Azərbaycana qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsinə əvvəlcə Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr, daha sonra Hüquq və maliyyə komitələrində baxılacaq
Hikmət Hacızadə: “...Qarşısını almaq mümkün olmayacaq”; Vaqif Hacıbəyli: “14 səhifəlik həmin sənədin 80 faizi xalqa qarşıdır”
ABŞ Konqresinin Helsinki Komissiyasının həmsədri Kristofer Smitin hazırladığı “Azərbaycan demokratiya Aktı-2015" adlı layihənin Yeni il tətilindən sonra ardıcıllıqla Konqresin müvafiq komitələrində müzakirəyə çıxarılacağı gözlənilir.
Vaşinqtondakı mənbələrdən virtualaz.org saytına məlum olub ki, Azərbaycana qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsinə əvvəlcə Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr, daha sonra Hüquq və maliyyə komitələrində baxılacaq.
Konqresin mətbəxinə yaxından bələd olan analitiklər hesab edirlər ki, layihənin Xarici əlaqələr komitəsində dəstəklənməsi halında sənədin digər komitələrdən də keçməsi şansı kifayət qədər yüksək olacaq. Çünki bu kimi siyasi mahiyyət daşıyan sənədlərdə Xarici əlaqələr komitəsinin mövqeyi digər komitələr üçün də əsas hesab olunur.
Xarici əlaqələr komitəsinin sədri artıq 12-ci müddətdir ki, Konqresdə təmsil olunan respublikaçı Ed Roysdur. O, ermənilərin sıx yaşadığı Kaliforniya ştatını təmsil edir. Konqresmen Roys Amerikanın xarici siyasətinin formalaşmasına mühüm təsiri olan siyasətçilərdən biridir, eyni zamanda Konqresdəki erməni dəstək qrupunun həmsədridir.
Konqresmen Roys ABŞ üçün arzuolunmaz ölkələrə və rejimlərə qarşı sanksiyaların tətbiqində həmişə öndə olub. 2010-cu ildə İrana qarşı sərt iqtisadi-maliyyə sanksiyaların tətbiqində aparıcı fiqur idi. Məhz onun fəal lobbiçiliyi sayəsində ABŞ İranın beynəlxalq maliyyə sisteminə çıxış imkanlarını məhududlaşdıran, nəticədə Tehranı nüvə məsələsində güzəştə getməyə məcbur edən sanksiyalar qəbul edilib. Habelə Ed Roys Suriyada Bəşər Əsəd rejiminə qarşı etirazların başlamasından az sonra bu ölkəyə qarşı sanksiyaları nəzərdə tutan Aktın qəbulunun əsas təşəbbüskarlarından biri olub. Habelə Vyetnamda insan haqlarının vəziyyətinə dair bir neçə aktın müəllifidir.
Ed Roys ABŞ Konqresində ABŞ-ın ermənilərin iddia etdiyi soyqırımın tanınması ilə bağlı səylərinin qızğın müdafiəçisi kimi tanınır. Habelə o, Xarici əlaqələr komitəsinin demokratlardan olan həmsədri Eliot Engellə birlikdə neçə vaxtdır ki, Dağlıq Qarabağ münaqişəsi zonasından snayperləri geri çəkmək üçün Azərbaycana təzyiq göstərilməsi istiqamətində iş aparırdı.
Ed Roys Amerikadakı erməni təşkilatları ilə sıx əməkdaşlıq şəraitində dəfələrlə bu barədə bəyanatlar qəbul edib, prezident Barak Obamaya müraciət edərək onu Azərbaycana təzyiq göstərməyə çağırıb. Konqresmen Roys habelə 1992-ci ildə Azərbaycana qarşı qəbul edilmiş 907-ci düzəlişə səs verənlərdən biridir.
Azərbaycana qarşı sanksiya layihəsini hazırlayan Kristofer Smitin özü də Xarici əlaqələr komitəsinin aparıcı üzvlərindən biridir. Habelə bu komitədə vaxtaşırı olaraq Azərbaycanda insan haqları məsələsini qaldıran respublikaçı Dana Rohrabaçer, Ted Poe kimi konqresmenlər təmsil olunub. Bu baxımdan Kristofer Smitin layihəsinin Xarici əlaqələr komitəsindən keçməsi ehtimalı yüksək hesab edilə bilər. Lakin ABŞ Konqresində qanunvericilik aktlarının qəbulu kifayət qədər uzun prosesdir və aşağı palatada təsdiqlənsə belə, layihəyə Senatın Xarici əlaqələr komitəsində də baxılmalı, nəhayət, imzalanmaq üçün prezidentə təqdim olunmalıdır. Layihənin hər iki palatada müzakirəsi və təsdiqlənməsi aylarla, hətta iki-üç il vaxt apara bilər.
Əgər Azərbaycana qarşı sərt sanksiyaların qəbul edilməsi səylərinin arxasında Ağ Ev və Dövlət Departamenti dayanmayıbsa o zaman Kristofer Smitin Aktının Konqresdən keçməsi halında belə onun təsdiqlənərək qüvvəyə minməsi asan olmayacaq. Ancaq bu Aktın arxasında Dövlət Departamenti və Ağ Ev dayanıbsa o zaman mümkündür ki, Konqresdə müzakirələr sürətlə aparılsın, qanun layihəsi 2016-cı ilin ortalarında imzalanmaq üçün prezidentə göndərilsin.
Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, sanksiyaları nəzərdə tutan layihədə əksini tapan maddələrin ardıcıllıqla Konqresin komitələrində müzakirəyə çıxarılması prosesin çox ciddi məcraya yön alması demək olacaq: “Bu, o deməkdir ki, layihənin Konqresdə qəbul edilməsi gözləniləndir. Azərbaycanda tezliklə demokratik islahatlar olmasa, siyasi məhbuslar azad olunmasa həmin layihənin qəbul olunaraq qanun şəklində qüvvəyə minməsi realdır. Hələ nəzərə alınmalıdır ki, bu layihədən başqa da sanksiyaları nəzərdə tutan daha bir layihə var. Yəni məsələ olduqca ciddidir və bunu qulaq ardına vurmaq olmaz. Çox təcili addımlar atmaq lazımdır ki, bu layihələr qəbul edilməsin. Təkcə ABŞ-da lobbiyə və hansısa şəxslərə, qurumlara pul xərcləməklə bu qanun layihəsinin qəbul edilməsinin qarşısını almaq mümkün olmayacaq. Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, səfirliyimizin vasitəsilə ABŞ-da iş aparılır. Təkcə ABŞ-da iş aparmağın xeyri yoxdur.
Ölkəmizin daxilində iş aparılmalıdır, vətəndaş cəmiyyətinə, müxalifətə, jurnalistlərə basqılar dayandırılmalıdır, siyasi məhbuslar azad edilməlidir, demokratik islahatlara start verilməlidir. Yalnız bu halda ABŞ Konqresinə təqdim olunmuş qanun layihəsinin qəbulunun qarşısını almaq mümkündür. Çıxış yolu budur. Amerikanı hədələməklə heç bir şeyə nail ola bilməzlər. Bunu da bilmək lazımdır. Devalvasiyadan sonra ölkəmiz, xalq onsuz da pis vəziyyətə düşüb. Üzərinə sanksiyalar da gəlsə, lap acınacaqlı vəziyyət yaranacaq. Şəxsən mən çox narahatam. Xalq hələ ki şokdadır, hələ sanki başa düşmür nə baş verir”.
Azərbaycanın ABŞ-a Əfqanıstana gedən təyyarələr üçün hava məkanını bağlamaqla təzyiq göstərməsinin effekt verib-verməyəcəyinə gəlincə, H.Hacızadə qeyd etdi ki, ABŞ-ın Əfqanıstana daşımaları həyata keçirmək üçün alternativ yolları var: “Birincisi, dəniz vasitəsilə Pakistan, Pakistandan isə Əfqanıstana. İkinci yol Rusiya üzərindən keçir. Ulyanskda bir aerodrom var. Həmin aerodromdan istifadə edilə bilər. Mən eşitməmişəm ki, Rusiya o aerodromu ABŞ-ın üzünə bağlayıb. Türkiyə üzərindən də uzaq da olsa istifadə etmək mümkündür. Yəni Azərbaycanın ABŞ-a qarşı istifadə etdiyi Əfqanıstan marşrutu kartı da ciddi təsir göstərməyə bilər”.
Bu arada məlumat yayılıb ki, ABŞ-da yaşayan bir qrup azərbaycanlı Helsinki Komissiyasının Azərbaycan hökumətinə qarşı sanksiyalara dair Konqresə təqdim etdiyi qanun layihəsini dəstəkləmək üçün kampaniya başladıb. ABŞ azərbaycanlılarının bu layihəyə dəstək məqsədilə yaratdıqları petisiyada göstərilir ki, Azərbaycan hökumətini insan haqları və demokratik dəyərlərə hörmətlə yanaşmağa məcbur etmək üçün sanksiyalar vacib görünür. Müraciətdə Konqres üzvlərindən Kris Smitin layihəsinə dəstək vermələri istənilir.
Əhrar Partiyasının sədri, hüquqşünas Vaqif Hacıbəyli isə facebook səhifəsində yazıb ki, əvvəl layihəni oxuyub yaxşı öyrənmək, sonra onun Azərbaycan xalqının mənafeyinə tam uyğun olub-olmadığını iddia etmək olar: “Qanun layihəsi müəyyən hissədə, yəni energetika sahəsi daxil olmaqla, iqtisadi sanksiyaların tətbiqi hissəsində Azərbaycana ziyandır və rədd edilməlidir. 14 səhifəlik həmin sənədin 20 faizi hakim zümrəyə, qalan 80 faizi xalqa qarşıdır. Diqqətli olun, oxuyun, öyrənin, öz əlimizlə özümüzü bəlaya salmağa imkan verməyin”.
Etibar SEYİDAĞA