Bəlkə də, manatın ətrafında son baş verənlər olmasaydı, Azərbaycan iqtisadiyyatının kimlər tərəfindən və necə idarə olunduğuna dair sual heç kimi düşündürməyəcəkdi. Elə indi də çoxlarımızı bu sualdan daha çox “bunun axırı necə olacaq” sualı maraqlandırır. Əslində, hər zaman aktual olmalı və dürüst cavab alınmalı olan hər iki sualın cavabı hazırki situasiyada qətiyyən birmənalı görünmür.
Bəs doğrudan da, kim(lər)dir bizim iqtisadiyyatı idarə edənlər və həlledici məqamlarda qərarlar kimlərin iştirakı, məsləhəti və əsaslandırmalarına söykənərək verilir? Əlbəttə ki, istənilən sahədəki vəziyyət onu idarə edənlərin peşəkarlığı və öz məsuliyyətlərini dərk etmə səviyyəsindən asılıdır. Təəssüf ki, biz toplum olaraq məhz iqtisadiyyatı idarə edənlərdən heç vaxt hesab sormamışıq, heç onları düz-əməlli tanımamışıq da. Bu sahədə nələrin baş verdiyi ilə qəti maraqlanmamışıq. Hazırki situasiyada isə mediada ən çox müzakirə olunan və oxunan məhz iqtisadi mövzudakı yazılar və müsahibələrdir – gec deyilmi?
Burada sözsüz ki, cəmiyyətin özünün də məsuliyyəti var – şoulara, qalmaqallara, seriallara, ciddi əhəmiyyət kəsb etməyən bir çox idman yarışlarındakı “uğurlara” və digər nələrə-nələrə sərf etdiyimiz vaxtın yüzdə birini cibimizdəki və dövlətimizdəki pulun necə və nədən formalaşdığını anlamağa, onu və ümumilikdə iqtisadiyyatımızı hansı təhlükələr gözlədiyini bar-bar bağıran müstəqil iqtisadçı-ekspertlərin dediklərinə qulaq verməyə ayırsaydıq, bəlkə də kimlərdənsə bunun hesabını sormağa da cəsarət edərdik. Və indi artıq vağzaldan tərpənən dollar qatarının arxasınca axsaya-axsaya, əlimizdə qalan solmuş manatlardan ibarət buketlə qaçmazdıq…
Mərkəzi Bank …
Mərkəzi Bank, iqtisadiyyatın yol polisi kimi bir şeydir. Məsələn, sistemdə ümumilikdə rüşvət varsa, hər zaman göz önündə olan yol polisində də olma ehtimalı qaçılmazdır və ən tez onun fəaliyyətində biruzə verilir. Yəni, ümumilikdə ölkə iqtisadiyyatı sağlam deyilsə, Mərkəzi Bankın sağlam monetar siyasət aparması olduqca müşkül görünür. Ancaq nə yazıq ki, Mərkəzi Bankın son dövrdəki qeyri-müəyyən və izah edilməsi normal məntiqlə mümkün olmayan addımları nəinki sağlam pul siyasəti oldu, əksinə, ölkənin iqtisadi orqanizmini az qala dərin komaya salan bir müdaxiləyə çevrildi.
Məsələn, hər kəsi düşündürən sual – manat niyə 1.05 kursundan 1.55-ə qaldırılıb, sonra “üzməyə” buraxıldı? Onu elə 1.05-dən “dalğaların ağuşuna” buraxmaq olmazdımı? Yəqin ki, bu sualın cavabı Mərkəzi Banka və bu qərarı verənlərə məlumdur və bəlkə də, məntiqi izahı var. Əgər varsa, zəhmət çəkib bunu əhaliyə açıqlasınlar.
Digər bir sual – kommersiya bankları əhaliyə krediti dollarla verəndə Mərkəzi Bank hara baxırdı? Əhaliyə manat şəklində cəmi 4 milyard pul verildiyi halda, dollar olaraq bundan az qala 2 dəfə çox – 7 milyard pul verilib. Bu nə deməkdir? Deməli, banklar artıq xeyli müddətdir ki, devalvasiyanın olacağını bilirmişlər və özlərini bu yolla sığortalayıblar. Baxmayaraq ki, bunun gizli olması üçün Elman Rüstəmov və onun ətrafındakılar, ondan üstə duranlar əllərindən gələni ediblər.
Burada haşiyə olaraq bank sektorundakı mənbələrdən “Azpolitika”ya daxil olan bir məlumatı da nəzərə çatdıraq ki, son devalvasiyadan ən azı 1 ay əvvəldən etibarən Elman Rüstəmovun, belə demək mümkünsə, ətraf mühitlə əlaqəsi tamamilə məhdudlaşdırılıb, hətta kəsilib demək olar. Yalnız iş-ev marşrutu ilə hərəkət edən hörmətli birinci bankirin özünün də olduqca qayğılı göründüyü, bütün rəsmi və qeyri-rəsmi məclislərdən kənar durduğu, heç kəslə təmas qurmaq istəmədiyi bildirilir. Bu məlumatı devalvasiyanın konfidensiallığını təmin etmək üçün necə səy göstərildiyini və hətta Elman Rüstəmova da tam etibar edilmədiyini nəzərə çatdırmaq üçün veririk. Ancaq göründüyü kimi, kimlərsə bunu bilib. Elə MTN-Beynəlxalq Bank əlaqələri barədə mətbuatda və rəsmi dairələrdə səsləndirilən fikirlər, oğurluğun miqyasını göstərən fantastik rəqəmlər də bunu təsdiq edir. Deməli, manatın ucuzlaşmasında spekulyativ amillər kifayət qədər böyük xüsusi çəkiyə malikdir – nə yazıq ki, bu barədə də əhaliyə heç kim çıxıb dürüst bir məlumat verməyə özünü borclu bilmir. Bilmirik bizə zərbə hardan dəyib. Doğrudur, neftin qiyməti həlledici rol oynasa da, hər şeyi bunun üzərinə də yıxmaq olmaz axı – büdcəsinin və ixracatının əsas hissəsi neftə bağlı olan ölkə tək Azərbaycandırmı? Axı heç bir neft ölkəsinin milli valyutası Azərbaycan manatı kimi tragikomik duruma düşməyib! Heç bir neft ölkəsi öz valyutasını qoyub, dollarla əhaliyə külli miqdarda kredit ayrılmasına göz yummur. Heç bir neft ölkəsi öz iqtisadiyyatını bu qədər dollarlaşdırmır. Heç bir neft ölkəsi öz əhalisinin milli valyutasına olan inamını aldım-aldatdım prinsipi əsasında “devalvasiya olmayacaq” deyib 3-5 gündən sonra yarıbayarı dəyərdən salmır. Axı ən zəif maliyyəçi də bilir ki, bu və ya digər valyutanın dəyərində psixoloji amil, yəni ona olan inam misli görünməmiş təsirə malikdir. Mərkəzi Bankın əhalini sözün əsl mənasında dolaması manatın bugünkü duruma düşməsində heç də sonuncu səbəb deyil…
Baş nazir, İqtisadiyyat və Sənaye naziri…
71611Təsəvvür edin ki, analoji durum normal bir hökuməti olan dövlətdə baş verir. Birinci olaraq, gözlər kimə dikilərdi? Baş nazirə. Bizdə isə hamı ondan əlini üzüb. Dostlarımızdan biri Türkiyədə fəal və az-çox tanınan bir MHP-li ilə söhbətini danışmışdı:
- Azərbaycanın baş bakanı kim?
– Artur Rəsizadə!
- Allah, Allah, hiç duymadım, yenimi?
– Evet, yepyeni, 20 yıldır!
- 20 yılmı? Allah, Allah, bana ayıp oldu ya. Hiç duymamışım.
– Üzülmə abi, onu Azərbaycanda da çok adam duymadı…
Bəli, gülməli, həm də ağlamalı durumdur! Xüsusilə belə ağır və təzadlı durumlarda hökumətə rəhbərlik edən şəxsin çevik və enerjili biri olması, operativ və doğru qərarların verilməsinə nail olması çox vacibdir. Əlbəttə ki, 81 yaşı olan hörmətli Artur müəllimin şəxsiyyətinə və peşəkarlığına yönələn hər hansı ittihamdan uzağıq, sadəcə, indiki dönəm həm də çeviklik, məsuliyyəti üzərinə götürmə, yeni və həlledici ideyalar, operativ çıxış yolları tapılmasını tələb edir ki, bunu da bizim baş nazirdə görmək olmur. Son hadisələr bir sıra tanınmış iqtisadçıların da dediyi kimi, göstərdi ki, hökumətin bu cür durumlarda vəziyyətdən çıxmaq üçün nə bir fəaliyyət proqramı var, nə də bunun üçün resursları.
sahin556Yaşda baş nazirdən xeyli kiçik olsa da, eyni sözləri iqtisadiyyat və sənaye nazirinə də aid etmək olar. Doğrudur, hörmətli Şahin Mustafayevin rəhbərlik etdiyi qurumun səlahiyyətləri o qədər də geniş deyil. Lakin iqtisadi sektoru təmsil edən bir nazirliyin və onun rəhbərinin hər hansı təşəbbüs, ideya və proqramla cəmiyyət qarşısına çıxmasını görmədik. Bu da azmış kimi, heç olmasa birbaşa səlahiyyətinə aid olan inhisarçılıq və süni qiymət artımının qarşısının alınması ilə bağlı hər hansı addım atdığının da şahidi olmuruq. Çox da yuxarılarla işi olmayan deputat Vahid Əhmədovun nazir Şahin Mustafayevi vəzifəsini icra edə bilməməkdə və az qala bahalaşmaya səbəbkar olmaqda ittiham etməsi də, bir tərəfdən əsl səbəbkarlara gücünün çatmadığını göstərir, ancaq digər tərəfdən dediklərində həqiqət də var. Yaxud, Fəzail Ağamalının iki deputat həmkarı – Əsabil Qasımov və Tahir Süleymanovu unun bahalaşmasına səbəbkar göstərməsi nə qədər realdırsa, o qədər də acınacaqlıdır. Çünki “deputat hara, biznes hara” desəniz də, doğrudan da bu şəxslər ölkədə un bazarına təsir edən şirkətlərə malikdirlər və qiymət artımında heç də sonuncu rol oynamırlar. Doğrudur, unun bahalaşması da qaçılmaz idi, ancaq bunu da belə kəskin miqyasda etməmək olardı. Ən azından, imkan düşən kimi, Prezidentə sədaqətlərindən danışan bu şəxslər səmimi olsaydılar, bir qədər az qazana bilər və qiyməti kəskin şəkildə qaldırmazdılar. Və bütün bu prosesə məhz Ş.Mustafayevin nazirliyi nəzarət etməlidir, F.Ağamalı yox. Lakin bu adam iki deputatla bacarmırsa, inhisarçı nazir-oliqarxlarla necə bacaracaq? Hətta yumurtanın süni şəkildə bahalaşdırılmasının Prezident səviyyəsində səsləndirilməsi Şahin Mustafayevin “fərasətini” göstərməklə yanaşı, onun necə aciz duruma düşməsinə dəlalət edir. Təəssüf ki, bu nazirlik yalnız sahibsiz sahibkarlardan şikayət edən bir-iki istehlakçının şikayətini təmin etmək üçün onlara təzyiq etməyi bacarır. Ümumiyyətlə, İqtisadi İnkişaf Nazirliyi adlanan bu qurumun iqtisadiyyatımızın inkişafına hansı real töhfəsini görmüsünüzmü?
Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Gömrük Komitəsi…
1441349266779310277_554x360Əksər mətbu orqanlar hökumət daxilindəki mənbələrə istinadən bildirir ki, kəskin devalvasiyanın əsas təşəbbüskarı maliyyə naziri Samir Şərifov olub. Bu da onun bir maliyyə naziri kimi, büdcə öhdəliklərinin icra edilməsinə asanlıqla nail olmasına gətirib çıxarıb. Bəs görəsən, büdcəyə doldurduğu manatın dəyərinin nə olduğu, əhalinin aldığı pensiya və maaşın nəyə yaradığı onun üçün maraqlıdırmı? Bilmirik. Ancaq bir maliyyə naziri kimi ona maraqlı olmalı olan bir neçə məsələyə diqqəti çəkək.
Beynəlxalq Bankın həbsdə olan rəhbəri Cahangir Hacıyevin milyardlarla dolların mənimsənilməsinə görə məsuliyyəti Samir Şərifovun da bölüşməli olduğunu deməsi təsadüfdürmü? Doğrudan da, sonradan yoxa çıxan iri kreditlərin ona-buna paylanması Maliyyə Nazirliyinin icazəsi olmadan mümkün idimi? Bəs nazir hara baxırdı? Bu, həbsdə olan sabiq bankirdən konkret ittiham idi və bugünədək həmin ittihama ağılabatan cavab verilməyib. Yaxud, ABŞ-ın “Qlobal Finansial inteqrity” Tədqiqat Təşkilatının hesabatına nəzər yetirək (bu, sizin üçün Azərbaycanın Dövlət Statistika Komitəsi deyil). Hesabatda deyilir ki, təkcə 2004-2013-cü illərdə Azərbaycandan qeyri-leqal formada ildə 9 milyard dollar (!) pul çıxarılıb. Yəni hər illik büdcənin yarısından çox! Hər halda, bundan xəbərdar olmalı olanların başında gələnlərdən biri maliyyə naziri olmalı idi. Xəbəri olubsa, niyə səsini çıxarmayıb, olmayıbsa necə maliyyə naziridir? Yalnız büdcəni doldur-boşaltla iş bitirmi? Yaxud, elə birbaşa səlahiyyətinə aid olan büdcə vəsaitlərinin təyinatına görə xərclənməsinə nəzarət məsələsi – kim deyə bilər ki, Maliyyə Nazirliyi tenderlərin 99 faizinin məmurların özlərinin və onlara yaxın şirkətlərin tərəfindən “qazanıldığını” və dövlət vəsaitinin kefləri istədikləri kimi xərcləndiyini bilmir? Bunun qarşısını almaq üçün nə ediblər?
1fazVergilər Nazirliyi – təəssüf ki, mətbuatda və ictimaiyyətdə kiçik və orta sahibkarlığın maraqlarını ən çox tapdayan, on minlərlə iş yerlərinin bağlanmasına səbəb olan bir qurum kimi tanınıb. Hansı ki, kiçik və orta sahibkarlıq bizim kimi ölkələrdə iqtisadiyyatın bel sütunu olmalıdır. Bu nazirliyin həbsdə və hələ azadlıqda olan yüksək ranqlı məmurları var ki, sahibkarlığın belini qıran MTN-lə işbirliyində ittiham olunurlar. Bu nazirliyin fəaliyyəti nəticəsində kiçik və orta sahibkarlığı təmsil edən, buradan dolanan əhalinin olduqca böyük hissəsi dövlətdən narazı salınır. Hansı ki, bu sahədən rəsmən büdcəyə daxil olan vəsait büdcə gəlirlərinin cüzi hissəsini təşkil edir və o dərəcədə də əhəmiyyətli məbləğ deyil. Ancaq nazirlik son böhrana qədər iri məmurların şirkətlərinin yanından belə keçə bilmədiyi və cüzi məbləğlərlə kifayətləndiyi halda, kiçik sahibkarları “divara dirəyirdi”. Elə indi də nə etdiyi, nə etmək istədiyi bəlli olmayan nazirlik ölkə başçısını da pis vəziyyətdə qoyur. Təkcə spirtli içkilərin kartla satışı ilə bağlı gündə bir qərar verilməsinə səbəb olan qarışıqlıq bunu deməyə əsas verir. Artıq camaata kartsız satışa görə cinayət işi açılıb və iki gün sonra da bu anlaşılmaz qərarın icrası dayandırılır. Bu, nazirlik adına ən azı məsuliyyətsizlikdir.
74Dövlət Gömrük Komitəsi – sahibkarlığın və ümumiyyətlə cəmiyyətimizin daha bir baş bəlası. Gömrük generallarından biri televiziyada son çıxışında dedi ki, brokerlərdən uzaq durun və bundan sonra gömrük rəsmiləşdirilməsi sadələşdiriləcək. Görəsən, bu brokerlər vasitəsilə gomrük əməliyyatlarını asanlaşdırmaq əvəzinə, mürəkkəbləşdirənlər kim idi? İstənilən qonşu ölkə ilə Azərbaycana idxal olunan malların real dəyərini qarşılaşdırsaq, görərik ki, ordan çıxan ilə ölkəmizə daxil olan malların dəyəri uyğun gəlmir. Yəni, idxalın dəyəri dəfələrlə kiçildilir. Bu qurum istər ölkəmizdə, istərsə də, bütün müstəqil beynəlxalq təşkilatlar tərəfindən ən çox korrupsiyalaşan qurum kimi tanınır.
Eyni vəziyət iqtisadi sektora aid demək olar bütün dövlət qurumlarında mövcuddur. Biz səthi də olsa, iqtisadiyyatımızı idarə etməli olanların əsas hissəsinin kimliyini sizə xatırlatdıq. Ən pisi odur ki, bu qurumların başında duranların böyük əksəriyyətinin hər biri ayrılıqda oliqarx və inhisarçıdır. Bunlarla iqtisadiyyatı xilas etmək olarmı? Bunların heç biri böyük düşünmək qabiliyyətində deyil. Əksəriyyətimizdə belə fikir formalaşıb ki, onlar öz vəzifələrini yalnız prezident qarşısında şişirdilmiş rəqəmlərlə hesabat verməkdə, ciblərini doldurmaqda, böyür-başını dolandırmaqda görürlər.
O ki qaldı manatın taleyinə və 3-cü devalvasiyanın olub-olmayacağına, Mərkəzi Bankın bu barədə bəyanatlarına ciddi əhəmiyyət verməyə dəyməz. Çünki 3-cü devalvasiya 3-cü dünya müharibəsi kimidir – onu heç kim elan etməyib, ancaq artıq xeyli müddətdir başlayıb və davam edir…
Elxan Q.
AzPolitika.info