Cəbrayılovların vətəndaşı aldatmasına dair sənədlər yayıldı – Deputata qarşı ağır ittiham

15-01-2016, 14:52   



Hamı kimi məndə istəmişdim ki, ev alım. Ancaq 52 min manat pulu ödədiyimə dair qəbz və müqaviləm olduğu halda evim başqasına satılıb. İndi nə evimi, nə də verdiyim pulu geri ala bilirəm”. Bu cümlələr Bakı şəhər sakini Osman Hacıyevin şikayət məktubundandır.

Şikayət məktubunda bildirilir ki, Bakı şəhərində yerləşən “Lombard”da işləyən Osman Hacıyevin müəssisənin daimi müştərisi Mirəhməd Abbasovla dostluq əlaqəsi yaranıb. Elə bu oyunu başına açanlardan biri də Mirəhməd Abbasov olub. Belə ki, o, övladları üçün ev almaq istəyən O.Hacıyevə deputat Rafael Cəbrayılovla şərik olduğunu və ona çox münasib qiymətə ev ala biləcəyini söyləyib. Evin kvadrat metrində çox böyük endirim etdirən Mirəhməd Abbasov Osman Hacıyevin etimadını qazanıb.

Beləliklə, Osman Hacıyev Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun adına olan “Dərhal” MMC tərəfindən Mehdiabad qəsəbəsində inşa edilmiş Binəqədi Gənclər Şəhərciyində yerləşən kompleksdəki 2-ci bina, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 117 kv.metrlik mənzili alıb. Bunun üçün Mirəhməd Abbasova 52 min manat ödəyərək, mənzilin müqaviləsini və ödəmə çekini təhvil alıb. 14 sentyabr 2012-ci ildə Elşən Cəbrayılovla bağladığı müqavilə ilə ev sahibi olduğunu düşünən Osman Hacıyev binanın başa çatmasını gözləməyə başlayıb. Lakin bu yaxınlarda bina ilə bağlı şikayətlər artınca, o, da narahat olaraq, 52 min manat (O zamanın kursu ilə 66 min dollar) ödədiyi evin taleyi ilə maraqlanmağa başlayıb. Lakin gözləmədiyi bir münasibətlə qarşılaşıb. “Dərhal” MMC-dən bildirilib ki, “sənin müqavilən ləğv edilib və ev-filan yoxdur”. Osman Hacıyev haqlı olaraq, pulunu istədikdə isə, “Get məsələni Mirəhmədlə həll et” deyə, kobud cavab alıb.

Şikayətçinin sözlərinə görə, Mirəhməd Abbasovla əlaqə saxladıqda isə o, öncə Hacıyevə Cəbrayılovlara qarşı birlikdə mübarizə təklif edib. “O dedi ki, “Rafael Cəbrayılov onu və çoxlarını aldadıb. Gəl sən ondan şikayət et, mən də sənə dəstək verəcəyəm.” Mən isə bunlarla tanış etdiyi üçün məsələni də özünün həll etməli olduğunu bildirdim. Ondan sonra isə Mirəhməd Abbasov R.Cəbrayılovla anlaşaraq, bütün pulları guya deputatın sürücüsünün mənimsədiyi yalanını ortaya atdı. İddia etdilər ki, guya mən də pulu sürücüyə vermişəm. Halbuki müqaviləni mənimlə imzalayan Elşən Cəbrayılovdur, qəbzi də təqdim edən Mirəhməd Abbasov.Mən tanımadığım və aylıq maaşla çalışan şəxsə necə bu qədər pulu əmanət edə bilərdim? Bütüm bunlar Azərbaycan millət vəkili adına yaraşmayan dələduzluqdan başqa bir şey deyil. Əgər deputat yaxınında olanlardan xəbərsizdirsə, lütfən sinəsində gəzdirdiyi nişana hörmət əlaməti olaraq, bu özbaşınalığa çarə qılsın”.

Qeyd edək ki, Osman Hacıyev Cəbrayılovların ilk qurbanı deyil. Artıq neçənci şəxsdir ki, Rafael Cəbrayılov və qardaşlarının aldatmasından şikayət edir. Xatırladaq ki, Cəbrayılovların “Nikoil” Bank ilə də analoji problemi yaranmışdı. O zaman millət vəkili “Dərhal” MMC-yə zamin durduğu üçün məhkəməyə verilmişdi. Belə ki, “Nikoil Bank” deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatova məhkəmədə qələbə qazanmışdı. Bu barədə “Deyerler.org” saytının 8 may 2013-cü ildə yazdığı yazıda göstərilirdi ki, bank Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790.390 manat əsas borc, 58.094 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 7.722 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının , cəmi 856.256 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutulacaq məbləğin kredit təminatı kimi Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Nərimanov rayonunda yerləşən 5 otaqlı mənzilə və “Dərhal” MMC ilə bağlanmış 10.01.2009-cu il tarixli müqaviləyə əsasən, Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Binəqədi rayonunda yerləşən 580 kvadrat metr sahədən ibarət olan ofisə məxsus bütün hüquqlara yönəldilməsinə , həmin mənzil və ofis sahəsinə məxsus bütün hüquqların açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə , ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş edib.



İddia onunla əsaslanıb ki, bank N.Bünyatova 795 min manat məbləğində kredit verib. Eyni zamanda kreditin müqaviləsinin öhdəliyinin vaxtında və lazımi qaydada icra olunması məqsədi ilə digər cavabdehlər Rauf , Elşən və Rəfael Cəbrayılovla zaminlik müqaviləsi bağlanılıb. Lakin “ödəniş qrafiki”nin şərtlərinə əməl edilməyib, kredit və faizin vaxtında qaytarılmasına dair öhdəlik yerinə yetirilməyib. Nəticədə onların iddiaçı qarşısında öhdəliyi yaranıb.



Məhkəmə həmin iddianı qismən təmin edərək, borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib. Həmin qətnamədən narazı qalan qarşı tərəf isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edib. Belə ki, mənzilin satılması və boşaldılması ilə bağlı hissə ləğv edilib. Digər hissələr isə dəyişdirilməyib.



Göründüyü kimi, “Nikoil” Bank güclü olduğu üçün öz haqqını Cəbrayılov qardaşlarından sökə-sökə alıb. Bu qərarla Azərbaycanda ilk dəfə məhkəmə millət vəkili əleyhinə qərar çıxarıb. Ancaq o zaman da məhkəməyə ağır təzyiqlərin olduğu bildirilirdi.

Sadəcə Osman Hacıyev deyil. Eyni dərddə olan onlarla insandan biri də onun çalışdığı “Lombard”ın müdiri Məlahət Qurbanovadır. M.Qurbanova Cəbrayılov və şəriki Mirəhməd Abbasova verdiyi nə 165 min manatı, nə də bu pulun qarşılığında təqdim olunan 300 minlik mülkü ala bilir. İki ilə yaxındır ki, döymədiyi dövlət dairəsi qalmasa da, heç bir qurum Rafael Cəbrayılovun özbaşınalığı qarşısında səsini çıxarmaq istəmir. Əvəzində isə Cəbrayılov illərdən bəri Yeni Azərbaycan Partiyasının aparıcı funksionerlərinə qarşı istifadə etdiyi reket mətbuatında M.Qurbanovanı ağır şəkildə təhqir etdirir. Yəni, bir deputat düşünün, Azərbaycan qadınının pulunu mənimsəyib, özünü isə ləkələməklə məşğuldur. Doğrudan da, rüsvayçı bir durumla qarşı-qarşıyayıq. Bu isə qeyd olunan kimi R.Cəbrayılovun ilk işi deyil.

Bəs illərdən bəri insanları aldadan, vəzifəli şəxslər haqqında yalan informasiyaları mətbuata ötürən Cəbrayılov kimə arxalanır? Ötən ilin son aylarına qədər sabiq deputat Çingiz Əsədullayevlə yediyi-içdiyi ayrı olmayan Cəbrayılovun şəriki Mirəhməd Abbasov söhbətlərində sabiq nazir Eldar Mahmudovun adından istifadə edirdi. İndi isə başqa bir vəzifəli şəxsin adından istifadə edilir. Lakin R.Cəbrayılovun həm də baş nazirin müavini Əli Həsənovla yaxın münasibətinin olduğu və “Qaçqınkom” sədrinin onun gizli şəriklərindən olduğu vurğulanır.

Cəbrayılovlar və Mirəhməd Abbasov həmin yüksək çinli məmurlara güvənsələr də, qarşı tərəf də mübarizəsindən çəkilməməkdə qərarlıdır. Osman Hacıyev deyir ki, nə özümün illərlə yığdığım pulları, nə də çalışdığım müəssisədən qəsb edilənləri “Dərhal” MMC-yə bağışlamaq fikrimiz yoxdur. Hüquq müstəvisində sonuna qədər mübarizəmizi davam etdirəcəyik. Azərbaycan prezidentindən bu məsələ ilə bağlı yardım istəyən O.Hacıyev deyir ki, “Biz onlardan halal pulumuzu ya da o halal pulumuzla aldığımız evlərimizi istəyirik. Onlar isə heç birini vermək istəmirlər. Bu dələduzluğun son nöqtəsidir. Ancaq deputat elə bilməsin ki, bizi də digərləri kimi qorxudacaq və biz geri çəkiləcəyik. Əsla! Biz haqlı mübarizəmizi sonuna qədər davam etdirəcəyik”.

Azərbaycan Prezidenti dəfələrlə sahibkarlara dəstək verilməsinin vacibliyini vurğulayıb və iş adamlarının incidilməsini bu cümlələrlə ifadə edib: “Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”. Prezidentin bu çıxışından örnək götürməyən Cəbrayılov isə təkcə iş adamlarını deyil, adi vətəndaşları da incitməkdədir. Qeyd edək ki, Azərbaycan vətəndaşlarına qarşı bu şəkildə amansız olan Rafael Cəbrayılovun eyni qəddarlığı düşmən ermənilərə qarşı sərgiləmədiyi vurğulanır. Tam əksinə, erməni ilə ailə qurmuş baldızının oğlunu belə oğulluğa götürməkdən çəkinməyib(Hər halda ölkə mətbuatında səslənən və R.Cəbrayılovun bu günə qədər təkzib etmədiyi xəbərlər bu yöndədir”. Elə onun milliyyətcə təmiz türk olan baş prokuror Zakir Qaralovun əleyhinə yazılar yazdırması da bu yöndə şübhələri daha da artırır.

P.S.Redaksiyaya təqdim olunan digər sənədləri araşdırdıqdan sonra təqdim edəcəyik.
Cəbrayılovların vətəndaşı aldatmasına dair sənədlər yayıldı – Deputata qarşı ağır ittiham



Mövzuya qayıdacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.