Devid Kramer: “Əliyev Qərbi özündən uzaqlaşdırmaq istəyirsə, bunu uğurla edir”
Ötən gün rəsmi Bakı bəyan edib ki, prezident İlham Əliyev martın sonlarında ABŞ-da keçiriləcək nüvə təhlükəsizliyi sammitinə dəvət alıb.
Vaşinqtonda rəsmi şəxslər hələlik bu məlumatı şərh etmirlər, eyni zamanda İ.Əliyevin sammitə gedib-getməyəcəyi məlum deyil.
Freedom House-un keçmiş prezidenti Devid Kramer hesab edir ki, Amerika siyasətçilərinin Azərbaycan rəhbərliyinə qarşı xoş məramı və müsbət münasibəti Əliyev siyasi məhbusları azad etməkdən imtina edəndən sonra xeyli zəifləyib.
İnsan Hüquqları və Demokratiya üzrə Makkeyn İnstitutunun direktoru D.Kramer Turan-ın Vaşinqton müxbirinə müsahibəsində Bakının antiqərb siyasətinin onun Qərblə münasibətlərinə təsirindən danışıb.
Azərbaycan hakimiyyəti daim demokratiya və insan hüquqları sahəsində nailiyyətlərdən danışır, lakin ATƏT DTİHB-in tənqid etdiyi siyasi məhbuslar, qeyri-demokratik parlament və prezident seçkiləri ilə bağlı kəskin problemlərin fonunda bunu başa düşmək çətindir.
“Bir çoxları kimi mən də Azərbaycanın demokratiya və insan hüquqlarına hörmət edilməsi baxımından müsbət istiqamətdə irəlilədiyini görmək istərdim. Mən ABŞ və Azərbaycan arasında münasibətlərin yaxşılaşdığını görmək istərdim. İlk növbədə mən siyasi məhbusların azad edildiyini görmək istərdim. Əgər bu, baş verərsə mən həqiqətən hesab edərəm ki, ABŞ və Azərbaycan arasında münasibətlər müsbət məcrada gedəcək. Məhz siyasi məhbuslar iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün ən böyük əngəldir”, – Kramer bildirib.
Niyə siyasi məhbuslar məsələsi bu qədər vacibdir və niyə hakimiyyət onları bu qədər çox həbsxanada saxlayır?
Bu sualın cavabında Kramer deyib ki, İ.Əliyev bu yaxınlardakı əfv zamanı bir nəfər siyasi məhbusu da azad etməyib.
“Bu, Əliyevin ABŞ və Qərbə qarşı konstruktiv olduğunu göstərmək üçün real imkan idi. Lakin o, əks yolu seçdi. Mən inanmıram ki, siyasi məhbusları azad etməkdən imtina Kristofer Smitin qanun layihəsinə reaksiyadır. Hətta həbsdən azad edilmiş Leyla və Arif Yunusları normal müalicə üçün ölkədən buraxmırlar və onların üzərindən ittihamlar götürülməyib”, – Kramer vurğulayıb.
Bakının Smitin qanun layihəsini “Azərbaycan əleyhinə” sənəd kimi təqdim etmək cəhdinə gəlincə, bu, 2010-cu ildə kobud insan hüquqları pozuntularına görə Rusiyanın dövlət məmurlarına qarşı qəbul edilən Maqnitski qanununun analoqudur. O zaman Moskva da bəyan etmişdi ki, bu, Rusiya əleyhinə qanundur. Lakin Kremer deyib ki, “əslində bu, elə Rusiyayönlü qanundur, çünki insan hüquqlarını pozan şəxslərə qarşı yönəlib”.
Kramer vurğulayıb ki, həmin yanaşma Azərbaycana da tətbiq edilib.
“Bu qanun ölkənin əleyhinə deyil. Bu, Azərbaycan əleyhinə sənəd deyil, insan hüquqlarının pozulmasında günahkar olan və bundan fayda əldə edən konkret hökumət nümayəndələrinə qarşı yönəlib. Qanun layihəsi Vaşinqtonda, eləcə də Avropa və Azərbaycanın özündə məyusluğun səviyyəsini göstərir. Təəssüf ki, iş bu yerə gəlib çatdı. Noyabrda prezidentlər Obama və Əliyev Türkiyədə qısa görüş keçiriblər. Göründüyü kimi, bundan sonra Əliyev demokratiya və insan hüquqları sahəsində müsbət addımlar atmayıb”, – Kramer qeyd edib.
İlham Əliyev müntəzəm olaraq təkrarlayır ki, o, müstəqildir, heç nə və heç kim ona təzyiq göstərə bilməz və Azərbaycan müstəqil siyasət yürüdür. Bu, belədirmi?
Bu sualın cavabında Kramer deyib ki, əgər Azərbaycan İsveçrənin olduğu səviyyədə olsaydı, bu cür bəyanatlar daha inandırıcı görünə bilərdi.
“Lakin bir tərəfində Rusiya, digər tərəfində İranın olduğu bir halda ölkənin mürəkkəb yerdə və asan olmayan vəziyyətdə olduğunu söyləmək daha düzgün olardı. Əgər Əliyev Qərbi özündən uzaqlaşdırmaq istəyirsə, bunu uğurla edir və bu, yalnız bir şey deməkdir: Rusiya və İran böyük təsirə malik olacaq və Azərbaycana böyük təzyiq göstərəcəklər. Bu cür siyasətin yalnış və təhlükəli olmasına şübhəm yoxdur”, – analitik vurğulyıb.
Kremer onu da bildirib ki, Azərbaycanda təkcə Smitin qanun layihəsi barədə düşünməməlidirlər, həm də başqa aktı – qlobal Maqnitski qanununu yada salmalıdırlar. Onların hər ikisi insan haqlarının pozulmasına görə azərbaycanlı məmurlara şamil edilə bilər.
“Ümid edirəm ki, prezident Əliyev və digər hökumət üzvləri başa düşürlər ki, əgər siyasi məhbuslardan biri həbsdə faciəvi şəkildə həlak olursa geometrik silsilədə sanksiyalar ehtimalı artır. Bu, faktiki olaraq Azərbaycanda Maqnitski işinin təkrarına çevriləcək. Mən sanksiya kimi, bunu da istəmirəm. Lakin mən bilmirəm, daha nə etmək lazımdır ki, Əliyevi və Bakıdakı digər məmurları atdıqları addımların tamamilə əks-səmərəli olduğuna inandıraq. Onlar insanların azadlığından imtina etməklə, onlara seçim buraxmamaqla, vəziyyəti daha da pisləşdirməklə özləri ölkədə qeyri-sabitliyin artmasına xidmət edirlər”, – Kramer bildirib.
ABŞ-dakı digər siyasətçi və analitiklərin Azərbaycanda vəziyyətlə bağlı əhval-ruhiyyələri və qiymətləndirmələri necədir?
Bu sualın cavabında Kramer deyib ki, konqresmen Smitin sanksiyalara dair qanun layihəsini irəli sürməsi Bakının öz tərəfdarlarını itirdiyini göstəriri. Əgər vəziyyət dəyişməsə Smitin qanun layihəsinin tərəfdarlarının sayı artacaq və konqresmenlərin çoxu onu dəstəkləyəcək.
“Konqres üzvləri ilə söhbətdən sonra düşünürəm ki, prezident Əliyevin xoş məramı və müsbət addımları olmasa Azərbaycan səfirliyinin, lobbiçilərin səylərinin və digər tədbirlərin nəticəsi olmayacaq. Siz çirkin vəziyyəti insanlara hər şey yaxşıdır deyərək təqdim edərsinizsə insanlar bunu qəbul etməzlər”, – Kramer vurğulayıb.
Analitik bildirib ki, son illər Amerika təsisatlarında Azərbaycanın tərəfdarlarının və rəğbət bəsləyənlərin sayı azalıb. Eyni zamanda çoxları energetika və təhlükəsizlik məsələlərində Azərbaycanın əhəmiyyətini tanıyır. Lakin Azərbaycan daxili qeyri-sabitliyin artması səbəbindən hətta bu məsələlərdə belə getdikcə daha az etibarlı tərəfdaşa çevrilir. Bu tendensiya energetika və təhlükəsizlik məsələlərinə üstün gəlir.
“ABŞ-da qarşıdakı prezident seçkiləri kimin qalib gəlməsindən asılı olmayaraq Azərbaycan üçün vəziyyəti dəyişməyəcək. İnsan hüquqları və demokratiya məsələləri administrasiyadan asılı olmayaraq dəyişməz prioritet və dəyərdir. Odur ki, hesab etmirəm, yeni administrasiyanın olması ilə prezident Əliyev və onun administrasiyası üçün hər şey asan olsun”, – Kramer qeyd edib.
Bakıdakı müstəqil analitiklər ehtiyat edirlər ki, Azərbaycan hakimiyyətinin indiki siyasəti Vaşinqtonun dəstəyinin itirilməsinə səbəb olacaq, bu da Rusiyadan asılılığı gücləndirəcək və müstəqilliyin zəifləməsinə gətirib çıxaracaq. Bu perspektivləri qiymətləndirən Kramer qeyd edib ki, coğrafi baxımdan Rusiyadan aralanmaq mümkün deyil, ancaq Azərbaycan Avropa və ABŞ ilə sıx əlaqələr qurmaqla özü üçün daha böyük imkanlar aça bilər. Azərbaycanın qonşuları artıq bu yolla gedirlər, Bakı isə vaxt itirir.
“Biz görəndə ki, Prezident Administrasiyasının rəhbəri kimi yüksək səviyyəli məmur özünün gülünc antiqərb ssenarisini təqdim edir, bu, Qərblə münasibətlərin ciddi yaxşılaşdırılması barədə Azərbaycanın bəyanatlarını şübhə altına alır. Və bu məqalələrin, Ramiz Mehdiyevin və digərlərinin çıxışlarının qarşısı alınmırsa, bu o deməkdir ki, prezident həmin fikirləri dəstəkləyir”, – Devid Kramer vurğulayıb.