Prezident İlham Əliyev dəfələrlə bildirib ki, devalvasiyadan istifadə edib süni qiymət artımı ilə məşğul olanlar ciddi cəzalandırılacaq. Amma görünür bundan heç də hamı ciddi nəticə çıxarmayıb. Bu günlərdə yenilik.Az-a informasiya daxil oldu ki, Mərkəzi Neftçilər Xəstəxanası qiymətləri qaldırıb. İnformasiyanı dəqiqləşdirmək üçün özümüz xəstəxananın qəbul şöbəsi ilə əlaqə saxladıq. Xəstəxananın terapiya şöbəsindən cavab verən xanımdan xəstə qismində qiymətləri soruşduqda bildirdi ki, qəbul zamanı 1800 AZN depozit qoyulmalıdır. 2-3 həftə əvvəl depozit 1200 AZN idisə, indi necə qəfil 1800 AZN oldu sualına cavab olaraq xanım bildirdi ki, devalvasiya ilə əlaqədar olaraq qiymətlər qaldırılıb.
Xəstəxananın belə addım atmasına hansı əsaslarının olduğuna aydınlıq gətirmək üçün Səhiyyə nazirliyinin mətbuat xidmətilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Liya Bayramova bu barədə dəqiq məlumatı olmasa da həmin xəstəxananın təsərrüfat hesablı olduğunu bildirdi və tibb ocağının öz mətbuat xidmətilə əlaqə saxlamağımızı məsləhət gördü. Neftçilər xəstəxanasının mətbuat xidmətinin rəhbəri Aytən xanımla əlaqə saxladıqda bizi hansısa əməkdaşla calaşdıracağını, həmin adamın bizə zəng edib açıqlama verəcəyini desə də xəstəxanadan indiyədək kimsə zəng edib deməyib ki, birdən-birə bu xəstəxanada qiymətlər nə üçün kəllə-çarxa çıxıb? İndi biz başa düşə bilmirik ki, bu xəstəxananın neçə mətbuat xidməti var və bu qiymət artımını niyə əsaslandıra bilmirlər?