MTN işi çözüldükcə, bu nazirliyin çətiri altında gizlənən mafiyanın digər dövlət qurumları içərisindəki əlaqələri də ifşa olmaqdadır. Azerinfo.org saytının iddiasına görə, Eldar Mahmudovun liderlik etdiyi, Akif Çovdarovun əsas füqur olduğu şəbəkənin Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəisi müavini Müşfiq Rəhimovun geniş biznesi olmaqla yanaşı, həm də bu şəbəkə ilə ciddi əlaqələri olub.
Məlumatda qeyd olunur ki, şöbə rəisinin müavini ilə generalın birlikdə nömrə biznesi də olub. Əsasən də MTN işçilərinin istəyinə uyğun olan nömrə nişanlarını əldə etmək və baha qiymətə satmaq sahəsində sövdələşmələri mövcud imiş.
Qeyd edilir ki, Rəhimov hazırda həbsdə olan və bir sıra ağır cinayətlərdə ittiham olunan MTN generalına geniş imtiyazlar tanıyıb. Onun xeyli sayda maşınlarına dəyəri hazırda 50-60 min manat olan nömrələr hədiyyə edib. Əvəzində isə nazirlik işçilərinə və ya onlara bağlı adamlara dəyərindən bir qədər artıq nömrələr satıblar.
Düzdür, Müşfiq Rəhimovla MTN zabitini birləşdirən əlaqələrlə bağlı başqa iddialar da var. Hərçənd bu iddiaların doğru olub, olmadığını araşdırmaq qeyri-mümkündür. Məsələn, həmin iddialara görə, Müşfiq Rəhimov MTN-ə gətiriləcəyi nəzərdə tutulan iş adamının avtomobillərinin nömrələri və markaları barədə generala müfəssəl məlumatlar verib.
Onu da qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsində dövlət nömrə nişanlarının şıdırğı alverinin getdiyini bilməyən yoxdur. BDYPİ-də nömrə alverini məhz sözügedən idarənin şöbə rəisinin müavini Müşfiq Rəhimov həyata keçirir. O açdığı bu bazarda cüt nömrələri məmur uşaqlarını və ya imkanlı şəxslərə böyük rüşvət müqabilində edir. Təbii ki, hər nömrənin də öz qiyməti var. Bu rəqəmlər isə 5000 manatdan başlayıb, 50 min manata qədər ola bilir..
Verilən məlumatda vurğulanır ki, həbsdə olan general hətta Rəhimovu mətbuatdan qorumaq missiyasını da üzərinə götürübmüş. Belə ki, şöbə rəisinin müavinin adı məhz bu səbəbdən uzun illər mediada ümumiyyətlə çəkilməyib. Onunla bağlı yazı yazan mətbuat orqanları isə müxtəlif yollarla susdurlub.
Bunun qarşılığında Müşfiq Rəhimovun Akif Çovdarova 250 min dollarlıq brilliant gül bağışladığı da bildirilir. Qeyd olunur ki, nadir hədiyyələri o, İsraildən gətirir. Eyni zamanda sahibi olduğu 1 milyon dollarlıq “Xəzər Palace” restoranında da bəzi bəzək əşyalarının da həmin ölkədən gətirdiyi vurğulanır.
Qeyd edək ki, M.Rəhimov qanuni oğru Rövşən Lənkəranskinin qohumudur.
Azerinfo.org