Təcridxanadakı intiharla bağlı sensasion iddia; İlqar Əliyev konkret ünvanları kompromatlarla hədəfə alıbmış; Bakı Apelyasiya Məhkəməsində o, susmayacağını açıq şəkildə ortaya qoyub və...
Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BİT) ölümü üzərində sirr pərdəsi qalmaqdadır. Yanvarın 20-də onun ölümünün 1 ayı tamam olacaq. Ötən müddət ərzində İ.Əliyevin ölümü ilə bağlı yayılan rəsmi məlumatı şübhə altına alan kifayət qədər əsaslı dəlillər ortaya çıxıb.
İlqar Əliyevin BİT-dəki kamerada özünü asmaq istəyinin sadəcə, mümkünsüz olduğu ortaya qoyulub. Üstəlik, onun ölümündən 2 gün sonra BİT-dən onun kamera yoldaşı olduğu deyilən digər məhkum Manaf Paşayevin də meyiti aşkar olunub. Rəsmi məlumatda onun da özünü asdığı bildirilib.
Belə ehtimallar da irəli sürülür ki, M.Paşayev İlqar Əliyevin ölümü haqda məlumatlara malik olub və bu üzdən o da eyni üsulla aradan götürülüb.
Əldə etdiyimiz son bilgilər İlqar Əliyevin həbsindən sonra susmaq niyyətində olmadığını deməyə əsas verir. Belə ki, qaynağımız iddia edir ki, saxlanıldıqdan sonra barəsindəki həbslə əlaqəli təqdimata baxılarkən İlqar Əliyev konkret ünvanları silkələyəcək fikirlər səsləndirib. Tezliklə azad edilməyəcəyi təqdirdə bildiklərini geniş ictimaiyyətə çatdıracağı ilə bağlı mesajlar verib. Bir sözlə, kompromatları üzə çıxaracağının anonsunu verib.
Səbayel Rayon Məhkəməsində barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilərkən bir qədər ümumi danışan İlqar Əliyev Bakı Apelyasiya Məhkəməsində fikirlərini konkretləşdirib, daha kəskin çıxış edib. Ona “bu gedişlə özünü yandıracaqsan”, - deyilsə də, İlqar Əliyev susmayacağını dəfələrlə ifadə edib.
İlqar Əliyevin bildikləri siyasi-kriminal janrda çoxsaylı kitabların ana xəttini təşkil edə bilərdi söyləsək, yanılmarıq. Çünki onun adı ictimai-siyasi olaylarda daim qırmızı xətlə keçib, ən qalmaqallı proseslərin yönləndiricisi kimi məhz MTN polkovnikinin silueti görünürdü. Belə bir şəxsin danışmasının hədəf götürdüyü şəxslər üçün elə də yaxşı nəticələr verməyəcəyini izah etməyə də ehtiyac yoxdur.
Məsələnin bu tərəfi də var ki, İlqar Əliyev illərlə MTN rəhbərliyinə daxil olan şəxs kimi ölkənin ictimai-siyasi həyatında xoş olmayan xatirələrlə anılan hərəkətləri öz şəxsi istəyi ilə törətməyib. Onun göstərişlə işlədiyi, ona tapşırılan məsələləri icra etdiyi də bəllidir. Bu baxımdan onun hər iki məhkəməsində hədəf götürdüyü kəslərin məhz onun keçmiş rəhbərliyi, o cümlədən də hazırda vəzifələrdə sıxılıb, qalmağı bacaran Mahmudovçu qrup olduğu bəllidir.
İlqar Əliyevin müəmmalı ölümündən sonra yayılan rəsmi məlumata ictimaiyyətin böyük əksəriyyəti inanmadı. Sonradan o da üzə çıxdı ki, polkovnikin ailəsi də onun intihar etdiyinə inanmır. İlqar Əliyevin ailəsinə yaxın mənbə “Yeni Müsavat”a demişdi ki, ailə üzvləri onun həyatla öz xoşu ilə vidalaşdığına inanmadıqlarını istintaqçılara bildiriblər.
Həmin vaxt qaynağımız çox maraqlı bir məqamları aydınlaşdırmışdı. İlqar Əliyevin özünü müdafiə etməsi üçün vəkili ilə birgə müdafiə taktikası hazırladığını müxbirimizə xüsusi olaraq vurğulamışdı.
Həmin yazıdan sitat: “İlqar Əliyev ölümündən az əvvəl həyat yoldaşı ilə telefonla danışıb, hər şeyin normal olduğunu deyib. Onun iki uşağı var, yoldaşından uşaqlarını soruşub. Deyib ki, hər şey yaxşı olacaq. Yəni özü də bilirdi ki, 10-12 il cəza verilə bilər. Həbsə düşməyindən narahat olub, bədbin, fikirləri qarışıq olub. Amma özünü asması heç ağla gələn məsələ deyil”, - deyə, mənbə bildirmişdi. Əlavə etmişdi ki, ailəsi baş vermiş hadisənin şokundadır: “O, niyə belə edib, bilmirlər. Həbsindən sonra həftədə iki dəfə ailəsi ilə danışıb. Onlara da deyib ki, narahat olmasınlar. Elə bilsinlər ki, bir ötəri hadisədir. Deyib ki, atası, qardaşı çox da qüssələnməsin. Bir işdir başına gəlib. Yəni İlqar Əliyev həbs olunmasından narazı olub. Amma onun özünü asması üçün əsasları olmayıb. Onun ölümündən sonra vəkili də ailəsinə deyib ki, İlqarın vəziyyəti pis olmayıb. Onunla məsləhətləşmələr aparıb, müdafiə taktikası qurub, vəsatətlər hazırlayıblar. Vəkili hər gün onunla görüşüb, nə edəcəklərini müzakirə ediblər. Adam özünü asacaqdısa, niyə müdafiə olunmağa hazırlaşıb?”
Ümumiyyətlə isə bu gün də polkovnik İlqar Əliyevin BİT-də özünü asmasını şübhə altına alan çoxsaylı məlumatlar dolaşır. Belə ki, polkovnikin mələfəni haradan alması, özünü haradan və necə asması, BİT nəzarətçilərinin həmin vaxt harada olmaları, həmçinin kamera yoldaşının kimliyi və sonradan intihar etməsi və s. digər suallar cavabsız qalıb. İlqar Əliyevin intiharı ilə bağlı mövzunun bu qədər aktual olmasına gəlincə, o, MTN-də sıradan bir işçi olmayıb. Adı illərlə ictimai-siyasi fəallara qarşı qanunsuz əməliyyatlarda hallanıb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında İlqar Əliyevin barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddələri ilə təqsirləndirilirdi.
E.MƏMMƏDƏLİYEV