Əmək haqqının hesablanılması zamanı əlavə və artıq ödənişlərə yol verilib, büdcə vəsaitlərinin təyinatı dəyişdirilib, artıq ştat vahidləri saxlanılıb.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında Mingəçevir Şəhər İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib.
Audit qrupunun rəhbəri F. Şəkərəliyevin məlumatı dinlənilib, daha sonra auditin nəticələrinə dair fəaliyyət istiqaməti üzrə auditor N. Həsənovun nöqsanların xarakteri, nəticələr və auditor rəyində əks etdirilmiş tövsiyələr də daxil olmaqla hesabatı müzakirəyə çıxarılıb.
Auditor N. Həsənov Hesablama Palatasının 2013-cü ildə həyata keçirilmiş nəzarət tədbiri ilə müəyyən edilmiş tövsiyələrin Mingəçevir Şəhər İcra Hakimiyyətinin (İH) struktur vahidləri tərəfindən tam təmin edilmədiyini kollegiya üzvlərinin diqqətinə çatdırıb, hazırkı auditlə əhatə olunan dövrdə isə mənzil fondunun zərərinin və abadlaşdırma xidmətləri haqqının ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılmasının mövcud qanunvericilik aktları və qüvvədə olan normaların tələblərinə tam əməl olunmayaraq təxmini hesablamalara əsasında tərtib edildiyini bildirib. Abadlıq, yolların və mənzil fondunun əsaslı təmiri işlərinin həyata keçirilməsi zamanı bəzi hallarda işlərin dəyərinin və həcmlərinin artırılması nəticəsində podratçılara artıq vəsait ödənilib, əmək haqqı fondunun müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması zamanı qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilməyərək əlavə və artıq ödənişlərə yol verilib.
Kommunal xidmətlərini həyata keçirən İH-nin struktur vahidləri tərəfindən büdcə vəsaitinin təyinatı dəyişdirilmiş və təsərrüfat gəlirləri hesabına saxlanılmalı xərclərin ödənilməsinə yönəldilmiş, mənzil fondunun gəlirləri üzrə vəsait az hesablanılıb, debitor borcun yığılması, habelə xərclərin, zərər məbləğlərinin azaldılması və gəlirlərin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, dövlət büdcəsinə olan kreditor borcu tam ödənilməyib və DSMF-yə yaranan borc daim artıb, büdcə vəsaitləri hesabına artıq ştat vahidləri saxlanılıb, faktiki xidmət göstərilən ərazilərin sərhədləri dəqiqləşdirilməyib.
Bəzi hallarda əhali qrupundan yığılan kommunal xidmətlərin haqqı əksər hallarda gecikdirilmə ilə təhvil verilib. Eyni zamanda, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyətlə əlaqədar qət edilən məsafəyə dair manevr xətti və marşrut üzrə məsafənin müəyyənləşdirilmədiyi, dövlət büdcəsinin vəsaiti hesabına alınmış təsərrüfat mallarının, yanacaq və ehtiyat hissələrinin silinməsi zamanı mövcud normalara riayət edilmədiyi, bəzi hallarda dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə və kassa əməliyyatlarının aparılması qaydalarına riayət olunmadığı, kreditor və debitor borcların auditlə əhatə olunan dövrdə mütəmadi artdığı, hesablaşmaların nağd qaydada həyata keçirildiyi diqqətə çatdırılıb.
Sonda auditor auditin nəticələri üzrə rəydə qeyd edilmiş tövsiyələri diqqətə çatdırıb.
Nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarının layihəsi də müzakirə edilib və səsə qoyularaq qəbul olunub. Qərar icra edilməsi məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə göndərilib.
Qeyd edək ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur.
APA.az