Türkiyə özünümüdafiə strategiyasını dəyişir; Ankara onun əleyhinə PKK və separatçılıq kartlarını işə salmaq istəyən Rusiyanı öz taktikası ilə vura bilər; iki regional güc arasında gərginlik üstəlik, gizli neft-qaz savaşına keçir...
Rusiyanın “Su-24" hərbi təyyarəsi ilə bağlı insidentdən sonra Moskva ilə Ankara arasında başlamış iqtisadi və əsəb savaşı növbəti mərhələyə girib. İnsidentə görə Ankaradan qisas ala bilməyən, NATO üzvü Türkiyə ilə hərbi qarşıdurmadan çəkinən, ticari embarqoların effektli olmayacağına əmin olan Kreml Türkiyəni indi də ”zəif yeri"ndən - separatçı kartdan istifadə eləməklə vurmağa çalışır.
PKK-nın siyasi qanadlarından sayılan HDP-nin sədri Səlahəddin Dəmirdaşın son Moskva səfərini əksər siyasi şərhçilər məhz elə Rusiyanın Türkiyə əleyhinə yeni bədniyyəti taktikaya start verməsi kontekstində qiymətləndirir. Sözsüz ki, bu mesaj-təhdidi rəsmi Ankara artıq alıb və güman ki, kontur-tədbirləri gözləmək çox da zaman almayacaq - hərgah Moskva sovet dönəmində də eyni kartdan Türkiyəyə qarşı zaman-zaman istifadə edib.
Bu xüsusda diqqətçəkicidir ki, Dəmirdaşın Moskva səfərindən cəmi bir neçə gün sonra Ukraynada Krımla bağlı yaradılacaq yeni könüllü batalyonlara Türkiyə Müdafiə Nazirliyinin hərbi yardım etməyə başladığı haqda xəbər yayılıb (Xəbəri Rusiyanın ORT telekanalı da tirajlayıb). Ukrayna mətbuatına açıqlamasında məşhur biznesmen Lenur İslamov deyib ki, “Noman Çələbicixan” adlanacaq batalyonun tərkibinə Krım tatarlarının nümayəndələri daxil ediləcək.
“Bu batalyonlara maliyyə əsasən könüllülərdən daxil olur. Ankara həmin batalyonların sadəcə, təchizatını həyata keçirir. Yaxın günlərdə batalyonlar üçün geyim və ayaqqabı göndəriləcək. Yeni hərbi bölmənin tərkibinə 560 nəfər daxil olacaq” - bildirib İslamov. Batalyonun əsas hədəfi Krımın Ukraynanın tərkibinə qaytarılmasına nail olmaqdır. Lenur İslamov Krımın iqtisadi və energetik blokadasının əsas təşkilatçılarındandır.
***
Bu xəbərlər fonunda İraqdakı Kürdüstan Muxtariyyətinin baş naziri Neçirvan Bərzani dünən Türkiyəyə səfər edib. Onun İstanbulda prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşü planlaşdırılırdı. Məlumatlara görə, görüşlərdə Türkiyə və İraqın kürd bölgəsi arasındakı münasibətlər, terrorla mübarizə və regional məsələlər müzakirə olunmalı idi.
Böyük ehtimalla, müzakirələrin mərkəzində Kremlin PKK və “kürd kartı”ndan öz məkrli niyyətləri üçün istifadə eləməsi, kürd və türk xalqları arasında süni ədavət salmaq planları da yer almış olacaq.
Kürd muxtariyyətinyn baş nazirinin Türkiyə səfəri də Səlahəddin Dəmirdaşın Moskva səfərindən bir neçə gün sonraya təsadüf eləməsi ilə maraq doğurur. Bundan təxminən iki ay öncə isə muxtariyyət prezidenti Məsud Bərzani Ankaraya səfər edərək, Türkiyə prezidenti və baş naziri ilə görüşmüşdü. Ötən həftə isə Bərzaninin İraq Kürd Muxtariyyətinin müstəqilliyi barədə referendum keçirilməsinə dair hazırlıqlara başlamaq göstərişi verdiyi haqda xəbər yayıldı.
***
Baş verənlər Ankaranın Kremlin yeni məkrli planlarına, ölkəni qarışdırmaq və mərkəzi hakimiyyətə etimadsızlıq yaratmaq cəhdlərinə qarşı çevik kontur-diplomatik və preventiv addımlara qərar verməsi qənaəti yaradır. Əslinə qalsa, Türkiyə bölgədəki kürd məsələsinə diqqəti artırmaqla, kürd xalqını PKK terror təşkilatı və onun siyasi, separatçı qanadlarından ayırmaqla tamamilə doğru yol seçib.
Müşahidələr göstərir ki, Türkiyə İraqın şimalında kürd dövlətinin yaradılmasının bir zaman məsələsi olduğunu nəzərə alaraq, indidən İraq Kürd Muxtariyyəti ilə normal münasibətlər saxlamaq, Rusiyanın İraq kürdlərindən də Ankara əleyhinə istifadəsini önləmək, Moskvanın əlindəki “kürd kartı”nı kəsərsiz eləmək, habelə yeni yaradılacaq kürd dövlətinə ciddi təsir imkanlarını saxlamaq məqsədi güdür.
Məlumdur ki, İraq Kürdüstanının ərazisi neft-qaz qaynaqları ilə zəngindir və Türkiyə ilə regional kürd hökuməti arasında neçə vaxtdır energetika sahəsində ciddi əməkdaşlıq mövcuddur. Təbii ki, Bərzani hökuməti Türkiyə ilə neft-qaz əməkdaşlığında və onun inkişafında maraqlıdır, çünki söhbət milyardlarla dollar gəlirdən gedir. Eyni zamanda bu qaynaqlar Türkiyənin Rusiyadan energetik asılılığının aradan qaldırılmasında az önəm daşımır.
Məhz bu önəmə işarə vuran prezident Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda İŞİD-dən neft alınması ilə bağlı ittihamlara cavab olaraq bəyan eləmişdi ki, Türkiyənin neft aldığı ölkələr arasında Şimali İraq (İraq Kürdüstanı) Rusiya, İran və Azərbaycandan sonra 4-cü yerdədir.
Bir məqamı da xatırladaq ki, kürd muxtariyyətinin hökuməti 2016-cı ilin sonunadək Türkiyəyə təbii qaz çatdırılmasını planlaşdırır. Bu barədə dekabrın 15-də yerli Kürdüstan hökumətinin iqtisadi məsələlər üzrə müşaviri Bevar Hansi bildirib. Onun sözlərinə görə, region Türkiyə vasitəsi ilə Avropaya 10 milyard kubmetr qaz ixrac etmək fikrindədir. 2020-ci ilin əvvəlində isə hasilat həcmini 20 milyard kubmetrədək artırmaq imkanı var.
Hazırda bölgədə kəşf olunmuş qaz yataqlarının həcmi təxminən 45 milyard kubmetr təşkil edir. Lakin region hökumətinin ehtimalına görə, ehtiyatların mümkün həcmi 5,7 trilyon kubmetrə çata bilər.
***
Qısası, qardaş ölkə kürdlər üçün, üstəlik, Avropaya doğru uzanacaq strateji qaz kəməri üçün mühüm tranzit ölkəsi qismindədir. Rusiyada bunu da bilirlər. Odur ki, Kreml “kürd kartı” hesabına həm də iki tərəf arasında indiki və gələcək neft-qaz anlaşmalarını pozmağa, Türkiyəyə qarşı əlavə təzyiq rıçaqı qazanmağa can atır.
Türkiyə isə Krım məsələsində, Krım tatarları məsələsində öz prinsipial mövqeyini saxladığını dönə-dönə bəyan edib Rusiyaya xəbərdarlıq mesajları göndərməkdə, ona yerini göstərməkdədir. Bir qədər əvvəl baş nazir Əhməd Davudoğlunun Rusiya tərəfdən Krımın ilhaqını Ankaranın heç vaxt qəbul etməyəcəyini və Ukrayna dövlətinin yanında olacağını bir daha qətiyyətlə bəyan etməsi boşuna deyildi.
Söz düşmüşkən, tezliklə Davudoğlu Ukraynaya səfər edəcək. Şübhə yox ki, səfər Rusiya aqressiyası önündə Ukraynaya yeni siyasi dəstəyin ifadə edilməsi, habelə iki ölkə arasında iqtisadi və digər sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi, o sırada Rusiyanın məhdudiyyətləri nəticəsində Türkiyə ixracatında yaranan boşluğun Ukrayna hesabına doldurullmasının müzakirəsi ilə yanaşı, Rusiyanın “yaralı yerləri”ndən olan Krım (tatarları) məsələsində Kiyevə məxsusi dəstəyin verilməsi ilə yadda qalacaq.
“Zəif yer” təkcə Türkiyədə mövcud deyil ki.
Siyasət şöbəsi