11:53
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışan və İslam Konfransı Gənclik Forumunun əməkdaşı olan diplomat Fəxrəddin Əliyev intihar edib.
APA-nın verdiyi məlumata görə, hadisə İstanbulun Küçükçəkməcə rayonu ərazisindəki Şəfəqköy silah poliqonunda baş verib.
F.Əliyev öz sürücüsü ilə birlikdə poliqona gəlib. Silahla dəfələrlə hədəflərə atəş açan diplomat son gülləsini öz başına vurub. O, yerindəcə keçinib. Küçükçəkməcə polis idarəsi intiharın səbəblərini araşdırmaq üçün təhqiqata başlayıb. Diplomatın meyiti İstanbul Ədliyyə Tibb Qurumunun morquna aparılıb.
12:37
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə açıqlamasında Fəxrəddin Əliyev adlı bir şəxsin Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışmadığını deyib.
Azərbaycan İstanbuldakı Baş Konsulluğundan APA-ya verilən məlumatda da bildirilib ki, F. Əliyev konsulluqla bağlı heç bir diplomatik fəaliyyəti olmayıb.
Fəxrəddin Əliyevin Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı kimifəaliyyət göstərdiyi və "Farko" şirkətinin sahibi olduğu ortaya çıxıb.
F.Əliyev həmçinin 2012-ci ilin iyununda yaranan Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi qurucularından olub.
***
Fəxrəddin Əliyev poliqonda qəza nəticəsində, əlindəki silahdan təsadüfən çıxan güllə ilə həyatını itirib.
Bu barədə APA-ya Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib. Məlumata görə, F. Əliyevin meyiti ədliyyə tibb qurumunun morqunda yarılıb. Meyitin Azərbaycana göndərilməsi üçün lazımi olan sənədlər Baş Konsulluq tərəfindən hazırlanaraq mərhumun yaxınlarına verilib.
Yanvarın 22-də axşam Fəxrəddin Əliyevin meyiti Bakıya göndərilib.