Həbs olunan gün Rüfət Səfərovun səsini gizli yazıb, kimə göndəriblər?

24-01-2016, 00:38   
Həbs olunan gün Rüfət Səfərovun səsini gizli yazıb, kimə göndəriblər?Sabiq müstəntiqi idarəyə “gəl dostcasına söhbət edək” deyə çağırıblar və...

Sabiq müstəntiq, istefa ərizəsi ilə vəzifəsindən çıxıb müxalifətə keçdiyini bəyan edən, YAP-çı Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun ev dustaqlığı davam edir. R.Səfərov azadlığa çıxdığı gündən etibarən mediaya hər hansı açıqlama verməkdən imtina edir.

Buna səbəb onun üzərindəki məhkəmə qərarıdır. Amma prosesi yaxından izləyən mənbənin musavat.com-a verdiyi məlumata görə , onun həbs olunduğu gün hər şey qəribə məcrada baş verib.
Mənbənin bildirdiyinə görə, R.Səfərovu Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini zəng edərək idarəyə çağırıb. R.Səfərov ondan bu çağırışın rəsmi və ya qeyri-rəsmi olmasını dəqiqləşdirməyə çalışanda sabiq müstəntiqə “gəl dostcasına söhbət edək” deyilib. Bundan başqa, onun açılan cinayət işi üzrə şahid qismində dindiriləcəyi də bildirilb.

O da vəkilsiz, olduqca rahat şəkildə idarəyə gedib. İdarədə onunla vəd etdikləri kimi “”dostcasına” danışıblar. Təbii ki, ilk növbədə istefasının və onun ardınca verdiyi bəyanatların səbəbləri soruşulub. R.Səfərov da bu günə qədər media vasitəsilə dediyi bütün fikirləri bir daha təkrarlayıb. R.Səfərov burada da öz fikirlərini olduqca sərt ifadələrlə səsləndirib.
Mənbə iddia edir ki, beş-on dəqiqə davam edən söhbət təsadüfi xarakter daşımayıb. "R.Səfərovun dedikləri canlı yayımla prokurorluq orqanının rəhbərliyinə dinlətdirilib. “Prosluşka” bitəndən sonra isə rəis müavini otaqdan çıxıb, yarım saatdan sonra əlində həbs barədə təqdimatla geri qayıdıb. Ardınca isə R.Səfərovun həbsinə sanksiya verilib". Mənbənin iddiasına görə, R.Səfərovun məhz sözügedən idarəyə çağırılıb dindirilməsi də “prosluşka”nın baş tutması məqsədilə planlaşdırılıb : "Çünki həmin idarədə bu əməliyyat üçün lazımi avadanlıqlar olub".

Həbsdən bir gün sonra isə şahidlərlə üzləşdirmə olub. Mənbə deyir ki, 60 gün ərzində cəmi iki “zərərçəkən”in tapılması, üstəlik, onların da ifadələrində özlərini dolaşdırması əməliyyatın uğursuz aparıldığının sübutu olub. Bundan başqa, iş üzrə hər hansı şahidin olmaması da diqqətçəkən qanun pozuntusu olub.

Hazırda isə R.Səfərova mediaya danışmamaqla bağlı sərt göstəriş verilib. Sabiq müstəntiq bu səbəbdən ona gələn telefon zənglərini cavablandırmır. İlk gün öz fikirlərini sosial şəbəkə vasitəsilə yayan R.Səfərov atasının onun hesabına daxil olub, statusunu silməsinə görə də ilk gün qəzəblənib və bununla bağlı bir-birinin ardınca iki status paylaşıb.
Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib.

Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Sevinc TELMANQIZI,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.