Milli Məclisin deputatı sensasion açıqlamalar verdi
Zahid Oruc: «Həbsdəkilər idarəçiliyin onlara bəlli olan sirlərini cəmiyyətə açacaqları şantajı ilə məhkəmə ətrafında böyük təzyiq mexanizmi qurublar»
İlham İsmayıl: «Belə çıxır ki, bu faktların ortaya çıxması, ölkənin talan edildiyinin bəlli olması üçün neft mütləq aşağı düşməli idi»
Iqtidaryönümlü deputat Zahid Oruc mətbuata açıqlamasında MTN işi və Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə bağlı maraqlı açıqlamalar verib. Açıqlamasında Z.Oruc bir sıra mühüm məqamlara toxunaraq əslində vurulan hakimiyyət kadrlarının əlində təhlükəli “kompromatların”, külli miqdarda vəsaitin olduğunu etiraf edib.
“Akula Akif”in seyfindəki mülkiyyət aktları dollar yükünü yüngülləşdirə bilər”
zahid-oruc
Z.Oruc bildirib ki, hazırkı devalvasiyanın böyük faizdə həyata keçirilməsi və manatın dollar qarşısında mövqeyini iki dəfə itirməsi təkcə xarici amillərlə deyil, daxili iqtisadi-maliyyə siyasəti ilə birbaşa bağlıdır. Z.Oruc vurğulayıb ki, Beynəlxalq Bank və Milli Təhlükəsizlik Nazirliyi xətti ilə ən azı 10 milyard manatdan artıq pul kütləsinin dövriyyədən və ölkədən çıxarılmasını bütün təhlillərin mərkəzinə qoymadan real mənzərəyə obyektiv qiymət vermək mümkün deyil. “Əksər hissəsinin offşor zonalarda olduğuna heç bir şübhə yeri qalmayan oğurluq pullar bir nəfər şəxsin deyil, ən azı iki hakimiyyət qurumunun dövlətə neçə böyük zərbə vura biləcəyini təsdiq edir. Əgər təkcə ”Akula Akif”in seyfindən çıxan onlarla mülkiyyət aktlarını – Ispaniyadan Baham adalarına qədər olan villaları pula çevirib dövlətə qaytarmaq mümkün olsa, Azərbaycanda dollar kreditçilərinin yükünü bir xeyli yüngülləşdirmək mümkün olardı”, deyə Z.Oruc qeyd edib.
“Oğurlanmış külli miqdarda vəsait bir əldən digərinə keçə bilər”
Z.Orucun növbəti fikri də maraq doğurur. Z.Oruc ona diqqət çəkib ki, MTN və Beynəlxalq Bankla bağlı iş ictimaiyyətə açıq keçirilməlidir. Deputat bunun səbəbini onunla izah edib ki, prosesin açıq keçirilməsi “vurulan” şəxslərin əlindəki vəsaitin başqa bir qruplaşmanın nəzarətinə keçməsinin qarşısını ala bilər: “Respublika Prokurorluğu və məhkəmə orqanları hazırda istintaqı aparılan böyük maliyyə cinayətlərinin və talan edilmiş dövlət vəsaitlərinin geri qaytarılmasını şəffaf qaydada, hamının gözü qarşısında həyata keçirməlidir. Yoxsa, oğurlanmış külli miqdarda vəsaitlərin bir əldən digərinə keçməsi millətə heç bir fayda gətirməyəcək. Cahangir Hacıyevin müdafiəsi üçün mediaya ardıcıl yeridilən məlumatların təhlili göstərir ki, hazırda devalvasiya şoku altında olan cəmiyyətdə özlərinə böyük dayaqlar tapmaq, hakimiyyətiçi qruplaşmaların qurbanı olduqları barədə saxta rəy formalaşdırmaq və özünü təmizə çıxarmaq üçün məxfi bir əməliyyat planı qurulub. Əgər belə davam etsə, Beynəlxalq Bankın sabiq rəhbəri növbəti ”siyasi məhbus siyahısı”nın başında gedəcək. MTN-in yüksək çinli generalları zərərsizləşdirilsə də onların bir zaman əhali üzərinə yeriyən media silahları ortada sabotajçı əməllərində qalmaqda davam edir. Sistemli bir şəkildə Maliyyə Nazirliyini hədəfə götürməklə, yaxud hakimiyyətin siyasi rəhbərliyindən aldıqları qərar hesabına yüz milyonlara dair sərəncam verdiklərini adamların gözünə üfürməklə və idarəçiliyin onlara bəlli olan sirlərini cəmiyyətə açacaqları şantacı ilə məhkəmə ətrafında böyük bir təzyiq mexanizmi qurulub. Hətta ideal sayıla biləcək bir ssenaridir”.
“Kompromat dalğası yenidən tirajlana bilər”
Z.Oruc son zamanlar bəzi media strukturlarının Maliyyə Nazirliyini hədəf seçməsini də təsadüfi qiymətləndirmir. Millət vəkili hesab edir ki, bir müddət sonra yüksək dövlət məmurları barəsində kompromat dalğası yenidən tirajlana bilər: “Yüz milyonları oğurla, sonra onun kiçik bir hissəsini mediadakı və daxili-xarici QHT-lərə xərclə, bununla da istənilən ağır cinayətin altından çıxmağa imkan qazanacaqsan. C.Haciyevin belə ideallaşdırılması və əhaliyə məqsədli şəkildə hazırkı iqtisadi sıxıntıların günahkar ünvanı kimi Maliyyə Nazirliyinin göstərilməsi Fərhad Əliyevin, Əli Insanovun mələkləşdirilməsi üçün həyata keçirilən təbliğat üsulu ilə eynidir. Sabah yüksək çinli məmurlar haqda kompromat dalğası yenidən tirajlansa (hərçənd Eldar Mahmudovun küfr yuvası söküləndən sonra proses xeyli səngiyib) bunu da əvvəlki xəttin davamı hesab edə bilərsiniz. Kürdəxanı siyasi oyun mərkəzinə çevrilməkdə davam edir. Hər gün yeni-yeni bəyanatlar hakimiyyət sisteminə müqavimətin məhz VIP məhbuslar tərəfindən həbsxanadan veriləcəyini deməyə imkan yaradır”.
“Ölkənin büdcəsinə belə təsir edə biləcək vəsaitlərin ölkədən çıxarılması faktlarının açılması üçün 11 il lazım deyildi”
Bəs, Z.Orucun açıqlamasını necə dəyərləndirmək olar? Verilən mühüm bəyanatlar hakimiyyət daxilində hansı proseslərin getdiyini deməyə əsas verir?
ilham-ismayil
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl hesab edir ki, ölkənin bütün problemlərinin MTN-in sabiq naziri və onun ətrafına yıxılması o qədər düzgün deyil: “Bəli, bu şəxslər qanunsuzluğa yol verib, quldurluq ediblər, ölkədən pul çıxarıblar. Amma səslənən rəqəmlər bir qədər şişirdilmişə bənzəyir. Istintaqın şəffaf aparılmasının vacibliyinə gəlincə isə, keçən həftə artıq bu fikrə kölgə düşdü. Ilqar Əliyev və onun kamera yoldaşının intihar etməsi faktı birmənalı qarşılanmadı. Həqiqətənmi bu addamlar bir-birinin ardınca intihar etdi? Hətta intihar etməsələr belə bu addım istintaqın şəffaflığına kölgə saldı. Ölkənin bütün problemlərini təkcə MTN dəstəsinin üstünə yıxmaq, bu bəlaların hamısının MTN-dən gəldyiini demək də düzgün deyil”.
I.Ismayıl onu da bildirdi ki, “Akula Akifin”in seyfindən çıxan onlarla mülkiyyət aktlarının yalnız bir adamın əli ilə edildiyi və təkcə E.Mahmudovun varlanması üçün istifadə edildiyi inandırıcı deyil: “Heç cür mümkün deyildi ki, bu barədə 11 il ərzində heç kimin məlumatı olmayaydı. Belə çıxır ki, bu faktların ortaya çıxması, ölkənin talan edildiyinin bəlli olması üçün neft mütləq aşağı düşməli idi. Ölkənin büdcəsinə belə təsir edə biləcək vəsaitlərin ölkədən çıxarılması faktlarının açılması üçün 11 il lazım deyildi”.