Gənc qızın ölümünə görə ali məktəbin rektoru Elxan Hüseynov cinayət məsuliyyətinə cəlb oluna bilər Bacarıqlı və çalışqan tələbə olduğu bildirilən Rumiyyə imtahana pul vermədiyi üçün kəsilibmiş Azərbaycanda I kurs tələbəsi intihar edib. Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi Rumiyyə (soyadını dəqiqləşdirə bilmədik) imtahandan kəsildiyi üçün özünü öldürüb. Bu barədə tələbənin yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Məlumatda bildirilib ki, imtahandan kəsilən tələbə özünü dənizə ataraq canına qəsd edib. Baş vermiş dəhşətli intihar hadisəsinin təfərrüatları barədə saytımıza şok məlumatlar daxil olub. Sumqayıt Dövlət Universitetinin (SDU) rektorluğunda təmsil olunan şəxslərdən birinin yaxınından əldə etdiyimiz məlumatlara görə, hadisəyə səbəb I kurs tələbəsindən imtahana görə pul istənilməsi olub: «Özünü öldürən gənc qız semestr ərzində dərslərinə yaxşı çalışıb və imtahanı öz savadı hesabına vermək qərarına gəlib. Amma filologiya fakültəsinin dekanı fakültədə təhsil alan bütün tələbələrdən olduğu kimi, Rumiyyədən də pul tələb edib. Tələbə pulunun olmadığını deyəndə fakültə rəhbərliyi onu imtahandan kəsəcəyi ilə hədələyib. Belə də olub. Tələbəni imtahandan kəsiblər. Bu hadisədən təsirlənən Rumiyyə üzləşdiyi özbaşınalığa etiraz olaraq canına qəsd edib. Sumqayıt Dövlət Universitetində baş vermiş intihar hadisəsi rektor Elxan Hüseynov tərəfindən ciddi cəhdlə gizlədilirdi. Lakin Rumiyyənin qrup yoldaşları ağıllı hərəkət edərək hadisə barədə mətbuata informasiya ötürüblər. Məsələnin sürətlə ictimailəşməsi universitet rəhbərliyini, xüsusilə də Elxan Hüseynovu bərk narahat edib. Rektor bu hadisə üzündən vəzifəsini itirəcəyindən, eləcə də indiyə kimi həyata keçirdiyi qanundan kənar işlərin üstünün açılacağından ehtiyatlanır». Əldə etdiyimiz məlumatda həmçinin o da bildirilir ki, SDU-da tələbələrə biliyə görə yox, maddi vəziyyətlərinə görə qiymət verirlər. İddialara görə, I kurs tələbəsi intihar etməmişdən əvvəl məktub yazıb və həmin məktubda onun ölümünə səbəb olan şəxslərin adını qeyd edib. Başqa bir informasiyaya görə, baş vermiş intihar hadisəsi ilə bağlı prokurorluq orqanlarının əməkdaşları Sumqayıt Dövlət Universitetində yoxlamalara başlayıblar. Deyilənə görə, gənc qızın ölümü ilə bağlı qaldırılan cinayət işinə rektor Elxan Hüseynov da daxil olmaqla, filologiya fakültəsinin rəhbərliyi də cəlb oluna bilər. Yaxın saatlarda baş vermiş hadisə haqqında daha geniş məlumat verəcəyik. Məsələyə münasibət öyrənmək üçün Sumqayıt Dövlət Universitetinin 0186448901 nömrəli əlaqə telefonu ilə əlaqə saxlasaq da, suallarımızı cavablandıracaq heç kəsi tapa bilmədik. Rektorun katibəsinin cavabı isə «bu barədə heç nə deyə bilmərik» oldu. İnanırıq ki, aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları məlum intihar hadisəsini dərindən araşdırıb, gənc qızın ölümünə səbəb olmuş şəxsləri qanunauyğun formada cəzalandıracaqlar. Qarşı tərəfi də dinləyə bilərik. "Meydaninfo"