Eldar Mahmudovun hakimiyyətdəki dəstəsi “deşifrə” olunduqdan sonra bir sıra deputatların da adı gündəmə gəldi. Belə ki, biznesmen deputat kimi tanınan “AG Bank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev mandatdan məhrum edildi. Onunla bağlı yayılan iddialar isə bir müddət ölkə gündəmini zəbt etdi.
Məlumatlarda bildirilirdi ki, Mahmudovun Milli Məclisdəki adamları təkcə Əsədullayevlə kifayətlənmir, bu prosesin uzun müddət davam edəcəyi və başqa deputatların da hədəfə gəlməsi qaçılmaz olacaq. Daxil olan ilginc məlumata görə, adı “MTN işi” hallanan deputatlardan biri də Hacı Salayevdir: “Onun Eldar Mahmudovla yaxın əlaqələri olduğu müzakirə mövzusudur. Hazırda həbsdə olan Akif Çovdarovla isə ciddi bağlılığı olub. Hətta deputatın Çovdarov və bir müddət öncə təcridxanada intihar edən ləğv edilmiş MTN-nin Anti-terror Mərkəzinin rəis müavini İlqar Əliyevlə yaxınlığı çoxlarına bəllidir”.
Mənbə iddia edir ki, əslində, Əsədullayevlə eyni vaxtda Hacı Salayevin də mandatdan məhrum edilməsi gündəmdə olub, lakin hansısa çevrələr Salayevi qoruya bilib. Amma buna baxmayaraq, deputatla bağlı narazılıq və iddialar aktuallğını itirməyib. Onun Mahmudovun şəbəkəsi ilə əlaqələrinin olması hakimiyyətin yuxarı dairələrinin diqqətindədir: “Ola bilsin ki, istintaq zamanı çox şelər üzə çıxacaq və yaxın zamanlarda bu məsələ də gündəmə gələcək. Çünki deputatın əvvəllər MTN-də işləməsi və sonradan da Milli Məclisə mandat alması ciddi şübhələr yaradıb, onunla bağlı suallar doğurub”.
Qeyd edək ki, ötən ilin noyabr ayının 1-də Parlamentə keçirilmiş seçkilər zamanı Hacı Salayev 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilib. Məsələ ilə bağlı deputatla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Mövzunu gündəmdə saxlayacağıq. (arqument.az)
Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.