“Azərbaycanda əsl tufan; Neft düşdükcə narazıları satın almaq mümkünsüz olacaq”

21-01-2016, 10:45   
“Azərbaycanda əsl tufan; Neft düşdükcə narazıları satın almaq mümkünsüz olacaq”
“Qiymətlər qalxır, milli valyuta çökür, beynəlxalq aləmdə çaxnaşmadır, elita əsəb içindədir. Azərbaycan 2016-cı ilə tam bir tufanla başlayır”. Karneqi Beynəlxalq Sülh Fondunun aparıcı əməkdaşı Tomas De Waal “Azərbaycanda əsl tufan” başlıqlı məqaləsində belə yazır.

Müəllif hələ bir həftə öncə – Irana sanksiyalar götürülməmiş, neftin barreli 30 dollara düşməmiş vaxtlarda bölgələrdə etirazların baş qaldırdığını vurğulayır: “Qeyri-rəsmi televiziya görüntüləri Tunisi, Tacikistanı xatırladır: çevik polis alayı qəzəbli gənclərin üstünə su şırnağı və gözyaşardıcı qazla gedir”.

Müəllif daha sonra belə etirazların yayılacağını bildirir:


“Bu olayların tezliklə Rusiyada da oxşar səbəblərdən baş verəcəyini proqnozlaşdırmaq olar. Görünür, ictimaiyyət avtoritar hökumətə hər şeyi bağışlaya bilər, həyat səviyyəsinin düşməsini, əsla”.

Ardından Tomas De Waal hökumətin milli valyutanı qorumaq naminə atdığı addımlardan, kəskin dəyərsizləşən manatın orta sinfə və bütövlükdə vətəndaşlara təsirindən söz açır.

“Atası kimi dominant monarax…”

Müəllif son illər Azərbaycan siyasi həyatındakı nisbi sakitliyi, prezident Ilham Əliyevin öz tənqidçilərini susdurduğunu qeyd edir, ancaq bu mənzərənin aldadıcı olmasına diqqət çəkir: “Heydər Əliyevin varisi olan Ilham heç vaxt atası kimi dominant monarx ola bilməyib, elitanın mərkəzində durmayıb, bizneslə də məşğul olan rəsmilərin mübahisələrini çözməyib”.

Indi durumda artıq çatların yarandığını, keçmiş MTN rəhbəri Eldar Mahmudovun işdən çıxarıldığını xatırladan müəllif müxalifət mediasının iddiasını – prezident və nazirlərinin ölkədən iri məbləğdə maliyyə mənimsədiyini diqqətə yetirir.

Tomas De Waal Azərbaycanın beynəlxalq əlaqələrinin də pisləşdiyini vurğulayır. Bir tərəfdən, ABŞ-la münasibətlər yaxşı deyil, bütün Amerika təşkilatları bağlanıb, Konqresə Azərbaycana sanksiya layihəsi təqdim olunub. Digər tərəfdən, Rusiya-Türkiyə çəkişməsi Azərbaycanı “naqolay” duruma salıb. Irana sanksiyaların qaldırılması da Qərblə oynadığı böyük bir kartı Bakının əlindən alıb.

Dağlıq Qarabağ və siyasi islam

Müəllif nəticəsi proqnozlaşdırılmayan iki təhlükəli kartı da vurğulayır: “Biri Dağlıq Qarabağ münaqişəsidir ki, ümidsiz duruma düşmüş rejim ona əl ata, itirilmiş ərazisinin bərpası üçün kiçik, ya da böyük hərbi əməliyyata gedə bilər. Bu halda Qafqazda yeni və fəlakətli bir münaqişə başlanması mümkündür”

Ikinci kartsa – siyasi Islamdır. Azərbaycanda dünyəvi baxışlı, qərbpərəst siyasi məhbuslar dünyanın diqqətini daha çox çəkib. Ancaq məhbusların çoxu siyasi radikalizmdə ittiham olunan müsəlmanlardır. Bəziləri iranpərəst Nardaran kəndindən şiələr, bəziləri “Islam Dövləti” silahlı qruplaşmasına rəğbətdə suçlanan sünnilərdir. Siyasi islama dəstəyin səviyyəsini müəyyənləşdirmək çətindir, amma bir şeyi əminliklə demək olar, Yaxın Şərqdə olduğu kimi, burada da o qüvvələr boğulduqca, daha da güclənəcək”.

Tomas De Waal daha sonra başqa bir həssas məqama toxunur:

“Ötən il Azərbaycan hökuməti büdcədə neftin qiymətini 50 dollar nəzərdə tutmuşdu. Qiymətin o məbləğin yarısını azca aşdığı məqamda prezident Əliyevin narazı vətəndaşları satın alması da, az qala, mümkünsüz olacaq”.

“Azadlıq” radiosu
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.