Ramiz Mehdiyevin məqsədi başqa imiş...

6-01-2016, 22:38   

Eldar Sabiroğlu: "O, tarixə böyük dövlət adamı və əvəzsiz elm xadimi kimi düşmək istəyir"

YAP-çı, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev haqqında yazdığı yazının 2-ci hissəsini tamamlayıb. Meydan TV həmin yazını olduğu kimi təqdim edir:

Ön söz əvəzi

İndi mənim üçün danışmaq bir qədər çətindir. Ancaq danışacağam. Çünki gərəkli bir izahatım var. Qərara gəldim ki, ürəyimdən keçənləri, fikirləşdiklərimi insanlarla bölüşüm. Yoxsa sakitləşməyən tərəddüdlər məni öz məngəsinə alıb sıxdıqca sıxırdı. Rahatlıq tapmağa can atırdım. Ona görə də siyasi hekayətin ikinci hissəsindən əvvəl ön söz yazmağa məcbur oldum. Qısaca, vəziyyət belədir. Oğlum Rüfətin yanlış addımına görə Ramiz Mehdiyev haqqında qələmə aldığım yazını cəmiyyətə təqdim etməkdən daşınmışdım. İctimai rəydə dolaşıq, xoşagəlməyən söz-söhbətlərin yaranmasına fürsət verə bilərdim. Bu səbəbdən qaçırdım. Çünki övladım bir qədər dilimi qısaltmış, mənə həyatın “dərs”lərini öyrətmək istəyənlərin isə dilçəyini uzatmışdır. Məhz buna görə yuxarıda qeyd etdiyim kimi, tərəddüd etməyə başlamışdım. Doğrudan, zaman, dövr qəribəliklərlə dolu imiş. İnsan başına gələcəyini əvvəlcədən duymuş olsa idi, nə vardı ki?!

Günün birində qərarım üzərində düzəliş etməyi düşündüm. Özüm-özümə sual verib, cavabını da özümdən sordum: “Yaxşı, bəs sonra?! Qələmin günahı nə imiş? Qərarımdan bax beləcə dönərək, siyasi hekayətimin ikinci hissəsinin tirajlanmasına kökləndim. Bir də ki, oğlum səhv etsə də, mən onu narkoman, rüşvətxor, harın övlad kimi yetişdirməmişəm. Gözəl təhsil almışdır, çalışdığı müddətcə valideynlərinə hörmətsizlik gətirən bir tərzə yol verməmişdir.

Devalvasiya və sanksiyalar elə bilirəm ki, siyasi hekayətimin ikinci hissəsinin izlənilməsinə diqqət və marağı azaltmayacaqdır. Əksinə ictimai rəy baş qəhrəmanım Ramiz Mehdiyevin siyasi devalvasiyasina daxili siyasi sanksiyalar qoyulmasını şərtləndirən bir sıra faktoloji və təhlili məqamlarla yaxından tanış olacaqdır. Beləliklə, ikinci hissənin təqdimatı!

Ramiz Mehdiyev kultu necə yarandı?!

İstəsək də, istəməsək də, bu fakt artıq mövcuddur. Gizlətməyin mənası yoxdur. Təhlükəli gercəklikdir. Bir zamanlar onu Suslovla da müqayisə edirdilər. Mehdiyevin çərçivəsindən kənar və böyük göründüyünə görə təbliğatçıları bənzətməni gündəlikdən yığışdırdılar. Hakimiyyətin önəmli simalarından sayılan bu şəxsin xarakterik cizgilərinin hələ ki, tam açılmaması ciddi düşünməyə əsaslı səbəblər verir. Onun qapalı və gizli kimliyi iqtidarla cəmiyyətin birgə problem olduğu üçün birgə də həllini tapmalıdır. Onun xatirinə ki, cəmiyyət bir də bu cür örtüyə bürünmüş yüksək dövlət məmurunu böyük kürsülərdə görərək əzab çəkməsin.

O, adi vəzifə daşımır, hündür mərtəbə sahibidir. Qaranlıqlar onun şəxsiyyətini öyrənməyə və görməyə imkan vermir. Sanki işıqsız tunelə bənzəyir, bilmədən oraya daxil olub sonradan günəşli dünyaya yol tapa bilməzsən, birdəfəlik itib-batarsan. Darıxmayın, R. Mehdiyev kultunun daha dərin kök atmasına zaman bundan sonra daha imkan verməz. Şəxsən mən bu ümüdlər içərisindəyəm. Lakin bir sıra məsələləri hələlik tam dəqiqləşdirə bilmədiyimdən, bu şəxsin hərtərəfli təhlilini canlandırmaqda çətinliklərlə qarşılaşıram. Açığı belədir. Həm də bu cür mübahisəli insan həyatının siyasi obrazını olduğu kimi süzgəcdən keçirmək inanın ki, çətindir. Ona görə də özümüzü üzərək zamanı vaxtından tez qapı ağzına gətirməyə tələsməyək. 20-25 il dözmüşük, bir az da səbr edək! Zatən özgə əlacımız da yoxdu. Parlaq leninçi kommunistin, 37-ci illərin dərslərini mükəmməl mənimsəmiş müasir Lavrenti Beriyanın, müstəqil Azərbaycanın isə “akademik”- dövlət məmurunun bəzi mənəvi keyfiyyətləri üzərində dayanaraq hekayətimin ikinci hissəsinə, nəhayət, nəfəs vermək xoşbəxtliyinə nəsib oluram. Bu, bir borc idi mənim üçün. Necə ödədiyimi oxucular bilər…

ONLAR VAHİD MƏRKƏZDƏ BİRLƏŞİBLƏR …

Əvəzedilməzlik kultunu formalaşdırmaq təkbaşına R. Mehdiyevin səyləri sayəsində başa gəlməmişdir. Ona sədaqətlə xidmət göstərən çoxsaylı tərəfdaşlarının səngimək bilməyən təbliğatının əhəmiyyətli rolu inkar edilə bilməz. Tərəfdaşlar dövlət strukturlarından tutmuş ictimai birliklərdə, ölkənin bir çox siyasi partiyalarında, müxalifət və müstəqil kütləvi informasiya vasitələrində,nazirlik və komitələrdə, özəl şirkətlərdə cəmləşərək vahid bir mərkəz şəklində ictimai şüura R. Mehdiyev şəxsiyyətinin bənzərsizliyi, dövlət hakimiyyətində xüsusi çəkiyə və son sözə malik olması barədə fikirləri yeritməklə məşğuldurlar. Bu “mərkəz”in fəaliyyəti dağınıq deyil, əlaqələndirici formada aparılması uğurlu nəticələrin əldə edilməsinə güclü təkan verir. "Mərkəzin” üzvləri bir-birilərini yaxından tanıyır, fikir bölüşdürmək üçün paytaxtın "Qurd Qapısı" ərazisində yerləşən Mehdiyevlərə məxsus məşhur restoranda tez-tez görüşlər keçirmələri barədə söhbətlər gəzir. Bəzi məlumatlar da isə üzvlərin iz azdırmaq üçün şəhərdən kənar istirahət mərkəzlərində toplandığı da bildirilir. Əlbəttə, bu görüşlərdə dövlət başcısına qarşı hər hansı münasibəti planlaşdırmaq yox, sadəcə Ramiz Mehdiyevin vəzifədə qalması üçün yolların və imkanların axtarışı üçün fikir mübadiləsi aparıldığına dair xəbərlər yer alır. Lakin mətbuatın böyük hissəsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin himayəsində və nəzarətində olduğundan bu məlumatlar demək olar ki, tirajlanmır.

Daha digər əsaslı bir fakt. Bu gün elə icra aparatı yoxdur ki, Mehdiyevin beş-altı müdafiəçisi və dəstəkləyəni orada işləməsin. Onlar həm də adi vəzifələrdə oturmayıblar, həlledici həlqələrə sahibdirlər. Birinci şəxslər də bu adamlarla hesablaşmağa məcburdurlar. Birləşən səylər ölkədə R.Mehdiyevin dövləti idarə etməsi haqda absurd və reallıqla qəti əlaqəsi olmayan yanlış təssəvvürləri içtimai rəyə yeridə bilib. Mehdiyevin təbliğatının restoran və istirahət mərkəzlərindən qanad açan gücünü burada axtarmaq lazım gəlir. Təhlükəli işdir. Dumanlı kafaların bu zaman suyu bulandırmaq üçün başqa addımlar atacaqlarına təminat vermək çətindir. Hakimiyyət özü yəqin ki, bunun fərqindədir. Açığı cəmiyyət də Ramiz Mehdiyevin getdikcə möhkəmlənməsinin əleyhinədir, onu barışdırıcı faktor qismində təsəvvür etmirlər.

Dunya dövlətlərinin əksəriyyətində oxşar vəzifə sahibləri əsasən kargüzarlıq-dəftərxana işilə məşğul olur, başqa sözlə, siyasi-ideoloji istiqamətlərin təyin olunmasinda, müəyyənləşməsində bu və ya digər formada rol almır. Ancaq hansı səbəbdənsə Azərbaycanda bu vəzifənin üstünlükləri Konstitusiya ilə təsbit olunmasa da, de-fakto Baş nazirdən və Milli Məclisin sədrindən daha yüksək qatda dayanır ki, bu da Mehdiyevin ölkədə intəhasız səlahiyyət qazanması üçün münbit zəmin yaradır. Hətta desəm ki, bəzi hallarda ona hesabat da verirlər, təəccüblənməyin. Dünənə qədər belə şeylər tez-tez olurdu, indi davam edib-etməyəcəyini kəsinliklə deyə bilmərəm.

Tərəfdarları hər əlverişli belə fursətlərdən məharətlə istifadə edərək, əvəzedilməz fiqur kimi onu dövlətin sarsılmaz bel sütunu elan edirlər. “Akademik”-dövlət məmuru haqda KİV-də dərc etdirdiyim silsilə yazılardan sonra ünvanıma yönələn hücumlar, hətta təhqirdolu çıxışlar göstərdi ki, adminstrasiya rəhbərinin qarşısında ”yaşım, biliyim, xalqa və dövlətə sədaqətim, Prezidentə bağlılığım” Mehdiyevlə müqayisədə yerlə-göyün fərqi kimi xatırladılaraq, bir az da kəskin hədələrlə mənə “yerimi” tanımağımı məsləhət bildilər. İlk gurultulu əks-səda Yeni Azərbaycan Partiyasından gəldi. Bəla burasıdır ki, Heydər Əliyevin ərsəyə gətirdiyi bu siyasi təşkilatda Ramiz Mehdiyevin qrupu kifayət dərəcədə üstünlüklər təşkil edir, yerləri də möhkəmdir. Onlardakı partıyadaxili ikili əqidə standartını seyr etdikcə səngərin bölündüyünu artıq açıq görür və buna yalnız təəssuflənirsən. Axı belə olmamalıydı! Bu xoşagəlməz halın haradan və necə qaynaqlandığını qiymətləndirmək və mənbəni taparaq vaxt itirmədən ifşa etmək bizim işimiz deyil… Mən gördüyümü gördüm. Mehdiyevi tənqidimə görə ölçü-biçi tanımadan son dərəcə tərbiyəsiz şəkildə təhqirlər yağdırdılar. Təkrar dilə gətirmək istəmirəm. Zəncirli adamın bir hip-hopa qələmə aldırıb, sonra da öz imzasını qoyaraq, paylaşdığı cızma-qarasında Mehdiyevi göyün yeddinci qatına qaldırır, onu milli kimliyimizin və dövlətçiliyimizin keşiyində dayanan böyük dövlət adamı kimi tərənnüm edir, kiminlə savaşa qatıldığımın fərqinə varmaqla ciddi düşünməyimi ultimativ şəkildə nəzərimə çatdırdılar. Gerizəkalılar deyəsən, öz aləmlərində artıq ikili hakimiyyətin hökm sürməsinə obuvatel səviyyəsində inanmağa başlayıblar. Ya da boz kardinala enində-sonunda hakimiyyətin davamı kimi pərəstiş etdiklərindən onun arxasında sonadək dayanmağı özləri üçün siyasi borc hesab edirlər.

“Məşhur” politoloq-sözçünün inamına görə, Mehdiyevsiz dövlətin idarə edilməsinin çətinliyi ideyası sətiraltı olsa da qeyd edilməklə yanaşı, onun qalmaqallı işlərdən kənarda saxlanmasına da cəhdlər göstərilir. MTN işi ilə əlaqədar R. Mehdiyevin adını hallandırmağımı səhv hesab edən məlum politoloq hadisələri çox dayazlıqla Prezidentin ayağına yazmağa səy edir. Xatırlayırsınızsa, siyasi hekayətimin birinci hissəsində Eldar Mahmudovun əməllərindən R. Mehdiyevin xəbərsiz olduğuna şübhə ilə yanaşdıgımı qeyd etmişdim. Hüseynli bildirmişdir ki, dövlətin güc nazirliklərinə, o cümlədən MTN-ə dövət başçısı nəzarət edir, R.Mehdiyevin bundan xəbəri ola bilməzdi. Siyasi riyakar ictimai diqqətə bu tezisi pərçim etməklə, bütün xətaları Prezidentin üzərinə yükləyir. Heydər Əliyev elə-belə adama qiymət verməz​​​​​​​

Politoloqun maskasını götürəcək başqa bir fakt. Yenə Ramiz Mehdiyevin müdafiəsi. Təxminən 4-5 il öncə Zeynal Nağdəliyevlə bağlı bəzi fikirlər dolaşarkən Qabil bu dəfə də özünü administrasiya rəhbərinin qalxanına çevirmişdi. Guya ərazi idarəetmə orqanları üzrə şöbə müdiri Z.Nağdəliyev tezliklə R.Mehdiyevin yerinə keçəcəyi ilə əlaqədar hardasa ağzından söz qaçırıb. Sözün düzü, o qədər inandırıcı görünmür və Z.Nağdəliyevi də müdafiə etməyi qarşıma məqsəd qoymamışam. Bir dəfə olsun belə onunla üz-üzə gəlib hal-əhval tutduğumu xatırlamıram. Olmayıb!

Prezident daha dözmür !

Amma ədalət naminə deməliyəm ki, ictimai rəydə nifrət qazanmış Yusif Hümbətovdan Nağdəliyev ismi daha üstün məziyyətlərinə görə diqqət çəkir. Bir vətəndaş olaraq bu qənaətdəyəm. Mehdiyevdə iynənin ucu qədər də olsa, tək müsbət çalar tapa bilərik, amma TELMAN ORUCOVUN silahdaşı Hümbətov isə tamamilə bundan xalidir. YAP Ali SOVETİN qarşısında yaş senzi ilə əlaqədar etiraz mitinqləri keçirəndə hazırda partiyanın idarə heyətinə soxulmuş bu adam T.Orucovdan ayrılıb bir dəqiqəliyə aşağı duşmədi. İndi hazır kökəyə sahibdir. Onun YAP İdarə Heyətinin üzvülüyünə gətirilməsini partıyanın siyasi həyatında bir faciə kimi anlıyıram. Onun partıyada bir daşı-bir daşın üstünə qoymaması qalsın o yana, adı partiya ilə yanaşı çəkiləndə YAP-n bir canlı orqanizmi kimi nə qədər ağrı çəkdiyinə biganə qala bilmirsən. Ayaz Mütəllibovun Əmək Partıyasının ilk flaqmanı olan Ramiz Mehdiyev də həmçinin. İndi o da bir cibində kommunist və əmək partıyalarının biletlərini, digər cibində isə YAP-ınkını saxlayır.

Partiya həyatı ilə bağlı daha maraqlı və cəzbedici ”örnəklər” barədə söhbət açmağa mövzular az deyil. Sadəcə indi vaxt aparmamaq üçün sadalamağa ehtiyac duymuram. Əgər imkan olarsa, yaxın iki-üç ildə partıyanın tarixi ilə əlaqədar bir kitab yazmağı nəzərdə tuturam və bunun böyük əks-səda doğuracağına əminəm. O zaman Ramiz Mehdiyev və onun kimilərin tam siyasi tərcumeyi-halı ilə yaxından tanış olacaq və Əliyevlərin çörək verdiyi bəzi adamların “sədaqətindəki” qeyri-səmimiliyi, dönüklüyü görəcəksiniz. Onlar dünən də, bu gün də portretlər arxasında özlərinə yuva quraraq, meşoklarla varidat toplamağın yollarını düşünüblər. Gözqamaşdıran valyutalar göydən düşməyib. Xalqın sərvətini mənimsəməklə bu milyardlara yiyələniblər. Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev bu cür dözülməz halları yumruq kimi harınlamış dövlət məmurlarının üzünə çırpdı. Dövlət başcısının rüşvətxorluğa, korrupsiyaya daha dözə bilmədiyi aydın hiss edilirdi. Yeni il qabağı bunun daha kəskin anonsunu verən Prezident idarəetmə sahəsində geniş islahatlar aparacağını bəyan etdi. Ağlı və qabiliyyət imkanları tükənmiş kadrlarla xudahafisləşməyin vaxtı yetişib. Bu işdə xalq Sizin yanınızda dayanacaq. Görün, vəziyyət haralara qədər gəlib çıxıb. Rüşvət almayan adamı istedadsız, bacarıqsız, vəzifənin mahiyyətini anlamayan əfəl birisi kimi hesab edirlər.

Əlqərəz, R. Mehdiyevi hakimiyyətin bel sütunu adlandıranlar iqtidarın təşəkkulundə, möhkəmlənməsində, formalaşmasında onun misilsiz xidmətlərini göstərməklə idioloji müəllimlərini,“ çağdaş Azərbaycan fəlsəfi və ictimai fikirinin müqayisəsiz liderini” əvəz edəcək şəxsin yetişmədiyini, yəni anadan doğulmadığını bəyan edirlər. İzaha söz tapmaq çətindir. Bəlkə bizə bəlli olmayan səbəblər vardır… Yoxsa bu şəkildə yarınmağın mənası nədir?! İntriqanın zəiflədiyi aylar

Bel sütununun sementi ovalanmaq üzrədir. Onun əvəzedilməzliyi haqda miflər uyduran bəzi YAP-çılar və onların partiyadan kənar yandaşlarına papaqlarını qarşılarına qoyub düşünməyi məsləhət görərdim. Əvvəla, elə bilməyin ki, mən Prezident Administrasiyasının rəhbərini qərəzli qaydada sıradan bir dövlət məmuru, təcrübəsiz ictimai-siyasi xadim kimi dəyərləndirirəm. Əsla, belə ideyadan uzağam və bunun ədalətsiz yanaşma olduğunun da fərqindəyəm. Sadəcə, bu şəkildə şişirtməyin, dağ başına qaldırmağın əleyhinəyəm. Təxminən keçən ilin yaz aylarında R. Mehdiyev xeyli müddət işinin başında görünmədi. Müalicəsi ilə məşğul idi, Allah şəfasını versin. Dünya dağılmadı, dövlət öz məhvərindən çıxmadı ki! Ölkə yenə öz yolu ilə getdi, nəzarət sistemi, dövləti idarə etmək mexanizmi daha səmərəli, daha çevik, daha ciddi qaydada yerinə yetirildi. İntiriqanın nəzərəçarpacaq dərəcədə zəiflədiyini də müşahidə edə bildik.

Bütün bunlara baxmayaraq, Mehdiyevin ətrafında təşkilatlanmış qrup fəaliyyətini davam etdirməkdən usanmırlar. İndi başqa bir tezislə meydana çıxıblar. Sən demə, müasir Azərbaycan elmini də ondan ayrı təəsəvvür etmək mümkünsüzmüş. Yazıq Azərbaycan! Kult tarıxə düşməyə can atır. Nəyi ilə? Bax bu sirrin düyünü açılıb cəmiyyətə təqdim edilməlidir. Onun “zəka” miqyasına bələdəm. Olsa-olsa müəyyən istiqamətlər verə bilər. Ancaq iki aydan bir yeni əsər ortaya qoyması böyük şübhələr doğurur. Belə getməyəcək. Əsl müəlliflər, haçansa peşman olduqlarınl dilə gətirəcəklər. Axı bu yekəlikdə vəzifə sahibinin hər ay bir elmi araşdırma ilə özünü təqdim etməsi fiziki cəhətdən mümkün deyildir. Belə çıxır ki, R.Mehdiyev dövlət işilə, ümumiyyətlə, məşğul olmur, gecələr də yatmır.

…Günlərin birində Azərbaycanın nazirlərindən biri H.Əliyevin yanına gəlir və Prezidentə avtoqrafla birlikdə 500-600 səhifəlik kitabını təqdim etmək istəyir. Prezident kitabı alır və vərəqləməyə başlayır. Sonra deyir: “Sən dövlət işilə məşğul olmamısan ki! Götür kitabını da… sənə etibar edilmiş yüksək dövlət vəzifəsini yerinə yetirməklə fəaliyyət göstər!” Administrasiya rəhbərinə baxanda hardasa nazirə şükür etməkdən başqa çarə qalmır.

Bu gün hakimiyyətin dayanıqlığı üçün birləşdirici faktorun zirvədə təmsil olunması həlledici şərtdir. Bu xarizmatik şansı İlham Əliyevin şəxsində görə bilərik. Gəlin yaxın keçmişə nəzər salaq. Çalışdığım qədər müşahidələrimi, düşündüklərimi gizlətmədən söyləcəyəm. Əslində, İlham Əliyev heç də asan olmayan bir şəraitdə, yəni çətin bir zamanda hakimiyyət başına gəldi. Baş nazir təyin edilərkən Heydər Əliyev Klivlend klinikasında ağır vəziyyətdə idi. Cəmiyyətdə bir nigarançılıq, çaşqınlıq hiss olunurdu. Bəzi xarici və daxili qüvvələr Azərbaycanın müstəqilliyini qoruya biləcək siyasi irsin davam etdirilməsinə əngəl yaratmağa hazırlaşmışdılar. Pisi o idi ki, onlar birləşmişdilər. Niyyətləri baş tutmuş olsa idi, bu gün Azərbaycanın suveren dövlətçiliyini yalnız xəyalarımızda canlandırardıq. Bəli, belə bir təhlükə vardı. Lakin İlham Əliyevin möhkəm siyasi iradəsi, Heydər Əliyevin xalqa tarixi müraciəti qurulmuş planları alt-üst etdi. İ. Əliyev sözün tam mənasında inamlı idi. Bu taleyüklü anlarda bəziləri istisna olmaqla, bütövlükdə dövlət aparatının Heydər Əliyev siyasətinin davam etdirilməsi ilə bağlı həmrəylik nümayiş etdirməsi də öz mühüm rolunu oynadı. Əsl kişilik və mərdlik nümayiş etdirdilər! Heydər Əliyevə sədaqətin əsl özünü gördük. Çox duyğulu anlar idi. Hekayətimin birinci hissəsində həmin həyacanlı ərəfələrdə şəxsi tərcüməçi Rauf Huseynovla Ramiz Mehdiyevin sıx ilişgilərinin səbəblərini qələmə aldığıma görə təkrar bir də bunun üzərində dayanmağı lüzumsuz hesab edirəm.

Vəziyyət anidən dönərsə...

Dünyada elə bir hökmdar olmayıb və indi də yoxdur ki, onu hamı bir nəfər kimi qəbul etsin. Bəli, çoxluq Prezident İlham Əliyev tərəfdə olduğuna baxmayaraq bir həqiqət var ki, bu gün istəyən də, istəməyən də onu güclü lider kimi dəyərləndirir. Yadınızdadırsa, bəziləri qışqıraraq deyirdi ki, atası ilə çətin idi, oğlunun öhdəsindən tez gələcəyik. Sonu nə ilə bitdi?! Onların bir qismi bu gün keçmişlərindən imtina edərək, İlham Əliyevin yanındadırlar. Hətta millət vəkili olanlar da, zamanında Heydər Əliyevə söz belə verməyib, çıxışını yarımçıq kəsən Milli Məclisdə komitə sədri vəzifəsini daşıyan da var. Əbülfəz Elçibəyə ”sən klanın əlinə oynayarsan” deyə özünə əlatan məhkəmə sədri də var. Bu gün Parlamendə Əliyevləri ən aşağılayacı təhqirlərə məruz qoyan solçu da əyləşıb. Bu cür özününküləşdirilmə taktikası nümunə kimi ölkəmizə başqa dövlətlərdən ixrac edilməyib. Təcrübə yalnız bizə məxsusdur.Bir anlığa götür-qoy edirsən: Vəziyyət anidən dönərsə, həmin adamların harada dayanacaqlarını və ya keçmiş məkana dönməyəcəklərini necə təssəvvür edərdiniz?! Düşündürücü sualdır, cavablar ondan da düşündürücüdür. “Haqq yola” qayıdanların böyük hissəsi məhz Prezident Adminstrasiyasının rəhbərinə bağlı adamlardır. Onun himayədarlığı və sonsuz məhəbbəti ilə çayın bu tərəfinə adlayıblar.

Hərdən ağlımdan keçir ki, Allah göstərməsin, Heydər Əliyevin həyatına qəsd etmək üçün qara fikrimi reallaşdırmaq məqsədi ilə ölkəyə bir killer gətirsə idim və bu əməlim ifşa olunsaydı, görəsən, R.Mehdiyev güzəştə gedib məni bir kürsüdə əyləşdirərdimi? Əsla! Dərimi soyub heyvana yem edərdilər! Nəslimi qırardılar! Axı mən həm də “ermənipərəstəm”. Müdafiə Nazirliyində xidmət edərkən “düşməni lazımı imformasiyalarla təmin etmişəm!” Bəlkə bəziləri üçün bu sözlərim boğazdan yuxarı danışmaq kimi anlaşılsın, amma mən çoxlarının pıçıltılı söhbətini bu qədər açıq söylədim. Nələr varmış bu dünyada, nələr!

Ağsaqqala bir zəng edin…

Bu şəxs tarixə iki böyük adla düşməyə çalışır. Böyük dövlət adamı və əvəzsiz elm xadimi kimi! O, bunu istəyir. Bunun üçün maneəsiz imkanlara da malikdir. Ölkənin elmi mərkəzləri bilavasitə onun rəhbər göstərişləri altında fəaliyyət göstərir, məsləhətləri ilə hesablaşırlar. Hətta ölkə elminə möhürünü vurmuş insanların boz kardinal ilə necə nəzakət və hörmətlə davrandıqlarını bir dəfə televiziya vasitəsi ilə seyr edəndə nitqim tutuldu. Sən demə, təkcə icra strukturları yox, elmi sferada onun güclü təsir dairəsində imiş. Həm də təəccüblüsü odur ki, bu çoxşaxəli işlərin öhdəsindən o, necə məharətlə gəlir? Qüdrətli intriqa dahisinin üzünə ölkədə elə bir qapı yoxdur ki, açilmasın və ya əmrinə müntəzir dayanmasın.

Yaltaqlıq da fərqlidir: təbiisi, sünisi olur. Mübaliğəsiz deyərdim ki, Mehdiyev burada da qalibdir. Ona yaltaqlananlar daha “səmimi”, daha “etibarlı” görüntü təsiri bağışlayır. Amma yaltaq yaltaqdır. Onlar əhliləşdirilmiş yırtıcı heyvana bənzəyir. Məqamı gələndə bu cür yaltaqlar da sahibini tikə-tikə parçalayıb o dünyaya göndərirlər. Bu cür yaltaqlıqdansa, gedib gülləni gicgahla taxıb zülmüdən birdəfəlik qurtarmaq daha yaxşı deyilmi? Bir dəfə Prezident Aparatının bəstəboy, potasifət və çoxdan tanıdığım bir əməkdaşı mobil telefonuma zəng edərək, görüşməyi təklif etdi. Prezident Aparatında sektor müdiri işləyən “ideoloq” ünvanı da göstərdi. Axşam tərəfi Müdafiə Nazirliyində işimi bitirib oraya-Dəniz Limanına yollandım. Baxdım ki, “dostum” var-gəl edir. Salamlaşdıq, qucaqlaşıb öpüşdük də. Dərədən-təpədən danışdıq, yavaş-yavaş “dostum” açılmağa başlayırdı. Məni dilə tutmağa çalışan əməkdaş gəlib mətləbin üzərində dayandı: “Sabiroğlu, nəyinə lazımdır MN-də mətbuat konfransları keçirib, özünə əziyyət verirsən? Edəsi olsan da yaz bir kağıza üzündən oxu…” Ürəyimdə dedim ki, məsləhətin gözünə girməsin sənin. Davamı bundan da maraqlıdır. “Dostum” “ağsaqqala bir zəng vurun”,- deyə təklif etdi. Dərhal başa düşdüm ki, o, kimi nəzərdə tutur. Lakin özümü avam yerinə qoyub, söhbətin kimdən getdiyini soruşdum. Yenə başladı fırlatmağa. Söylədim ki, “ölkə ağsaqqalına-Prezidentə mən necə zəng vura bilərəm?” Cavab özünü çox gözlətmədi: “Ağsaqqalı deyirəm də, Ramiz müəllimi...”,- deyə reaksiya verdi. Tülkü, deyəsən, mənimlə söhbətə sifarişlə gəlmişdi…

Kimlərin yanında gizlənmişdiniz

Kremlin amansız təqibləri Heydər Əliyevi rahat buraxmırdı. Hər gün onun əleyhinə Moskvaya qucaq-qucaq bohtançı məktublar, teleqaramlar axırdı. Ermənipərəst SSRİ rəhbərliyi üçün bu kompaniya göydəndüşmə idi. Bizimkilər isə sanki qış yuxusuna getmişdilər. Heydər Əliyevə qarşı ədalətsizliyə, haqsızlığa nəinki etiraz səsi çıxarır, hətta mərkəzin məkrinə uyaraq danosbazlıqlarını, satqınçılıqlarını belə əsirgəmirdilər. Mən bunu ermənilərlə özümüzünkülərin bir sırada dayanaraq Əliyevə qarşı vahid cəbhə təşkil etmələri anlamında qavrayıram, başqa adı yoxdur. Beləliklə, Sovet Politbürosunun üzvü, SSRİ hökumət rəhbərinin 1-ci müavini Heydər Əliyev bütün dövləti vəzifələrindən istefa verir. Basqı altında Moskvada yaşayan bu böyük şəxsiyyətin müdafiəsinə Azərbaycanın sadə insanları, haqqı-dəyəri itirməyən oğul və qızları küçələrə töküləşərək, “Heydər Əliyev!!!” deyə səslərini ucaldanda onun, necə deyərlər, həyat və su verdiyi adamlar qaçıb gizlənmişdilər. Hələ buna dözmək olardı. Abırsızcasına xəlvəti olaraq onun əleyhinə işlər də aparırdılar. Bəzilərinə şahidlik etmişəm, bəzilərinin isə əməlləri barədə eyni şeyi yüzlərlərlə şəxsin dilindən eşitmişəm. Qalın-qalın kitablara “müəlliflik” edən və Heydər Əliyevdən kifayət dərəcədə bəhrələnən “əvəzedilməz” harada daldanacaq tapmaq cəhdi təkcə mənə yox, çoxlarına məlumdur. Soruşmaq gərək: O zaman kimlərin yanında gizlənmişdiniz? Niyə üzə çıxmırdınız? Bəlkə bizim bilmədiklərimiz var, arxada xeyli işlər görmüsünüz, açın deyin, camaat da bilsin, sizi qınaq obyektinə çevirməsin! Yeri gəlmişkən sual vermək istəyirəm Ramiz Mehdiyevə! 1987-ci ildən 1993-cü ilədək-Prezident Aparatının ümumi söbəsinin müdiri vəzifəsinə təyin edilənədək harada idiniz?!. Axı, o zaman ardı-arası kəsilməyən hücümlara baxmayaraq, yüzlərlə-minlərlə Heydərsevərlər Ali Sovetin qarşısında, Bakının meydan və küçələrində əllərində Heydər Əliyevin portretləri qorxmadan, çəkinmədən səslərin ucaldırdılar. Vəzifəsini tərk etmiş çoxlu rəhbər kadrlar insanlarla bir cərgədə dayanmışdılar. Bunların heç birində R. Mehdiyev gözə dəymədi. Allah xətrinə, gözlərimlə görməmişəm, ona görə də israr edə bilmərəm. Ancaq xeyli adamdan eşitmişəm ki, həmin dövrlərdə Mehdiyev Ayaz Mütəllibovun kabinetindən çıxmırmış. Növbəti görüşlərin birində də şad-xürrəm prezidentin kabinetini tərk edərək Gülşad Zərbəliyevə gülə-gülə “ bitirdik onu!”-deyir. Kimi bitirmişdiniz? Kimə haqsızlıq və ədələtsizlik etmişdiniz? Cavab verə bilərsinizmi, hörmətli “akademik”? Axı, Allahın bitirmədiyini bəndəsi bitirə bilməz! Bəlkə yanlışı söyləyirik, yalan danışırıq. Yaxşı, bunun biri, ikisi, üçü yalan, hamısı yalan?!. Qəribədir, bu “yalan”lar, görəsən, ondan nə istəyir?

Bu da yalandır. Sizin görünmədiyiniz vaxtlarda Heydər Əliyev naminə gənclər çiyin-çiyinə dayanmışdılar. Əliyevə dərin sevgi və məhəbbət onları meydanlara gətirirdi. Həmin vaxtlarda Bakıdan bir ata-bala Heydər Əliyev xəstəxanada yatarkən Moskvaya onun ziyarətinə getmişdilər. Özləri ilə iki ramkalıq təmiz şanı balı da aparmışdılar. O gənc sonralar Heydər Əliyevin mudafiəsi üçün yaradılmış hərəkata qoşularaq Siyasi Büroya ehtiraz məktubları yazıb yola salırdı.İş elə gətirdi ki, bu mübariz adam Heydər Əliyevin yaratdığı YAP-ın rəhbər orqanlarında və icra struktrunda təmsil olundu. Ancaq Mehdiyevin qərəzi ondan da yan kecmədi. O, həm partıyanın rəhbər heyətindən, həm də icra struktrundan uzaqlaşdırıldı. Ümumiyyətlə, Heydər Əliyevə yaxınlığı ilə seçilən kadrlar bir qayda olaraq adminstrasiya rəhbərinin təziqlərinə məruz qalırlar.

İnandığım həqiqəti dilə gətirmişəm

…1997-ci il. Franss-press agentliyinə “O, böyük siyasətə hazırdır” başlığı ilə verdiyim müsahibə “Vaşinqton post” qəzetində də işıqlandırılmışdır.Müsahibədə İlham Əliyevin üstün cəhətlərini, liderlik keyfiyyətlərini qeyd etmişdim.Ölkə mətbuatı da yazıya geniş yer ayırmışdır. Səhərisi parlament iclasında mənə təşəkkur edən İlham müəllim pencəyinin qoltuq cibindən Böyük Heydərin qolları arasında təzəcə dünyaya gələn balaca Heydərin rəsmini hədiyyə etdi.

Bir saat sonra bu sevincimə hörmətli Ramiz Mehdiyev əməlli-başlı soğan doğradı. Sən demə, müsahibəm onda müəyyən suallar yaratmışdı.”Sabiroğlu, Heydər Əliyevi nə tez yola salmaq istəyirsən?”-deyə kinayəli şəkildə içindəkini biruzə verdi. Əlbəttə,cavabsız qoymadım... Onun nə üçün perespektivə bu cur dumanlı yanaşdığını təsəvvür etmək üçün akademik olmağa gərək yox idi. Lakin hesabda yanılmışdı... Mən inandığım həqiqəti dilə gətirmişdim.

Daha nələr var?! Yavaş-yavaş hekayətimin sonuna yaxınlaşıram. Bununla da çəkdiyim əziyyətə, yuxusuz gecələrimə son vermiş oluram. Mehdiyevlə əlaqədar başqa bir bir problemə diqqət çəkmənizi xahiş edirəm. Bu, onun xarici siyasətə dair mövqeyi ilə əlaqədardır. Hansı kı, bunlar tərəfdaş ölkələrlə əməkdaşlığımıza müəyyən əngəllər yaratmışdır. Özümdən heç nəyi uydurmuram. Son illər”akademik”-yüksək dövlət məmurunun müəllifliyi ilə ışıq üzü görən və oxuyub qurtaranacan adamı təngnəfəs edən saysız-hesabsız yazılarına baxsanız eyni nəticəni bölüşəcəyinizə əminəm. O, sıradan birisi deyil, bu mənada sözünün və fikrinin dövlətin mövqeyi kimi qəbul olunmasına təəccüblənməməliyik. Diplomatik üsluba uyğun gəlməyən yanaşma tərzi , xüsusilə, bəli , məhz xüsusi ilə Avropa və ABŞ-ı fasiləsiz hədəf seçməsi hansı “töhfələrin” veriləcəyini öncədən hesablamaq lazım idi. Elə isə nədən bu addımlar atılırdı?! Ona da baxıb başqa səlahiyyət sahibləri Qərbi atəşə tuturdular. Əslində Qərbdəki bəzi dairələrə irad tutmaq, Azərbaycanın göstərdiyi diqqət və müsbət əməkdaşlıq meyllərinə adekvat cavab vermədiklərinə görə tənqid etmək huququmuzu əlimizdən kimsə ala bilməz. Sadəcə hər şeyin yönü olduğu kimi, bunun da bir yönü olmamış deyildir.

Göl birdən-birə yaranmır, damla-damla yığılır, sonra nehrə dönür. Bəzi məsələlər var ki, mütləq deyilməlidir. Çünki bunlar bizim iç siyasətimizə, insanlarımızın düşüncə tərzinə az zədələr vurmur. Fikirləşənlər olur:- deməli, bütün Qərb bizi istəmir?! Niyə bar verməyən toxumu torpağımıza səpirik. Halbuki, istər Avropa ölkələri içərisində, istərsə də Amerikanın özündə Azərbaycana müttəfiq dövlət kimi baxan, tərəfdaş ölkə kimi münasibətləri inkişaf etdirməyi​ zəruri hesab edən sağlam qüvvələr az deyil. Təbliğatınızla, ideoloji nəzəriyyələrinizlə insanları ruhdan salmayın. Çalışın ki, Prezident İlham Əliyevi daxildə və xaricdə dəstəkləyənləri sayı indikindən daha çox olsun. Axı, son da hamınız qalırsınız kənarda, dövlət başcısı isə hədəfdə... O ədalətsiz sanksiyaların səbəbkarlarından biri də sizlər deyilmisiniz? Rüşvətxorluq və korrupsiya ilə təkcə bir şəxsin mübarizəsi kifayət etmir. Bəs ətraf? Nə düşünürsüz, hörmətli Ramiz Mehdiyev ?! Lütfən, inciməyin! Axı, siz həm də korrupsiya ilə mübarizə üzrə dövlət komissiyasının sədrisiniz... İndiyəcən komissiyanın hansı təsirli qərarları ilə Prezidentə yardımçı olmusunuz? Suallar bilirsiniz nə qədərdir, saymaqla qurtarmaz.

Sən demə , məqsəd başqa imiş

Dövlət orqanlarında siyasi kultunu formalaşdırıb başa çatdıran Mehdiyev vaxt itirmədən ölkənin elm-təhsil sisteminə barmaq silkələməyə başladı.”Akademik” bu sahədə də istəyini gerçəkləşdirməyə tələsir. Zatən, qarşısını kəsə biləcək təsirli bir maneə də yoxdur. Hər şey pəncəsinin altına almışdır. Artıq ölkənin ziyalı təbəqəsi, alimlər,elmi idarələrin rəhbərləri ona təzim etməyi özləri üçün bir şüküranlıq hesab edirlər. Az bir qismi çixmaq şərti ilə. Humanitar elm sahələrində çalışan alimlər bir qayda olaraq elmi məqalələrində və əsərlərində Ramiz Mehdiyevə istinad etmədən keçinə bilmirlər. Məsələn, eşitmişəm ki, Prezident yanında idarəçilik akademıyasının elmi jurnalında içtimai-fəlsəfi, dövlətçiliyin nəzəri əsaslarına dair məqalələrdə”akademik” Ramiz Mehdiyev adı çəkilmirsə, yazilar geri qaytarılır, ya da müəllifə səhvini düzətməyi məsləhət görürlər. Hələ bu harasıdı? Mehdiyev təhsil sistemini, elmi şuraları, tənqid edərkən məqsədi başqa imiş. Orta məktəb dərsliklərinə adInI saldırmaq arzusu baş tutmadIğına görə təhsili yerlə-yeksan edirdi. Elmi şuralara, ali attestasiya komissiyasına tutduğu irad isə onun fəlsəfi yaradıcılığından edilən namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi işinin təşkil edilməməsi ilə əlaqədarmış. Pis arzu deyilmiş!

Beləliklə, kinli bir şəxslə oyuna girdim. Mənə lazım idimi bu ? Bəlkə də yox... Birinci zərbəni aldım. Əvəzində Mehdiyevə növbəti “ hədiyyə” bəxş etdiyim üçün özümü çox xoşbəxt sanıram. İlk dəfədir ki, onun toxunulmazlıq statusu ortadan qırılır. Sonra nələr baş verəcək, onu zaman göstərər. İndilər də isə oğlum Rüfətin səhvindən istifadə edib hakimiyyətin zirvəsinin əli ilə məni “ şil-küt ” etmək şansını ona tövsiyyə edirəm. Fürsəti buraxmayın! Məqamdır, yəqin Birinci də acıqlıdır...

Adınızın tarixə qızıl hərflərlə yazılmasının bir yolu var: öz xoşunuzla istefa verib Novxanıdakı hektarlarla bağlı-bağatlı istirahət məsgəninizə birdəfəlik yollanıb Xəzərin təmiz dəniz havasını pulsuz-parasız içinizə çəkəsiniz. Bu sizin sağlamlığınızın möhkəmlənməsi üçün çox gərəklidir...

Eldar Sabiroğlu.​​​​​

P. S. Siyasi hekayətimi dərc etdirmək istəyərkən saytlardan birində 91-lərin üzvü olan Ariz Abduləliyevin haqqımda söylədikləri fikirlə tanış oldum. Görünür, cənab Mehdiyevə həsr etdiyim yazılar onun da ovqatını təlx etmişdir. Partiya məsələmin müzakirə edilməsini tələb edən bu musiqişunas bildirir ki, güya mən tənqidimlə partıya nizamnaməsini pozmuşam. Soruşuram, YAP-ın nizamnaməsində tənqidə hansı cəzalar nəzərdə tutulur? Bir var partiyanın ümümi strateji xəttinə, partiya rəhbərinin əleyhinə qarşı çıxmaq, bir də var kimisə tənqid etmək, yəni konkret R. Mehdiyevi! Bunlar ayrı-ayrı məsələlərdir. Birinciyə yol verəriksə əlbəttə bu bağışlanılmazdır. Mən isə buna yol verməmişəm, sadəcə Ramiz Mehdiyevlə bağlı araşdırmalarımı arxivdə saxlamaq niyyətim olmayıb. Ariz, tar deyəsən kökdən düşüb. Ona görə də ağlına gələni danışırsan. Mən heç kimdən heç nə ummuram.Oğlum Rüfət də prokurorluq orqanlarına tapşırıqsız imtahan verərək daxil olmuşdur.

Öyüd-nəsihət verirsən ki, Qərbi Azərbaycanda partizan hərakatı yaradıb dağlarda, meşələrdə düşmənə qarşı vuruşaraq onu məğlub etməliydik. Ağlına əhsən! İndi biz bir səhv buraxmışıq, gəl birlikdə onu düzəldək. Burdaca partizan hərəkatı yaradıb, səni komandir təyin edək, Qarabağın dağlarında və meşələrində savaşaraq ermənləri doğma Azərərbaycan torpaqlarından vurub çıxardaq. Ancaq bir xasiyyətindən əl çəksən çox yaxşı olar. Adamların maaşını, pensiyasını, işini-gücünü paxilliqla gözaltına alma. Öyrəncəli olub dağlarda, meşələrdə döyüşən partizanların puluna əl atarsan. Etmə belə...​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​
meydan.tv
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.