Eynulla Fətullayev
Prezident çoxdan gözlənilən əfv sərəncamını imzaladı.
Sual oluna bilər: niyə çoxdan gözlənilən? Axı İlham Əliyev ənənəvi olaraq hər il bir neçə belə sərəncam imzalayıb yüzlərlə məhkumu bağışlayır, cəzadan və həbsdən azad edir, elə deyilmi?
Ona görə çoxdan gözlənilən ki, islaholunmaz optimistlər - bir qrup hüquq müdafiəçisi, bir ovuc müxalifətçi və hakimiyyətdən xroniki narazı olanlar nəyə görəsə belə hesab edirdilər ki, prezident Qərbin təbliğat hücumunun qarşısında geri çəkiləcək və Brüsselin, Strasburq və Vaşinqtonun “siyasi məhbus” adlandırdığı məhkumları türmədən buraxacaq.
Əlbəttə, prezident bu məhbusları bir qələmlə azad edə bilərdi. İllah da ki, onların heç biri hakimiyyət üçün heç bir təhlükə törətmir.
Xədicə İsmayılovanın şərh və yazıları ölkədəki vəziyyəti bəyəm gərginləşdirə bilər? Xədicə uzun illər eyni işlə məşğul olub: məmurların var-dövləti haqda faktları toplayıb və onları öz məqalələrində sadalayıb. Bu gün nəinki qərbli, heç yerli oxucunu da belə şeylərlə təəccübləndirə bilməzsən.
Yaxud digər məhbusu götürək. Doğrudanmı kiməsə səmimi şəkildə elə gəlir ki, İlqar Məmmədov azadlığa çıxan kimi devalvasiyadan narazı kütlə o dəqiqə onun başına yığışacaq və birlikdə “Bastiliyanı almağa” gedəcəklər?
Boş söhbətdir, qeyri-real məsələlərə sonsuz inamdan başqa bir şey deyil. İlqar Məmmədov xalqdan dəhşətli dərəcədə uzaq adamdır. O, nə Navalnı, nə də Nemtsov deyil. İlqar Məmmədov daha çox rusiyalı siyasətçi İlya Yaşini xatırladır. Özümüzü çətinə salsaq, onu uzağı Vladimir Rıjkovla zor-bəla müqayisə edə bilərik.
Yaşinlə Rıjkov Rusiyada haçan başa düşülsə və qələbə çalsa, İlqar Məmmədov da Azərbaycanda bax, onda hakimiyyətə gələ bilər. Deməli, heç vaxt gələ bilməz!
Yəni Məmmədov da hakimiyyət üçün heç bir təhlükə törətmir. İlqar Məmmədov uzaqbaşı daha radikal Erkin Qədirli deməkdir. Hakimiyyətdə heç kim onu ciddi fiqur saymayıb və saymır da.
Xalq isə Məmmədovu sadəcə tanımır. İsa Qəmbəri tanıyırlar. Əli Kərimlini daha yaxşı tanıyırlar. Elçibəyi xatırlayırlar. Etibar Məmmədovu unudublar. İlqar Məmmədovu isə sadəcə heç kim tanımır.
Yoxsa doğrudan da kiməsə elə gəlir ki, hakimiyyət bizə Jül Vernin qəhrəmanı Paqaneli xatırladan ziyalı İntiqam Əliyevin hücrəsinin qapısını açıb onu azad etməyə qorxur?
Əyalətdən gələn və hələ də axıra qədər şəhərliləşə bilməyən hüquq müdafiəçisi Anar Məmmədli barədə isə ümumiyyətlə danışmasaq yaxşıdır. O, İlham Əliyevə əfv xahişi ilə azı bir neçə dəfə müraciət edib. Böyük Vatslav Havelin azadlıq uğrundakı mübarizəsinin rolunu bəlkə də tam başa düşməyən Havel mükafatı laureatı azadlığı çoxdan haqq edib.
Brüssellə Vaşinqtonun siyahısında daha kimlər qaldı? Əlbəttə, sabiq səhiyyə naziri Əli İnsanov. Hakimiyyətin onunla öz hesabı var. Yaxşı, gəl görək, Piter Villem Bot ağ Mandela roluna iddiasını ortaya qoyan naziri ilə necə davranardı? Şərhə ehtiyac yoxdur.
Yaşı ötmüş İnsanov azərbaycanlıları öz Konqresini yaratmağa, onları Usubovun ordusu ilə Zaqatala və Şamaxı meşələrində partizan döyüşünə girməyə çətin ruhlandıra bilsin.
İnsanovu zərərsizləşdiriblər. Onun klanı da uzaq Almaniya banklarının hesabındakı pulları sayaq çoxdan əriyib gedib. Yeni nəslin səhiyyə sisteminin talanıb dağıdılmasının bu əsas baiskarı haqda isə yalnız danışılanlardan məlumatı var. Bu söhbətlər isə heç də yaxşı söhbətlər deyil...
Bütün bunlardan sonra hamı bir ağızdan soruşa bilər: Qərblə qarşıdurmanın və müxtəlif sanksiyaların qəbul olunması təhlükəsinin güclənməsi fonunda onları niyə azad etmədilər?
Qərbin Azərbaycanla qarşıdurmasının əsas səbəbi əlbəttə ki, siyasi reallıqdan uzaq olan bu vicdan məhbuslarının taleyi deyil. Qərb özünün bütün çiçəklənmə və tənəzzül dövrlərində dəfələrlə sübut edib ki, merkantilizm naminə Kaudilyo türməsindəki respublikaçıları da çox vaxt unudub. Necə ki, bu gün ayətullahların türməsində cəza çəkən çoxsaylı və Vatslav mükafatlı dissidentləri unudub...
Prinsiplər “vəhşi və qisasçı norman” (Kox belə deyirdi) üçün məqbul sayılmır. Qərb dinc nümayişi gülləboran etmiş İslam Kərimova 2005-ci ildə ən sərt sanksiyaları tətbiq etdi. 2015-ci ildə isə onu Mərkəzi Asiyadakı əsas canişini elan etdi.
Bu, Qərbə lazım olanda “humanitar dəyərləri” bircə anda unudur. Sonra da özünə lazım olanda həmin dəyərləri o dəqiqə xatırlayır və xatırladır.
Çox maraqlıdır ki, Qərb tiryək müharibələrinin yorub əldən saldığı orta əsrlər Əfqanıstanının Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunmasında israr etdiyi gün başqa bir addım atır. Əfqanıstana əsla bənzəməyən Azərbaycana qarşı sanksiyaların tətbiqində israr edir. Səbəb xalqdan uzaq bir neçə adamın həbsxanada olması imiş...
Bu, Qərbin Azərbaycana münasibətinin ideya-əxlaqi üzüdür. Sərsəm, cəfəng və uydurma bir iddia...
Belə vəziyyətdə çoxları bu əsas suala hələ də cavab tapa bilmir: Qərb nə istəyir? Vaşinqton, Brüssel və Strasburq Azərbaycana hücum etməkdə niyə davam edir? Başı onsuz da qlobal iqtisadi böhran, manatın devalvasiyası kimi hadisələrin fonunda gözlənilməz daxili problemlərin həllinə qarışan İlham Əliyev nəyə görə güzəştə getmir, niyə geri çəkilmir, Qərbin tələblərini niyə yerinə yetirmir? Axı bu, gərginliyi xeyli azaldardı, elə deyilmi?!
Bu suallara cavab tapmaq üçün gəlin Qərbin və İlham Əliyevin məntiqinə və motivlərinə nəzər salaq.
Qərbin məntiqi
Gəlin bu çeynənmiş fikirləri - Rusiyanı cilovlamaq və onu idarəolunmaz xaosun hökm sürdüyü qeyri-sabitlik zolağı ilə əhatə etmək barədəki köhnə mülahizələri bir kənara qoyaq. Bu mübahisəsiz strategiya Ukrayna dramından sonra heç kimdə, hətta Qərbin özündə də şübhə və diskussiya doğurmur. Diqqətimizi geosiyasi müharibələrdən ayırıb bütün diqqəti yalnız Azərbaycana yönəldək.
Qərb hesab edir ki, İlham Əliyev hakimiyyət Olimpinə yüksəlişinə görə Azərbaycan xalqına yox, Vaşinqtona borcludur. Çünki indiki hakim elita Heydər Əliyev siyasətinin varisliyini davam etdirmək üçün kart-blanşı İlham Əliyevi məchul 2003-cü ildə ölkə prezidenti elan etməyə tələsən Vaşinqtonun bilavasitə dəstəyi ilə alıb.
Bu halda sual olunur: Vaşinqton, o cümlədən hələ 1997-ci ildən Avrasiya regionunu kurasiya edən xanım Viktoriya Nuland İlham Əliyevin kim olduğunu 2003-cü ildə bilmirdilərmi? Əliyevin sosial-siyasi fəlsəfəsindən və dünyagörüşündən xəbərdar deyildilərmi?
V.Nuland o zamanlar Əliyevlər ailəsinin böyük dostu, ABŞ vitse-prezidenti Dik Çeyninin aparatında kifayət qədər yüksək post tuturdu. O, axı milli təhlükəsizlik üzrə müşavirin birinci müavini idi!
İlham Əliyev o zamanlar bəyəm “rəngli inqilablar” ideyasının tərəfdarı idi? Yoxsa Saakaşvili kimi tarixin yeni lokomotivi olmağa çalışırdı? Əlbəttə, yox.
İ.Əliyev tamamilə açıq fikirli, hərəkətləri barədə əvvəlcədən mühakimə yürütmək mümkün olan siyasətçi idi. O, öz siyasi fəaliyyətinin ilk günlərindən açıq mətnlə bəyan edirdi ki, Heydər Əliyev kursunu davam etdirəcək. H.Əliyev ABŞ-ın böyük dostu idi və Qərbin regiondakı əsas geoiqtisadi layihələrini həyata keçirirdi.
Sual yaranır: Heydər Əliyevin dövründə həbsxanalarda olan 3 minə yaxın məhbus Qərb tərəfindən siyasi məhbus elan edilmişdi. Bəyəm ABŞ onda ata Əliyevi sanksiyalarla təhdid edirdi? Yox!
Ona qarşı həyasız gözdənsalma, qarayaxma kampaniyası aparırdı? Yox!
Qərb türmələrdəki siyasi məhbusları görmürdü, daha doğrusu, diqqəti bu problemə yönəltməməyə maksimum çalışırdı. Patriarxın vəfatına qədər də belə davam etdi.
Heydər Əliyev dövründə həbsxanaya salınan əsas simvolik siyasi məhbusları (özü də onlar edam cəzasından möcüzə sayəsində qurtulmuşdular, çünki Azərbaycan Avropa Şurasına üzvlüyə hazırlaşırdı) kim azadlığa buraxdı? Əlbəttə, onları İlham Əliyev azad etdi. ABŞ və Avropa Şurasının bu gün sanksiya tətbiq etməyə çalışdığı İlham Əliyev...
İlham Əliyevin sərəncamı ilə azadlığa çıxan şəxslərin siyahısına baxın: Surət Hüseynov, İsgəndər Həmidov, Rəhim Qazıyev, hətta separatçı Ələkrəm Hümbətov...
İlham Əliyevin hakimiyyətdə olduğu illərdə həbsxanalarda bu miqyasda və bu qədər siyasətçi heç vaxt olmayıb. Doğrudur, siyasi həyat səhnəsi də balacalaşıb, daralıb, amma fakt da faktlığında qalır axı.
O vaxtdan bəri nə dəyişib? Dəyişən odur ki, İlham Əliyev böyük neft amilindən yaxşı istifadə edərək öz ölkəsinin güclü regional oyunçuya çevirib və bu ölkə gözünü elə hey okeanın o tayına dikmək kimi vərdişindən xilas olub. Heç olmasa ona görə ki, böyründəki tarixi küllükdən tamamilə başqa bir Rusiya dirçəlib qalxıb.
Yeltsin Rusiyası ilə hesablaşmamaq olardı. Putin Rusiyası ilə zarafat isə pisdir. Bunu okeanın o tayından gələn məsləhətlərə qulaq asaraq dünyanın özü qədər qədim Kremlə əlcək atan Saakaşvili ilə Poroşenkonun aqibəti də göstərdi.
Bəli, bu şübhəsizdir ki, Rusiyanın təsiri ötən onillikdə Qərbi Azərbaycandan sıxışdırıb çıxardı. ABŞ səfiri özünü Bakıda daha Sov.İKP MK-nın II katibi kimi aparmır. Onun əmrləri daha səfirliyin hündür hasarlarını aşa bilmir. Lakin buna görə İlham Əliyev yox, ilk növbədə əvvəlcə Ermənistanı, sonra Gürcüstanı satan, Kiyevdə axmaq komediya oynayan, Qırğızıstanı gülüş hədəfinə çevirən Vaşinqton özü günahkardır. Siyahını uzatmaq da olar...
Bu, bilirsinizmi nəyə oxşayır? Türklər 1918-ci ildə Antantada məğlub oldular və öz qoşunlarını Bakıdan tələsik çıxardılar. Bura britaniyalılar gəldi. Azərbaycan dövlətçiliyinin simvolları - Rəsulzadə və digərləri ingilisləri duz-çörəklə qarşıladı. Bu zaman Azərbaycanın dövlət bayrağının rəngini dəyişməyi də unutmadılar. Bayraq daha türkpərəst yox, avropapərəst oldu.
Onlar başqa necə etməli idi? Tarixə və nəhəng dövlətlərə qarşı çıxmalı idi? Axı siyasət həm də mümkün olanı etmək sənətidir. Əgər ABŞ bu regionu dizini yerdən qaldırıb yavaş-yavaş dirçələn başqa nəhəng dövlətin süfrəsinə atırsa, bu məsələdə ən az günahkar olan da elə Azərbaycandır.
Vaşinqton İ.Əliyevdən və Azərbaycandan indi nə tələb edir? Öz ölkəsindən rus tankları və milyarderləri tərəfindən qovularaq qürbətdə uğur axtarışına çıxmış komik Saakaşvilinin vəziyyətinə düşməyimi?
Görürsünüzmü, Azərbaycan Qərbin yeni inteqrasiya layihələrinə - assosiativ sazişə və “dördlər ittifaqı” layihəsinə qoşulmalı imiş.
Amma bağışlayın, Ukrayna, Moldova, Gürcüstan bu inteqrasiya proseslərindən nə qazandı? Avropaya getmək hüququ! Amma həmin dövlətlər öz ərazilərindən nəhəng hissələri itirdi! Hələ bu da hamısı deyil...
İlham Əliyev öz siyasətini üzünü Vaşinqtona çevirmədən, saatını Moskva vaxtı ilə düzəltmədən, Ankaraya qulaq asmadan, Tehrandan gələn qışqırıqlara məhəl qoymadan yürüdür. Bu da ilk növbədə Vaşinqtonun xoşuna gəlmir. Bir daha deyirəm, çünki Vaşinqton demək olar bütün təsir imkanlarını itirib.
Vaşinqton buna görə Azərbaycan hökumətini günahlandırır. Halbuki günahı ilk növbədə özündə görməlidir. Dünyanın nəhəng dövlətində özünütənqid hissi çatmır. ABŞ regiondakı bütün bədbəxtliklərə görə Əliyevi günahlandırmaqda davam edir. Budur, humanizm dəyərləri amerikalıların yenə yadına düşüb...
İlham Əliyevin məntiqi
İlham Əliyev siyasi romantik, inqilabçı deyil, liberal deyil, kütlələri barrikadalara çağıran lider də deyil.
Əliyev təbiət etibarilə inqilabi dövrün yox, təkamül dövrünün lideridir. Və bunu heç vaxt gizlətməyib.
Bəli, Əliyev Qərb təfəkkür tərzinə malik insandır. Uzaq Avropa mental baxımdan ona İvan Qroznının Həştərxanından daha yaxındır.
Bununla belə İlham Əliyev iliyinə qədər praqmatik siyasətçidir. Bu da onu tələsik və impulsiv qərarlar verməkdən çəkindirir. Əliyev Avropada yox, uzaq Asiyada yaşadığını da yaxşı bilir. Ona mentalitet baxımından və insan sivilizasiyasının təkamül yolu ilə inkişafı barədəki təsəvvürlər baxımından uzaq Asiyada...
Qərb bu ölkəni tanımadan, cəmiyyəti hiss edib anlamadan, eksperimentlərinin nəticələri barədə düşünmədən öz reseptləri ilə yad dünyagörüşlərinə müdaxilə edir.
İlham Əliyev isə Vaşinqtona onunla Bayden öz vassalı Poroşenko ilə danışan tərzdə danışmağa imkan vermir. Baydenin məşhur tikanlı replikasını yadınıza salın: “Mən Poroşenko ilə arvadımdan ünsiyyətdə olduğumdan da çox ünsiyyətdə oluram!”
Əliyev özünə hörmət tələb edir. O, bərabərhüquqlu tərəfdaş kimi danışmağa hazırdır. Putin Baydendən fərqli olaraq bunu başa düşdü və qəbul etdi.
Putinlə Əliyev arasında ona görə tam qarşılıqlı anlaşma mühiti hökm sürür. Putin xahiş edir, Bayden isə şərtlərini diqtə edir... Putin məsləhət görür, Bayden isə əmr edir... Putin eyham vurur, Bayden isə şantaj edir... Fərqi başa düşürsünüzmü?
Bundan əlavə, Əliyev heç vaxt keqli oynamır. O, şahmata üstünlük verir. Əliyevin təkcə öz taleyi ilə yox, həm də ölkəsinin taleyi ilə risk edərək cərimə xalının demək olar ki, bir addımlığında necə oynadığına çoxları heyrətlənir.
2004-cü ildə Lukaşenko, 2005-ci ildə Kərimov, 2006-cı ildə Nazarbayev, lap elə bu yaxınlarda - Krımı ələ keçirəndə, Ukraynanı parçalayanda, Suriyaya girəndə isə Putin haqda demək olar ki, eyni sözləri deyirdilər. Fikir verin, adı sadalanan bu liderlərin heç biri Qərblə oynadıqları oyunları uduzmadı.
Bəlkə deyəsiniz ki, bu liderlər öz ölkələrini uduzublar?
Onda bu suala cavab verin: ac və yoxsul moldavanlar beloruslardan nə qədər xoşbəxtdir? Bəs təkcə Krımı və Donbası yox, həm də dayaq nöqtələrini itirən ukraynalıların hələ azad olmayan qazaxlardan nəyi artıqdır, üstünlüyü nədədir? Layiqli və rifahlı həyata aparan azadlıqdamı?
Düz 10 il qabaq bunu Yuşşenko ilə Timoşenko da vəd edirdi. Necə ki, bu gün Poroşenko ilə Saakaşvili vəd edir. Bundan çıxan nəticə nədir? Bəlkə cavab verəsiniz?
Qərb dəyişkəndir, daimi deyil, güzəştə gedəndir. Qərb Lukaşenko ilə dünənki nifrət tonu ilə danışmır. Onunla daha ideal və dəyərlər barədə söhbətlər eləmir. Qərbli diplomatlar indi üzlərində saxta amerikalı təbəssümü Batkanın əllərini çiyninə nəvazişlə vururlar. Onlar Lukaşenkodan dissident Stankeviçin taleyini daha soruşmurlar. Həbsdəki Stankeviçin xahişini isə Lukaşenkodan Əliyev edir.
Qərb indi Xədicə İsmayılova və İlqar Məmmədovla məşğuldur. Onların gündəliyində indi başqa məsələ var. Hər şey hesablanıb. Necə deyərlər, burada şəxsi heç nə yoxdur, yalnız biznes var...
Bir çox müxalifətçilər devalvasiyadan, sanksiya əhvalatından və Qərbin hücumlarından sonra tələsik belə dedilər: İlham Əliyev suqsvanq vəziyyətinə düşüb.
Amma bu adamlar şahmat oynamağı hələ də öyrənməyib. Əliyev kontr-qambit oynadı. Prezidentin son əfv sərəncamı bilirsinizmi nə deməkdir? Qurban vermək təxirə salınır!
Virtualaz.org