Əliyevin manat fəlakəti anonsu

23-01-2016, 11:31   
Əliyevin manat fəlakəti anonsu

«Milli valyutamızı dəstəkləmək üçün əlavə tədbirlər görməyəcəyik»

Milli valyutamızın iki devalvasiyasından sonra hökumətin “bahalı manatı” saxlamaq niyyətində olmadığı açıq görünür. Ölkədə valyutadəyişmə məntəqələrinin bağlanması, dollar satışının kifayət qədər məhdudlaşdırılması bunu deməyə əsas verir. Bu fikri dövlət başçısı Ilham Əliyevin Davos forumunda RIA-Novosti agentliyinə verdiyi açıqlama da sübut edir.

I.Əliyev vurğulayıb ki, neftin qiymətinin azalmasına baxmayaraq, biz milli valyutamızı dəstəkləmək üçün əlavə tədbirlər görməyəcəyik. O bildirib ki, manatın məzənnəsi ilə bağlı onlar əllərindən gələni ediblər: “Bundan artığını gələcəkdə hökumət etməyəcək. Neftin ucuzlaşması davam edərsə, manat bundan əziyyət çəkməyəcək. Manatın hazırkı məzənnəsi ədalətlidir və öz yerini tapır”.

“SOCAR-ı özəlləşdirməyəcəyik”

I.Əliyev onu da deyib ki, yaxın vaxtda Azərbaycan hökuməti özəlləşdirməyə çıxarılacaq dövlət aktivlərinin siyahısı ilə bağlı müzakirələrə başlayacaq. Onun sözlərinə görə, ölkənin əsas ixrac məhsulunun dəyərsizləşməsi səbəbindən Azərbaycan hökuməti strateji aktivi olan SOCAR-ı özəlləşdirməyəcək: “SOCAR dövlətin strateji aktivdir. Bu səbəbdən onun özəlləşdirilməsindən söhbət gedə bilməz”.

“RIA Novosti”nin “Rusiya şirkətləri Azərbaycanın dövlət aktivlərinin özəlləşdirilməsində iştirak edə bilərmi” sualına I.Əliyev bu cür cavab verib: “Rusiya Azərbaycanın yaxın dostudur. Istəsələr, yalnız şad olarıq. Lakin hələ müraciət edən olmayıb”.

Dövlət başçısının bu etirafı hansı mətləblərdən xəbər verir? Yaxın zamanlarda biz manatın məzənnəsi ilə bağlı hansı yenilikləri müşahidə edə bilərik?

“Əliyevin dedikləri reallığa çevriləcəksə, manat sürətlə dəyər itirəcək”

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyev bildirdi ki, hakimiyyətin apardığı siyasət manatı acınacaqlı vəziyyətə salıb və hazırda 2 dəfədən artıq dəyərdən düşən manata yiyə durmaq istəmirlər. E.Rüstəmovun Avstriya şirkətləri ilə manatla bağlı apardığı “əməliyyatları” xatırladan N.Əliyev vurğuladı ki, manatı bundan sonra başlı-başına buraxmaq milli valyutanın sürətlə dəyər itirməsi demək olacaq. N.Əliyev onu da istisna etmədi ki, hətta hakimiyyətin yeni nominalda milli valyuta belə çap etmək istəkləri baş qaldıra bilər: “Elman Rüstəmov haqqında hələ də Avstriya məhkəmələrində cinayət işi var. Elman Rüstəmov gedib hesabat verməlidir məhkəmədə. Dövlət başçısının dedikləri reallığa çevriləcəksə, manat digər valyutalar qarşısında sürətlə dəyər itirəcək. Dövlət başçısına bu fikri aşılayanların nəyə istinad etdiyini bilmirəm. Amma necə təsəvvür etmək olur ki, ölkənin milli valyutası tam sərbəst buraxılır. Bu zaman pul-kredit, manatın məzənnə siyasəti, hətta investisiya siyasəti iqtisadiyyatın tənzimlənməsinə xidmət edir. O zaman ölkə iqtisadiyyatını nə qədər tənzimləyici mexanizmlərdən məhrum edirlər”.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.