Son günlər Azərabaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun rəhbəri Arzu Rəhimovla bağlı mediada ardıcıl məlumatlar yayılır. A.Rəhimovun oğlunun hərbi xidmətdən yayınması, SHÇDX daxilindəki proseslər, generalın villasının fotosu və digər faktlar məlumatların sistemli və məqsədli şəkildə yayılması görüntüsünü yaradırdı. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə general A.Rəhimov da məlumatların kimlər tərəfindən yayılması ilə bağlı araşdırmaya başlayıb.
Xidmət daxilindəki mənbənin məlumatına görə A.Rəhimov öz yaxın çevrəsi ilə məsləhətləşmələrdən sonra ona qarşı aparılan kampaniya ilə bağlı müəyyən nəticələrə gəlib. Belə ki, mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun rəhbəri Arzu Rəhimovla bağlı mediaya məlumat sızdıran qrupun bəzi üzvləri bəlli olub: “Bu kampaniyanın arxasında daha ciddi qüvvələrin durduğu, amma icraçıların nisbətən xırda şəxslər olduğu bəlli idi. Buna görə də A.Rəhimov ilk növbətə zəif rəqiblərini, yəni güclülərin xidmət daxilindəki sifarişçilərini cəzalandırmaq niyyətindədir və artıq konkret adlar da bəllidir”.
Araşdırmalar zamanı məlum olub ki, A.Rəhimov haqda mediaya məlumat sızdıran şəxslərdən bəziləri elə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışır. Mənbəmizə bu adlardan biri bəlli olub: “Həmin şəxs çoxdan Xidmət rəhbərinin “qara siyahı”sında olub. Hətta onu bir müddət sərəncamda belə saxlayıblar. Sonradan Gəncə şəhər icra başçısı Elmar Vəliyevin xahişi ilə həmin şəxs yenidən vəzifəyə qoyulub. Hazırda cənub rayonlarının birində post tutan bu şəxsin Vəliyevlə yaxınlığı da A.Rəhimovda qıcıq yaradıbmış. İndi isə onun generala qarşı qara piar kampaniyasında yer alması vəziyyətini daha da ağırlaşdırıb”. Mənbə cumhuriyyet.az-a həmin “komissar”ın adını aıqlasa da ittihamın ciddiliyini nəzərə alıb bu adı yazmırıq. Prosesi diqqətdə saxclayıb mövzuya qayıdacağıq…