Böhran Azərbaycanda dövlət qurumlarında struktur islahatlarını qaçılmaz edib. Artıq bu islahatların ilk addımları atılmağa başlayıb. Bir çox nazirlik və komitələrin yenidən formalaşdırılması, ştat vahidlərinin ixtisar edilməsi, idarəetmənin sadələşdirilməsi proseslərinin şahidi olmaqdayıq. Cumhuriyyet.az qaynar.info-ya istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyindən sonra kütləvi ictimai narazılığın ünvanlandığı əsas qurumlardan biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) olduğu üçün, bu qurumun da adının dəyişdirilərək, yenidən formalaşdırılması məsələsi müzakirə olunmaqdadır. Məlumata görə, DYP-nin bazasında Dövlət Avtomobil Müfəttişliyinin yaradılması nəzərdə tutulur.
Son illər sosial şəbəkələrdə və mediada yol polisi haqqında biabırçı video çarxların yayılması, ictimai rəydə qurumun heç bir nüfuzunun qalmaması DYP-nin ləğvini həqiqətən də zərurətə çevirir. Yeni qurumun yaradılması, həm də DYP-ni ailə biznesinə çevirən, 5 ildir təqaüd yaşı çatsa da, hələ də kreslosunu qorumaq üçün dəridən-qabıqdan çıxan Ramiz Zeynalovun daha yeni və çevik bir kadrla əvəz olunmasına səbəb olacaq.
Bir sözlə, böhran dönəmində dövlət büdcəsini talayan məmurların büdcəni dolduracaq məmurlarla əvəzlənməsi ən doğru yoldur. Təsadüfi deyil ki, DYP rəsmiləri ASAN xidmətdə ödənilən çərimə çeklərini belə tanımaqdan imtina edir. Bu cür təfəkkürlə, bu cür yanaşma ilə bu qurumun heç bir gələcəyi ola bilməz. Xüsusən də açıq-aşkar hökümətin islahat adddımlarına qarşı çıxırsa…
Çiçəklənən ailə biznesi
Ramiz Zeynalov DİN strukturlarında 1976-cı ildən – təxminən 40 il öncə işləməyə başlayıb. 1994-cü ilin avqust ayından isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Deməli, indiki vəzifəsində də 21 ildir oturub. Bu 21 ildə dünya xəritəsi bir neçə dəfə dəyişsə də, R.Zeynalov nə özü, nə vəzifəsi, nə də iş üslubu dəyişməyib.
Yol polisinin necə çalışdığını oxucuya ayrıca izah etməyə lüzum görmürük. Görünən dağa bələdçi lazım deyil. Amma biz mümkün qədər Ramiz Zeynalovun dövlət vəzifələrini özü və yaxınları üçün necə biznesə çevirməsinin görünməyən tərəflərini açıqlamağa çalışacağıq.
Ramiz Zeynalovun Azərbaycanın şimal və cənub rayonlarında çoxsaylı asfalt və beton zavodları, daş karxanaları fəaliyyət göstərir. Dəqiqlik olsun deyə, Qubadakı zavod və karxananın ünvanını nişan verə bilərik. Belə ki, Ramiz Zeynalov Quba rayonu Vəl-vələ çayı yaxınlığındakı meşə massivində 5 hektar ərazidə agacları məhv etdirərək 4 ay ərzində yerində nəhəng daş karxanası və beton zavodu inşa etdirib. Həmin ərazidəki karyerin və beton zavodun avadınlıqları və maşınlar Almaniyadan gətirilib. Quraşdırılan müəsisə ən son texnologiya ilə fəaliyyət göstərir. R.Zeynalovun bu sahədəki biznesinin idarə edilməsini DYP-nin alay komandiri, polkovnik Balakişi Əhmədova etibar etdiyi bildirilir.
Avtomobil nömrələri və sürücülük vəsiqələrinin verilməsi sahəsində də hansı biznes maraqlarının güdüldüyü yeni xəbər deyil. Bu sahədə isə R.Zeynalovun etibarlı adamı İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Müşfiq Rəhimovdur. Nömrələrin bir villa qiymətinə, sürücülük vəsiqəsinin isə ən azı 1 000 manata satıldığını bu ölkədə bilməyən yoxdur.
Bundan əlavə, R.Zeynalovun bir çox rayonlarda villa və otelləri var. Bu sırada doğulduğu və qardaşı Tofiq Zeynalovun icra başçısı olduğu olduğu Tovuz rayonu xüsusi yer tutur.
Qardaşı Tofiq Zeynalov haqqında
Tofiq Zeynalov da qardaşının iş metodundan bəhrələnərək, rayonda xüsusi pilləli monopoliya sistemi qurub. Bütün “qara işləri”ni isə birinci müavin təyin etdiyi qudası Mahir Həsənova həvalə edib. İş o yerə çatıb ki. rayonda idarə rəhbərləri ilə keçirilən toplantılara da bir qayda olaraq, Mahir Həsənov rəhbərlik edir, Tofiq Zeynalov isə daha çox şəxsi biznesi ilə məşğul olur. Rayondakı bütün təmir-tikinti işləri də M.Həsənova məxsus “Qovlar Təmir Tikinti” MMC tərəfindən aparılır. Bu şirkətə köçürülən vəsaitlərin məbləği isə on milyonlarla ölçülür. Rayonun Maliyyə İdarəsinin rəisi Mübarz Salmanov da başçının dayısı oğludur. Mediada səslənən iddialara görə, büdcə təşkilatlarına köçürülən vəsaitlərdən bir qayda olaraq, 13 faiz tutulur. Bunun 8 faizi icra başçısına ötürülür. Başçının oğlu Qoşqar Zeynalov isə Bakı Dövlət Yol Polisi İdarəsində şöbə müdiri vəzifəsində çalışır.
Q.Zeynalov da öz növbəsində atasının, əmisinin və öz “bisnes”inin hesabına əsl oliqarx övladı kimi kef çəkir, səsi tez-tez dünyanın lüks otel və istirahət mərkəzlərindən gəlir. Qadaşı kimi başçının da Tovuzda bir çox dəbdəbəli malikanələri, restoranları var. Bununla belə T.Zeynalovun Bakıda da dəyəri milyonlarla ölçülən mənzil və mülkləri var ki, bunların bir çoxu kirayə verilib.
T.Zeynalovun vəzifəyə təyin etdiyi digər qohumlar
– Mətləb Qasımov – baş mühasib, icra başçısının xalası qızının əridir.
– Mətanət Sarı qızı Musayeva – İcra Hakimiyyətində aparıcı mütəxəssis, icra başçısının qardaşı Fikrət Zeynalovun baldızı.
– Yaşar İbrahimov – rayon Telekommunikasiya qovşağının rəisi, icra başçısının əmisi qızının əri.
– Xaqani Cəbrayıl oğlu Əskərov – Rayonlararası Dövlət Avtomabil Müfəttişliyi birliyinin rəisi, icra başçısının bacısı oğlu.
– Aydın Qədir oğlu Qasımov – Rayon mədəniyyət və turizm şöhbəsinin müdiri, icra başçısının kürəkəninin dayısı.
– Hüsaməddin Şəmşəd oğlu Mirzəyev- Rayon qaz istismar idarəsinin rəisi, icra başçısının qaynı.
– Rəşid Həsənov- rayon memarlıq və tikinti şöbəsinin müdiri, icra başçısının əmisi qızınin əri.
– Elxan Əziz oğlu Əskərov – Rayon enerji satışı şöbəsinin rəisi, icra başçısının yaxın qohumu və s.
Ramiz Zeynalovun digər qardaşı Fikrət ZeynalovSabunçu rayonunda yerləşən 3 saylı şəhər Klinik Xəstəxanasına baş həkim vəzifəsində çalışır. Buna qədər isə F.Zeynalov Fuad Əfəndiyev adına 4 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi vəzifəsini tuturdu. Xəstəxanalardakı durumun da necə olduğunu hər kəs bildiyi üçün bu məqamın da üzərində xüsusi dayanmağa ehtiyac görmürük. Hər kəs adi xəstəlikdən tutmuş doğuşa qədər hər şeyin pullu olduğunu bilir.
Evakuasiya.Az və ya “156” kimindir?
Ramiz Zeynalovun biznesinin əsas istiqamətlərindən biri də “Evakuasiya.az” şirkəti ilə bağlıdır. Belə ki, Bakıda evakuatorlar tərəfindən cərimə meydançalarına aparılan avtomobillərə sürücülər tərəfindən ödənən cərimələr dövlət hesabına yox, şəxsi hesablara gedir. Paytaxtın küçə və prospektlərində qadağan edilmiş yerdə dayanan avtomobilləri ancaq Yol Patrul Xidmətinin əməkdaşının göstərişi əsasında DYP-nin Siqnal İdarəsinə məxsus AP (Azərbaycan Polisi ) serial nömrə nişanlı evakuatorlar tərəfindən cərimə meydançalarına aparıla bilər. Belə olan halda cərimə meydançasına aparılan avtomobilin sürücüsü cərimə edilir və sürücü cəriməni bank vasitəsi ilə dövlətə ödədikdən sonra avtomobilini cərimə meydançasından götürə bilir. Ancaq R.Zeynalov burada da vəziyyəti “incə qayda”da dəyişib. DYP-nin Siqnal İdarəsinə məxsus evakuatorlar cərimə meydançalarında saxlanılır. Əvəzində isə dayanması qadağan edilmiş yerlərdən avtomobillər “Evakuasiya.Az” MMC-yə məxsus “İsuzi” markalı evakuatorlar (üzərinə 156 yazılan) tərəfindən cərimə meydançalarına aparılır və sürücülər cəriməni qeyd olunan MMC-nin hesabına (“Bank Texnika”dakı) köçürdükdən sonra avtomobillərini cərimə meydançasından götürə bilirlər. Beləliklə də, dövlət büdcəsinə köçürülməli olan cərimələr bu yolla kimlərinsə ciblərinə gedir. Vergilər Nazirliyinin saytında “Evakuasiya.az” MMC-nin 24 yanvar 2011-ci ildə qeydiyyatdan keçdiyi, qanuni təmsilçisinin isə Aqil İsmayıl oğlu Zeynalov olduğu göstərilib.
Aqil Zeynalov kimdir?
Bir müddət öncə mediada gedən məlumatlarda bildirilirdi ki, Bakı şəhərində evakuasiya xidməti göstərən bütün avtomobillər satılıb. Maşınların Xəqani Səlimov adlı şəxs tərəfindən Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalova satıldığı deyilir: “Lakin bu alqı-satqının pul müqabilində aparıldığı dəqiq məlum deyil. Məlum olan odur ki, Aqil Zeynalovun nəzarətində olan evakuasiya maşınları 2 profil üzrə Bakıda xidmət göstərirlər. 1-ci xidmət növü qəzaya düşmüş və ya xarab olmuş avtomobillərin daşınması, 2-ci xidmət isə DYP-nin sifarişi ilə park etmə qaydalarını pozan avtomobillərin cərimə meydançalarına daşınmasıdır”.
“Evakuasiya.az” MMC ilə eyni ünvanı paylaşan “Azericert” MMC adlı daha bir şirkət var. Şirkət 1 sentyabr 2011-ci ildə qeydiyyatdan keçib. Qanuni təmsilçisi Zamil Faiq oğlu Həsənovdur. Ancaq şirkətin nə işlə məşğul olduğu bəlli deyil. Adı mətbuatda gedən bir neçə yazıda maliyyə dəstəkçisi kimi keçir.
YEKUN
Normalda heç bir şəxsin və qohumlarının hansısa biznes qurumları yaratması və ya ona rəhbərlik etməsi əlavə suallar yaratmalı deyil. Amma R.Zeynalovun 21 il, qardaşının 8 il eyni vəzifədə olması – bütün qohumların bu həlqədə yer alması, biznes subyektlərinin də birbaşa dövlət kanallarına bağlı olması – artıq ciddi korrupsiya faktıdır. MTN ətrafında baş verən qalmaqal da bir daha göstədi ki, bu cür fatlar ciddi araşdırılmalı və hər kəs layiq olduğu cəzasını almalıdır.