Milli Şura bəyanat verdi

15-01-2016, 00:17   
Milli Şura bəyanat verdi«Xalqa qarşı zorakılığa son qoyulsun, həbs olunanlar dərhal azadlığa buraxılsın»

Demokratik Qüvvələrin Milli Şurası ölkədə baş verən son proseslərlə bağlı bəyanat yayıb. Bəyanatda hakimiyyətin öz haqqını tələb, ağır sosial-iqtisadi durumdan narazılıq edən xalqa qarşı zorakı adımlar atmasından narahatlığını bildirir, son hadisələr zamanı həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edir. Bəyanatda deyilir:

“Ölkədə aparılan yarıtmaz siyasət, yanlış idarəetmə nəticəsində manatın növbəti devalvasiyasından sonra xalqın ağırlaşan sosial-iqtisadi vəziyyəti dözülməz həddə çatıb. Hakimiyyət yol verdiyi talançılığın, inhisarçılığın, korrupsiyanın bədəlini xalqın hesabına ödəmək istəyir. Ərzaq məhsullarının və gündəlik təlabat mallarının gündən-günə bahalaşması, rəsmi qurumların vəziyyətin normallaşması istiqamətində hər hansı ciddi addım atmaması vətəndaşların səbr kasasını daşdırıb. Məhz bu səbəbdən son günlər bütün ölkə boyu insanlar öz etirazlarını bildirmək üçün müxtəlif aksiyalar keçirməyə başlayıblar.


Demokratik Qüvvələrin Milli Şurası bütün çətinliklərə, mərhumiyyətlərə, psixoloji təzyiqlərə və təxribatlara baxmayaraq bu aksiyalar vasitəsi ilə xalqımızın öz haqqı uğrunda mübarizəni dinc şəkildə aparmasını təqdir edir və bundan sonra da bütün vətəndaşlarımızı etirazlarını qeyri- zorakı metodlarla, sivil şəkildə davam etdirməyə çağırır. Amma təəssüflə qeyd etmək lazımdır ki, hakimiyyət ağır sosial-iqtisadi duruma salınmış insanların tələb və istəklərini dinləmək, problemlərini həll etmək əvəzinə mitinqçiləri təxribata çəkir, onlara qarşı zor tətbiq edir. Etiraz aksiyalarının dağıdılması üçün “Daxili qoşunların statusu haqqında” Azərbaycan respublikasının Qanununa zidd olaraq daxili qoşun qüvvələrindən istifadə edir.

Siyəzəndə keçirilən etiraz aksiyası zamanı vətəndaşlara qarşı zorakalığa yol verilib, rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə olunub. Yerli sakinlərdən 55 nəfər saxlanılaraq polis bölməsinə aparılıb. Saxlanılmış şəxslərdən bir neçəsi haqqında cinayət işi qaldırılıb, bəzi şəxslər inzibati məsuliyyətə cəlb edilib.

Lənkəranda keçirilən aksiyaya görə AXCP rayon şöbəsinin sədri Nazim Həsənov və Müsavat Partiyasının yerli təşkilatının sədri Imanverdi Əliyevə Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 1 ay inzibati həbs cəzası verilib.

Demokratik Qüvvələrin Milli Şurası ölkə iqtisadiyyatını neftdən asılı vəziyyətə salaraq faktiki olaraq ölkəni iqtisadi böhrana gətirib çıxarmış hakimiyyətin yarıtmaz siyasətinə, talançı əməllərinə, işsizliyə və bahalaşmaya etiraz edən xalqımızın haqlı tələblərini dəstəklədiyini bəyan edir. Hökuməti böhranın qarşısını almaq, insanların ağır sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırır. Ilk növbədə bu tədbirlərin tərkib hissəsi kimi un və taxıl məhsullarının, yanacağın qiymətinin aşağı salınmasını tələb edir.

Milli Şura hakimiyyəti xalqın konstitusion hüquqlarına hörmətlə yanaşmağı, vətəndaşların sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinə şərait yaratmağı, zorakılığa yol verməməyi, həbs olunanların azadlığa buraxılmasını tələb edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.