Siyasi məhbuslarla bağlı yalan danışan kimdir?
Uzun müddətdir ki, siyasi məhbusların azadlığa çıxacağı müzakirə mövzusudur. Hər dəfə əfv sərəncamından əvvəl hüquq müdafiəçiləri açıqlamalar verir, siyasi məhbusların azad olunacağını söyləyir, prezidentə siyahı təqdim edildiyini bildirirlər. Amma həmişə də “şikəst” əfv sərəncamı imzalanır və deyilənlər təsdiqini tapmır. Ümumiyyətlə, bu gün bütün beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətindən məhbusların azadlığını tələb edirlər və hökumət ən çox bu mövzuda tənqid olunur. Artıq heç kimə sirr deyil ki, bu adamlar qondarma ittihmlarla, sifariş əsasında həbs olunublar.
Növbəti əfv sərəncamı isə bu günlərdə olacaq. Artıq ən yüksək səviyyədə bu təsdiqlənib və siyasi məhbusların da əfvə düşəcəyi bildirilir. Yəni, bu dəfə də prezidentə siyahı təqdim edilib və Əfv Komissiyasının üzvləri nikbin görünür.
Amma başqa bir maraqlı məqam deputat Azay Quliyevin ziddiyətli açıqlamasında gizlənib: “Prezident bizim təqdim etdiyimiz siyahıdan heç vaxt heç bir məhbusun adını çıxartmayıb. Tam əksinə, o, siyahıya əlavələr edib. Ona görə də əminik ki, prezident növbəti dəfə çox mühüm fərman imzalayacaq. Çoxlu sayda vətəndaşlarımızı yerdə qalan cəzalarından azad edəcək”- deyə Azay Quliyev bildirib.
Yuxarıda da qeyd etdiyimiz kimi bugünə qədər bir çox əfv sərəncamları imzalanıb və həmişə Komissiya üzvləri prezidentə təqdim etdikləri adlardan danışıblar. Məsələn, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Çingiz Qənizadə və digərləri optimist açıqlamalar veriblər, hətta müəyyən şəxslərlə bağlı əminlik ifadə ediblər. Amma nəticə məyusedici olub və bu adamlar siyahının dəyişdirildiyini etiraf ediblər. Yəni, “Işçi Qrup”un prezidentə təqdim etdiyi adlar, siyahıdan çıxarılıb.
Amma Azay Quliyev də deyir ki, prezident heç vaxt siyahıdan ad çıxarmır, əksinə əlavə edir. Indi kimə inanaq, yalançı kimdir? Bu məqamda bir neçə versiya mövcuddur.
Azay Quliyev hökumətin, xüsusən də prezidentin xoşuna gəlmək üçün məddahlıq edir. Yəni, ölkə başçısına vəkillik edərək, ona imic düzəldir. Yəni, yalan danışır.
Dünənə qədər optimist açıqlamalar verən hüquq müdafiəçiləri yalan danışıb, prezidentə göndərilən siyahıda heç vaxt siyasi məhbusların adı salınmayıb. Sadəcə olaraq cəmiyyətə özlərini humanist kimi təqdim ediblər.
Prezidentin iradəsi öz əlində deyil, yekun qərarı o vermir, siyahı başqa adamın istəyinə uyğun tərtib olunur. Yəni, prezident yeni adlar əlavə etsə də, başqa biri siyahıdan ad çıxarır.
Yaxşı olar ki, bu məsələyə aidiyyatı olan hər kəs münasibət bildirsin. Cəmiyyət də bilsin ki, yalançı kimdir. Azay Quliyev faktiki olaraq bu açıqlaması ilə hüquq müdafiəçiləri və prezidenti şübhəli duruma salıb.
Samir