Zakir Fərəcovun “bulvar reketçiliyi”: kiçik biznesmenlər 50 min, iri obyektlər 100 min…

4-01-2016, 12:01   
Zakir Fərəcovun “bulvar reketçiliyi”: kiçik biznesmenlər 50 min, iri obyektlər 100 min…

Məlum olduğu kimi, Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra Sumqayıt şəhər dənizkənarı bulvarında əsaslı təmir və yenidənqurma işlərinin görüləcəyini vəd etmişdi. İnsafən qeyd olunmalıdır ki, icra başçısı vədinin üstündə durub və Sumqayıt bulvarı ilə bağlı yeni layihənin icrasına start verilib.

Plana görə, yaxın zamanlarda dənizkənarı bulvarda və Nəsimi adına dənizkənarı mədəniyyət və istirahət parkında bir neçə istiqamətində infrastruktur layihələrinin icra olunması gözlənilir. Burada müasir tələblərə cavab verən ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu, yaşayış binaları inşa olunacaq. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olacaq yeni bulvarda hazırda beton konstruksiya, bənd divarlarının salınması işləri aparılır. Bütün bu işlər yalnız alqışlana bilər, amma Savash.org-a daxil olan məlumatlar Zakir Fərəcovun “yeni bulvar” layihəsinin alqışlanması mümkün olmayan gizli tərəflərinə işıq salır.

Savash.org-a daxil olan məlumata görə, yeni bulvar layihəsinin həyata keçirilməsi Zakir Fərəcovun əlavə qazanc mənbələrindən birinə çevrilib. Belə ki, olduqca böyük maliyyə tələb edən həmin layihənin icrası üçün artıq Sumqayıt sahibkarları narahat edilməyə başlayıb. Mənbəmiz bildirir ki, icra başçısının “xüsusi nümayəndələri” sahibkarlarla “profilaktik söhbətlər” aparmağa başlayıb. Söhbətin ana qayəsini isə sahibkarların yeni bulvar layihəsinə dəstək vermələrinin vacibliyi təşkil edir:

“Sülh küçəsində yerləşən irili-xırdalı bütün obyektlərə “haqq” qoyulub. Nisbətən kiçik obyektlər 50 min, daha iri və rentabelli strukturlar isə 100 min manat ödəməlidir. Şəhərin nəhəng biznes strukturlarından eyni məqsədlə tələb olunan məbləğ isə daha fantastik rəqəmlərlə ifadə olunur”.

Mənbəmiz obyekt sahibləri ilə danışıqları Zakir Fərəcovun ən inanılmış adamlarından biri tərəfindən aparıldığını iddia edir: “Sahibkarlarla danışıqları Fəzail adlı şəxs aparır. Açığı, onun hansı vəzifəni daşıdığını bilmirik, bildiyimiz odur ki, bu adam icra başçısının bu kimi “qara işlərini” həyata keçirir. Onun tələblərinin yerinə yetirilməsi isə sahibkarlar üçün faktiki olaraq mümkünsüzdür. Bir yandan əvvəlki ticarət yoxdur, digər tərəfdən isə tələb olunan məbləğ həddən artıq çoxdur. Fəzail isə güzəştə getməyəcəyini elan edib, problemin necə yoluna qoyulacağı məlum deyil”.

Obyekt sahiblərinə qarşı xüsusi amansızlığı ilə seçilən həmin şəxsi isə sahibkar öz aralarında Sumqayıtın “Akif Çovdarovu” adlandırırlar”: “Onun şərtləri ilə razılaşmamaq əslində obyektdən imtina anlamına gəlir. Şərt belədi: ya tələb olunan məbləğ ödənməlidir, ya da işləmək mümkün olmayacaq”.

Savash.org-a həmin şərtlərlə razılaşmayan sahibkarların başına gətirilən oyunlar, müxtəlif bəhanələrlə sökülən obyektlərin siyahısı və söküntüyə əslində nəyin səbəb olması haqda şok məlumatlar daxil olub ki, həmin faktlarla yaxın günlərdə tanış olmaq imkanı qazanacaqsınız.
Savash.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.