Azərbaycan Kremlin yeni hərbi ssenarilərinin hədəfində

29-12-2015, 09:45   
Azərbaycan Kremlin yeni hərbi ssenarilərinin hədəfində
Rusiyada ağırlaşan durum “çəpər qonşu”su Azərbaycanı da vuracaq; tanınmış teleanalitik: “Putin Gürcüstandakı avantüranı təkrarlamağa həvəslənə bilər”; rusiyalı ekspertlər və eks-nazir: “Böhranın pik həddi hələ qabaqdadır...”
Beynəlxalq sanksiyalarla və neftin kritik qiymətləri ilə üzləşən Rusiya növbəti ilə daha ağır iqtisadi-maliyyə göstəriciləri ilə daxil olmaqdadır. Prezident Vladimir Putinin illik mətbuat konfransında söylədiyi nikbin bəyanatlara rəğmən (“İqtisadi böhranın pik həddi arxada qalıb”), yerli və xarici müstəqil ekspertlər tamamilə əks mövqedədir və Rusiya üçün yaxşı heç nə vəd eləmirlər.

Məsələn, iqtisadçı Stepan Demuraya görə, gələn il Rusiya üçün 3 ssenari mümkündür və onun da ikisi ölkəyə pis gələcək vəd edir. Əslində heç üçüncüsü də bir şey deyil. Sitat: “Birinci ssenariyə görə, neftin qiyməti 35-45 dollar arasında olacaq. Nəticədə dollar 85-100 rubl arasında dövr edəcək. Rezervlərimizi satacağıq.

Ölkədən kapital axını davam edəcək və real gəlirlər azalacaq. Bunun reallaşması ehtimalı 40%-dir. İkinci ssenariyə əsasən, neftin dəyəri 35 dollar olur, nəticədə dollar 100-130 rubla qədər bahalaşır. Rusiyanın rezervləri bitir və bank sistemində kollaps başlayır. Belə bir ehtimalın reallaşma imkanları 60%-dir. Üçüncü ssenari isə nisbətən pozitivdir. Bu ssenariyə görə, Putin 2018-ci ildə hakimiyyətdən gedəcəyini açıqlayır. Ölkədə sistem reformları başlayır və iqtisadi artım müşahidə edilir. Bunun reallaşma ehtimalı 0%-dir”.

***
Öz növbəsində ölkənin sabiq maliyyə naziri, Vətəndaş Təşəbbüsləri Komitəsinin başçısı Aleksey Kudrin hesab edir ki, Rusiya iqtisadiyyatında böhranın pik həddi hələ qabaqdadır. “Az öncə bir sıra ekspertlər və hətta mənim özüm hesab edirdik ki, biz iqtisadiyyatda dibə çatmışıq və ya necə deyərlər, böhranı keçmişik. Ancaq bu gün əlavə çətinliklər görürük. Bu, o deməkdir ki, situasiya qeyri-sabitdir”.




Eks-nazir bu xüsusda neftin kəskin ucuzlaşmasını qeyd edib. Onun sözlərinə görə, qara qızıl"ın qiyməti daha 6 ay və ya 1 il belə qalsa, o zaman Rusiyanı iqtisadi çöküşün davamı gözləyir. “Bu da o anlama gəlir ki, problemin pik nöqtəni keçdiyini hələlik söyləmək olmaz” - qeyd edib ekspert.

“Növbəti il Rusiya üçün ciddi təhdid ili olacaq. Dövlət xərcləri azalacaq. Bu - qaçılmazdır, çünki gəlirlər də azalacaq. Devalvasiya hələ bütün özünün gücünü istehlak qiymətlərində göstərməyib, növbəti ildə inflyasiya gözlənilən rəsmi göstəricidən - 6,4%-dən təxminən 1,5% çox olacaq” - deyib Kudrin.

Keçmiş maliyyə nazirinin proqnozlarına görə, bütün bunlar “kreditlərin yüksək faizlərinə, bir sıra sahələrdə - istər istehsalat olsun, istərsə də məşğulluq sferaları - risklərin saxlanmasına, gəlirlərlə bağlı risklərin artmasına gətirəcək, borcların qaytarılması ilə bağlı yeni risk dalğası doğuracaq”.



“Heç indinin özün də situasiya yaxşı deyil. Belə deyək, ayrı-ayrı bankları və sahələri nəzərə almasaq, hələlik o sabitdir. Ancaq vəziyyət pisləşə bilər” - əlavə edib iqtisadçı.

***

Maraqlıdır ki, situasiyanı həm də Rusiya hakimiyyəti öz əli ağırlaşdırır. “Su-24" insidentindən sonra Türkiyəyə qarşı iqtisadi savaş aparmağın ayrı adı yoxdur. Bu arada Rusiya hökuməti Ankaraya qarşı yeni addımlar atılacağının anonsunu verib. Belə ki, baş nazirin müavini Arkadi Dvorkoviç hökumət başçısı Dmitri Medvedyevə istinadən bildirib: ”Bizim növbəti addımlarımız olacaq. Bunun haqqında tezliklə məlumat veriləcək. Amma biz Türkiyə ilə əməkdaşlıqdan tam imtina etmək niyyətində də deyilik".



Göründüyü kimi, Rusiya Türkiyəni həm qorxutmaq istəyir, həm də özü qorxur. Əks təqdirdə, Moskva Ankaraya qarşı çoxdan “pomidor sanksiyaları”ndan o tərəfə keçərdi. Amma keçə bilmir. Hələ ki Rusiyada türk tikinti şirkətləri futbol üzrə 2018-ci il Dünya Çempionatı ilə bağlı stadion inşasını da davam etdirir, Türkiyəyə Rusiya təbii qazının verilişi də davam edir, çünki qardaş ölkəni əvəzləyəcək alternativ qaz bazarı yoxdur. Əksinə, Moskva yaxşı anlayır ki, Qərbin siyasəti Rusiyanı olan-qalan qaz bazarlarından vurub çıxarmağa yönəlib.

***
Şimal qonşumuzu gələn il gözləyən labüd iqtisadi kolliziyalar, hətta iqtisadi-siyasi kollaps sözsüz ki, “çəpər qonşu” Azərbaycana da təsirsiz ötüşməyəcək. Söhbət təkcə oradakı azərbaycanlı əmək miqrantları ordusundan və ya ölkəyə pul transfertlərinin azalmasından getmir. Məsəlı ondadır ki, Putin iqtisadi kollapsdan və cəmiyyətin qəzəbindən yayınmaq, reytinqini qorumaqdan ötrü postsovet məkanında yeni hərbi avantüraya qərar verə bilər.
Bu ssenarini artıq rusiyalı politoloqlar da istisna eləmir.



Məsələn, tanınmış ekspert və keçmiş teleaparıcı, Putin rejiminin qatı tənqidçilərindən olan Yevgeni Kiselyov özünün son analitik məqaləsində yazıb: “Təhlükə var ki, Putin Gürcüstanda törətdiyini 2016-cı ildə təkrarlasın. Putin hesab edə bilər ki, artıq sonuncu prezidentlik ilini yaşayan Barak Obama tam zəifləyib və o, növbəti güc avantürasına tamahlana bilər. Buna da ya Ukraynada və ya təzədən Gürcüstanda, ya da Dnestryanı bölgə və ya Baltikyanı ölkələrdə, yaxud Rusiyanın perimetri boyu postsovet məkanının hər hansı başqa nöqtəsində gedəcəyi istisna deyil”.

Perimetrə isə Dağlıq Qarabağla birgə Azərbaycan da daxildir. Yəni belə çıxır, Avrasiya layihələrindən israrla boyun qaçıran Azərbaycan da Kremlin hərbi ssenarilərinin hədəfindədir. Ən qorxulusu da elə budur.

Siyasət şöbəsi //musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.