olunan Aqil Oruc oğlu Əhmədov istintaq altındadır və yaxın günlərdə iş məhkəməyə göndəriləcək. Mənbəmizin xəbərində deyilir ki, A.Əhmədov tək deyil, bir neçə nəfərdən ibarət mütəşəkkil dəstə üzvləri istintaqa cəlb edilib. Bildirilir ki, ən yaxın qohumunun istintaqa cəlb edilməsi Ə.Əhmədovu xeyli məyus edib. Çünki iqtidardakı, həm də YAP-dakı rəqibləri bunu Ə.Əhmədova qarşı istifadə edirlər və bu məsələ yuxarılarda kifayət qədər narazılıq yaradıb.
Qeyd edək ki, bundan əvvəl mediada Əli Əhmədovun qardaşı İliç Əhmədovun da dələduzluqda ittiham olunması ilə bağlı xəbərlər yayılmışdı. Onun bir neçə nəfərdən torpaq sahəsi üçün pul aldığı, sonradan isə məsuliyyətdən yayındığı deyilirdi.
Ə.Əhmədovun daha bir yüksək vəzifə tutan qohumu da onun üçün ciddi başağrısına çevrilib. Söhbət “Azərpoçt” MMC-nin baş direktoru vəzifəsini icra edən Sübhan Kazımovdan gedir.
Sübhan Kazımov Ə.Əhmədovun bacısı oğludur. Məlumdur ki, MTN-dəki qalmaqallı həbslərdən sonra Rabitə Və Yüksək Texnologiyalar Nazirliyinin idarə və müəssisələrində də antikorrupsiya həbsləri başlayıb. Noyabrın 3-də “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Q. Bəybalayev barəsində 3 aylıq həbs- qətimkan tədbiri seçilib. İddialara görə, Əli Əhmədovun bacısı oğlunun yüksək posta gətirilməsinə səbəb sabiq nazir Əli Abbasov olub. S. Kazımov 2002-ci ildə “Azərpoçt” MMC-də texniki şöbənin rəisi olsa da, YAP Siyasi Şurasının üzvü Əli Abbasov nazir təyin olunduqdan (2014) az müddət sonra o, “Azərpoçt” MMC-nin baş direktor müavini olub. Poçt sahəsində çalışanlar deyirlər ki, “Azərpoçt”da baş vermiş qanunsuz əməllərdə bacı oğlunun da əli var. İddia olunur ki, baş direktorun tutulmasından sonra Ə.Əhmədov bacısı oğlunu direktor təyin etdirmək niyyətindədir. Amma rabitə və informasiya texnologiyalar naziri əvəzi Ramin Quluzadə S.Kazımovla işləməkdə o qədər də həvəsli deyil. Təsadüfi deyil ki, bir neçə gün əvvəl nazir əvəzi R.Quluzadə qəfil “Azərpoçt” MMC-yə gəlib və qurumun necə işlədiyini yoxlayıb.
Məlumata görə, bu cür qəfil reyd ondan xəbər verir ki, nazirliyin strukturuna daxil olan “Azərpoçtda” yoxlamalar və “təmizləmə” davam etdiriləcək. Ə.Əhmədov və bacısı oğlu isə bu prosesdən heç də uduşlu çıxmayacaq...
“Yeni Müsavat”