ABŞ və Avropa Birliyi İranın nüvə proqramı ilə bağlı bu ölkəyə qoyduğu sanksiyaları götürdü. Bu barədə Vyanada İranla 6-lıq ölkələrinin apardığı yekun müzakirədən sonra ABŞ və AB-nin xarici siyasət idarələrinin rəhbərləri bəyanat veriblər.
Sanksiyaların götürülməsini təmin edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ötən ilin yayında İranın nüvə anlaşmasına uyğun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini elan etməsidir.
MAQATE-nin açıqlamasında göstərilir ki, İran nüvə anlaşmasının qüvvəyə minməsi üçün atmalı olduğu bütün addımları atıb. Bu artıq yeni bir mərhələ, beynəlxalq ictimaiyyət üçün yeni bir gündür.
MAQATE İranın öz öhdəliklərini yerinə yetirdiyinə dair raportunu BMT Təhlükəsizlik Şurasına da göndərib.
Öz növbəsində BMT, ABŞ və AB MAQATE-nin raportu ilə nüvə anlaşmasında yeni səhifəyə keçildiyini bildirərək, İrana qarşı sanksiyaların götürüldüyünü elan ediblər.
ABŞ dövlət katibi Con Kerri MAQATE-nin son məlumatlarını təsdiqlədiklərini deyib və İrana qarşı sanksiyanı dayandırdıqlarını bildirib.
ABŞ-ın İrana qarşı nüvə proqramı ilə bağlı sanksiyaları dayandırdığı haqqında müvafiq sərəncamı da artıq ölkə başçısı Barak Obama imzalayıb. O, həmçinin öz sərəncamı barədə Senat və Nümayəndələr Palatasını da məlumatlandırıb.
AB-nin xarici işlər və təhlükəsizlik siyasəti komissarı Federika Mogerini də Birliyin İrana qarşı nüvə sanksiyalarını aradan qaldırdığını elan edib.
BMT-nin Vyana ofisində Amerikalı və iranlı həmkarları Kerri və Zəriflə birgə keçirdiyi mətbuat konfransında Mogerini bildirib ki, İran üzərinə götürdüyü öhdləikləri yerinə yetirdiyi üçün ona qarşı tətbiq olunan çoxtərəfli və beynəlxalq iqtisadi və maliyyə sanksiyaları aradan qaldırılır.