Şiə şeyxinin edamı Bakını da zor seçimə tuş etdi - ilginc gəlişmə

5-01-2016, 10:55   
Şiə şeyxinin edamı Bakını da zor seçimə tuş etdi - ilginc gəlişmə

Azərbaycanın İslam koalisiyasına qoşulma perspektivi gündəmdən çıxır? Səudiyyə Ərəbistanı-İran qarşıdurması məzhəb savaşı yox, maraqlar savaşıdırsa, rəsmi Bakı üçün prioritet nə olmalıdır...
Yanvarın 2-də Səudiyyə Ərəbistanında şiələrin lideri şeyx Nimr ən-Nimrin edam edilməsi Yaxın Şərq və ətrafında yeni təhlükəli situasiyaya yaradıb. Yaranmış vəziyyətlə bağlı bəzi analitiklər lokal qarşıdurmaların məzhəb müharibələrinə çevrilə biləcəyi proqnozu ilə çıxış etməyə başlayıblar. Bu isə faktiki, o anlama gəlir ki, sünni və şiələrin yaşadığı ölkələrin heç biri potensial olaraq yeni təhlükədən sığortalanmayıb.

Ancaq bu, mülahizədir. Çox şey əlbəttə ki, müsəlman toplumun, sıravı müsəlmanların şüur səviyyəsindən, yaşanan olaylara onların nə dərəcədə gerçək dini-bəşəri dəyərlər prizmasından baxacağından, bir də əlbəttə ki, nüfuzlu, söz sahibi olan din xadimlərinin mövqeyindən asılı olacaq.

Yəqin ki, proseslər total məzhəb qarşıdurmasına gətirib çıxarmayacaq. Hər halda, indi XXI əsrdir və insanlar kifayət qədər ayıqdırlar, nəyin niyə baş verdiyinin, o cümlədən belə qarşıdurmaların ən çox hansı dairələrə əl verdiyinin yaxşı fərqindədirlər...

***
Xatırladaq ki, özünü dünya şiələrinin lider ölkəsi sayan İranın hörmətli ali dini lideri Ayətullah Əli Xameneyi Səudiyyə Ərəbistanı rəhbərliyinin məlum edam aktını həyata keçirməklə “siyasi səhvə yol verdiyini və bunun ona baha başa gələcəyini” bəyan edib. Artıq Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə hücum edilib, Məşhəddə isə Səudiyyənin baş konsulluğu dağıdılıb. Bundan əlavə, Nimr ən-Nimrənin edamına cavab aktı kimi İranın 27 sünni məhbusu edam edəcəyi xəbəri yayılıb.

Lakin bir çox ekspertlər situasiyanı dini qarşıdurmadan çox, Səudiyyə Ərəbistanı-İran qarşıdurması kimi dəyərləndirməyin tərəfdarıdırlar. Çünki hər iki ölkə müsəlman dünyasının müvafiq kəsimində dominantlığa can atır. Yəni söhbət ilk növbədə milli maraqların təmin edilməsindən gedir.



Səudiyyə Ərəbistanının ötən ay İslam hərbi koalisiyası yaratmaq təşəbbüsü ilə çıxış eləməsi terrorla mübarizə aparmaq imperativi ilə yanaşı, həm də bu maraqlar kontekstində - İranı izolə eləmək istəyi ilə izah edilir. Təsadüfi deyil ki, İranı koalisiyaya qoşulmaqdan dərhal və qəti şəkildə imtina elədi, üstəlik, bu təşəbbüsü sərt şəkildə pisləyərək rəsmi ər-Riyadı qınadı.
Tehranın narahatlığı həm də 34 müsəlman ölkəsinin, o cümlədən Türkiyə və Pakistanın qoşulduğu koalisiyanın onu təcrid duruma salma perspektivi ilə bağlı idi. O da məlumdur ki, koalisiyaya qoşulmaq üçün ər-Riyad Bakıya da dəvət göndərib. Azərbaycan XİN-dən isə bu təklifin öyrəniləcəyi bəyan edilib. Amma üstündən yetərincə vaxt ötməsinə baxmayaraq rəsmi Bakı hələlik konkret mövqe ortaya qoymayıb.

***
Sözsüz ki, şiə şeyxinin edam edilməsi Azərbaycanın seçimini ağırlaşdıracaq. Çünki İran Səudiyyə Ərəbistanı rəhbərliyinə qarşı indi qat-qat radikal mövqedədir, nəinki son Həcc ziyarəti zamanı Məkkədə yüzlərlə iranlı zəvvarın faciəvi şəkildə həyatını itirməsinə görə. Tehran Bakının ər-Riyada doğru addımını güclü qıcıqla qarşılaya bilər.



Hərçənd ötən yazılarımızda vurğuladığmız kimi, əsas müttəfiqlərimiz Türkiyə və Pakistanın da yer aldığı koalisiyaya qoşulmaq ölkəmizə pozitiv dividentlər vəd edir, nəinki neqativ. Seçim isə ləngiyir. Belə görünür, rəsmi Bakı əhalisinin əksəriyyəti şiə müsəlmanları olan ölkəmizə cənub qonşumuzun müdaxilə imkanlarını da ciddiyə alır. Bu imkanlar son Nardaran hadisələri zamanı özünü növbəti dəfə çılpaqlığı ilə göstərmişdi...

Bütün hallarda seçim yəqin ki, milli çıxarlar əsasında ediləcək. Necə ki, İranın özü daim ümmət maraqlarından yox, dövlət maraqlarından çıxış edir. Bir şey dəqiqdir ki, Azərbaycan Tehranın dövlət maraqları olmasa belə, məzhəb qarşıdurmasında İran tərəfdə yer alıb özünü müsəlman aləminin əsas kəsiminə qarşı qoya bilməz.

Əlbəttə ki, dini baxışlarına görə insanların edamı pislənməlidir. ən-Nimr və həmfikirlərinin qətli də lənətə layiq hərəkətdir, antibəşəridir, kitaba, Qurana sığmayan bir vəhşilik aktıdır - necə ki, bütün dünya məhz bu mövqedə dayanıb. Fəqət, bu olaydan hansısa siyasi dairələrin İslam dünyası və müsəlman vəhdəti əleyhinə istifadəsi, vəhşiliyə vəhşiliklə, İŞİD-sayağı cavab verilməsi də yolverilməzdir.



Bu mənada Azərbaycan ümumilikdə qarşıdurmadan kənarda dayanmağı, imkan daxilində barışdırıcı mövqe tutmağı, eyni zamanda öz daxilində dini tolerantlığa hər hansı təhlükəni qətiyyətlə önləməyi bacarmalıdır. Eyni zamanda Azərbaycan yaranmış vəziyyətdə gərək onu da unutmasın ki, bu gün qardaş Türkiyə işğalçı Ermənistanla sərhədləri bağlı saxladığı halda, şiə İranı təcavüzkarla sıcaq münasibətlər qurub və düşmən ölkəni ayaqda saxlayan iki ölkədən, İrəvanın ən sadiq müttəfiqlərindən biridir. Bu da Tehranın xarici siyasətdə dini dəyərlərə deyil, dövlət maraqlarına üstünlük verdiyinə şübhə yeri saxlamır.

Tehran bu siyasəti dəyişməyə hazırlaşmırsa, o zaman Bakı da ən əvvəl özünün milli maraqlarını əsas götürməlidir - o cümlədən strateji seçim məsələsində və təbii ki, qardaş Türkiyə ilə sinxron qərarlar vermək şərti ilə. Günümüzün reallıqları, regionda gedən ziddiyyətli proseslər də bunu diktə edir.

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.