Azərbaycanda manatın ikinci devalvasiyasının baş verməsi əhalinin onsuz da çətin olan vəziyyətini bir qədər də müşkül edib.
Dünyada neftin qiymətinin azalması ölkəyə güclü təsir göstərir, xaricdən dollar axını azalıb, bu isə milli valyutanın zəifləməsinə gətirib çıxarıb.
Düzdür, dövlət rəhbərliyi bu sahədə ardıcıl addımlar atır ki, əhali yaranmış vəziyyətdən çox zərər çəkməsin, böhranı rahatlıqla adlaya bilsin.
Dövlətin başçısı öz çıxışlarında süni qiymət artımına qarşı zəruri tədbirlər görməyi, inhisarçılığa son qoymağı tələb edir.
Manatın sonuncu devalvasiyasından sonra ölkədə ən çox müzakirə olunan məsələ qiymətlərin bahalaşması oldu.
Əgər xalq marketlərdə qiymətlərin artmasını təbii bir hal kimi qarşıladısa da (demək olar ki, bütün qida məhsulları ölkəyə xaricdən gətirilir), bir sıra dövlət qurumlarının qiymət artımı anonsu verməsi onsuz da ağır vəziyyətdə olan əhalini daha pis günə qoyur.
Bu bəyanatlardan biri "Azərbaycan Dəmir Yolları”ndan gəldi. Mətubata danışan "ADY” rəsmisi manatın devalvasiyasından sonra qurumun rəhbəri Cavid Qurbanovun istəyi ilə qatarlarda biletlərin qiymətlərinin artırıldığını deyib.
"Biz öz ərazimizdə biletləri manatla, Rusiya isə rubl ilə satır. Amma biz Rusiya, MDB və Baltikyanı ölkələri arasında ödənişi İsveçrə frankı ilə aparırıq. Yəni dolların kursuna görə qiymətlər müəyyənləşdirilirdi. Dollar qaldığına görə bizdə avtomatik olaraq onun kursuna uyğun satış həyata keçirilir”.
Maraqlı yanaşmadır. Ölkədə vəziyyətin gərgin olduğu bir vaxtda dövlət gömrük sistemində sadələşdirmə aparmaq istəyir ki, camaat xaricdən məhsul gətirə bilsin. Bunun üçün hətta qiymətləri həmişə kəllə-çarxda olan AZAL şirkəti də iclas keçirir, qiymət endiriminə hazırlaşır.
Lakin gözünü pul tutmuş bəzi adamlar, elə həmin Cavid Qurbanov başqa cür düşünür.
Nəzərə alanda ki, Qurbanov Rusiyadan qatarları ötən il, özü də köhnə məzənnə ilə almışdı, nəzərə alanda ki, Qurbanovun dəmir yolu ilə bağlı bütün xərclərini dövlət ödəyir, bu şəxsin dövlətin vətəndaşının cibinə girməsini necə anlamaq olar?
Kreditləri verə bilməyən əhali indi Qurbanovun cibini doldurmaq üçün işləməlidirmi?
Əgər qiymətdə bu cür fərq varsa, "ADY” zərərlə işləyirsə, qoy onda Qurbanov xaricdəki villalarından 2-3 satsın, onda heç qiymət artımına da ehtiyac qalmayacaq. O villaların pulu şirkətin bəlkə də 1 illik xərcini tam ödəyə biləcək.
Göründüyü kimi, yaranmış vəziyyətdən çıxış yolu var. Lakin bunu etmək üçün camaatın cibinə girmək, qiymətləri qaldırıb əhalini dövlətə qarşı qoymaq yox, Avstriyadakı yaxud başqa Avropa ölkələrindəki bir-iki villanı satmaq lazımdır.
Onda hamı xoşbəxt yaşayar. (arqument.az)