Prezident məmurları bahalı maşınlardan düşürür: “Cəzalandırılacaqlar

27-01-2016, 12:21   
Prezident məmurları bahalı maşınlardan düşürür: “Cəzalandırılacaqlar
Dövlət başçısı son bir ayda üçüncü müşavirə keçirdi; Gözlənilir ki, dövlət başçısı yaxın vaxtlarda əhalinin daha çox narazı salan icra başçıları haqda ciddi cəza tədbirləri görəcək- regionların sosial-iqtisadi inkişafına həsr olunmuş toplantıdakı çıxışında prezident buna açıq işarə edib; bəzi siyasi ekspertlər hesab edir ki, “Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur” deyən dövlət başçısı yeni həbslərə qərar verə bilər
Yanvarın 26-da prezident İlham Əliyevin sədrliyi ilə 2014-2018-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının gedişinə həsr olunmuş müşavirə keçirilib. Bu, ilin ilk ayında prezidentin iqtisadi sferanı kurasiya edən hökumət üzvlərinin də iştirakı ilə keçirilən sayca üçüncü toplantısıdır.

Budəfəki toplantını fərqli edən isə icra başçılarının iştirakı idi ki, gözlənildiyi kimi, prezident onlara ciddi tapşırıqlar verib, eyni zamanda sərt xəbərdarlıqlar edib. Qeyd edək ki, yanvarın 10-da keçirilən ilk müşavirədə dövlət başçısı dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verib və görülən işlərlə əlaqədar hər rüb məlumat verilməsi ilə bağlı rayon icra başçıları qarşısında tələb qoyub.

İkinci devalvasiyadan sonra bir sıra bölgələrdə süni qiymət artımına, işsizliyə və yeri məmurların özbaşınalığına etiraz olaraq aksiyalar keçirilib ki, bu məsələdə də icra başçılarının ciddi məsuliyyəti var. Statistika da göstərir ki, sosial tələblərlə aksiya keçirilən rayonlara illərlə milyonlarla vəsait ayrılsa da, nə lazımi iş yerləri açılıb, nə də xalqın güzəranının yaxşılaşması üçün ciddi addımlar atılıb.

Dövlət başçısı etiraz aksiyaları ilə bağlı danışmasa da, hər bir rayonda sənaye zonası yaradılması barədə göstəriş verdiyini deyib, amma bu prosesin zəif getdiyindən gileylənib: “Bölgələrə investisiya axınını daha çox Azərbaycan dövləti, sahibkarlar təşkil edirdilər. İndi icra hakimiyyətləri daha fəal olmalıdır. Nə qədər iş yeri açılıb, müəssisə yaradılıb, investisiya cəlb edilib? İcra hakimiyyətlərinin fəaliyyətinə buna əsasən qiymət veriləcək”.

Aydındır ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün yerli icra hakimiyyəti orqanlarından iki qat məsuliyyət tələb olunacaq. Neft bumunun bitməsi ilə yaxın illərdə icra başçıları əvvəlki firavan və rahat həyatlarını davam etdirə bilməyəcəklər.

Məmurları xalqa xidmət etməyə çağıran prezidentin dediklərinə diqqət edək: “Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq”. Prezidenti deyib ki, Naxçıvanda avtomobil zavodu var: “Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”.
Yeri gəlmişkən, Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bəzi icra hakimiyyətlərində korrupsiya halları aşkarlanıb. Məlum olub ki, dövlət tərəfindən ayrılan vəsaitlər düzgün istifadə olunmayıb, büdcə vəsaitlərinin təyinatı dəyişdirilib, əmək haqqının hesablanılması zamanı əlavə və artıq ödənişlərə yol verilib. Gözlənilir ki, prezident yaxın vaxtlarda əhalini daha çox narazı salan icra başçıları haqda ciddi cəza tədbirləri görəcək. Toplantıdakı çıxışında da prezident buna açıq işarə edib.



Prezident korrupsiya probleminə toxunaraq deyib ki, bu, bütün ölkələr üçün böyük bəladır: “Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. ”ASAN xidmət" mərkəzləri 7 milyondan çox insana xidmət göstərib, burada rüşvət yoxdur. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur".

Yada salaq ki, prezident ötən ilin son aylarında keçirdiyi müşavirələrdə də məmurları çox sərt şəkildə tənqid edəndə də bu ifadələri işlətmişdi. Məhz bu xəbərdarlıqlardan sonra oktyabr ayının 17-də milli təhlükəsizlik naziri işdən çıxarılmış, MTN-də böyük bir cinayətkar şəbəkə ifşa edilmiş, bunun ardınca Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində sensasion antikorrupsiya həbslər həyata keçirilmiş, nazir Əli Abbasov işdən qovulmuşdu. Bəzi siyasi ekspertlər hesab edir ki, prezidentin son çıxışları komanda daxilində yeni gözlənilməz qərarlar, hətta həbslərlə nəticələnə də bilər.



Prezident əhalini daha çox narahat edən və sosial gərginliyə səbəb ola bilən ixtisarlar və yeni iş yerləri ilə bağlı da danışıb. İlham Əliyevin sözlərinə görə, yeni iş yerlərinin yaradılmasına ehtiyac var, çünki bəzi iş yerləri bağlanır: “Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər. İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər. Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər”.

Prezident müşavirədə Azərbaycandakı siyasi sabitliyə toxunub: “Xalqımızın vahid amal ətrafınla birləşməsi, uğurlarımız bunu təmin edir. Baxmayaraq ki, ətraf ölkələrdə qarşıdurmalar baş verir. Belə olan halda Azərbaycan nümunəsi dünya üçün əhəmiyyətlidir və bir çox yerdə Azərbaycan təcrübəsi öyrənilir. Azərbaycan demokratiya yolu ilə sürətlə irəliləyir. Xalqımızı əmin etmək istəyirəm ki, dünyadakı böhrana baxmayaraq, Azərbaycan uğurla inkişaf edəcək”.



Dövlət başçısı bildirib ki, manatın məzənnəsinin sona qədər sabit saxlanılmasına çalışılıb: “Neftin qiymətinin 4 dəfə, qonşu ölkələrin mili valyutalarının 100 faiz dəyərdən düşməsi manatın məzənnəsini sabit saxlamağa imkan vermədi. Ancaq nəzərə almaq lazımdır ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Sosial siyasət, dərin iqtisadi islahatlar bizə bu vəziyyətdən də uğurla çıxmağa imkan verəcək. 2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır və olacaq. Əlavə sərəncam və fərmanlar da imzalanacaq ki, iqtisadiyyatımız güclənsin”.
İlham Əliyev Azərbaycanda geniş özəlləşdirmə proqramının həyata keçiriləcəyini deyib. Prezident bildirib ki, hər bir özəlləşdirilən müəssisənin gələcək fəaliyyəti ilə bağlı biznes-plan təqdim edilməlidir: “Biznes-plan, məsuliyyət, öhdəlik nəzərə alınmalıdır. Yoxsa elə çıxmasın ki, kimsə müəssisəni alacaq, yenə işləməyəcək. Bizə aparıcı xarici məsləhətçi şirkətlər lazımdır, çünki aparılan özəlləşdirmə şəffaf olmalı, dövlətin maraqları təmin edilməlidir”.
İlham Əliyev bank sektorundakı vəziyyət barədə danışarkən deyib ki, tələblərə cavab verməyən, böyük qüsurları olan banklar Azərbaycanın bank sektorunda fəaliyyət göstərə bilməz. “Biz bank sektorunu sağlamlaşdırmalıyıq. Bu proses təəssüf ki, ləng gedir, prosesi sürətləndirməliyik”-dövlət başçısı vurğulayıb.




***
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov aznews.az-a açıqlamasında bildirib ki, 2016-cı il Azərbaycanda neftdən asılı olmayan bir büdcə formalaşdırmaq ili kimi tarixə düşəcək: “İslahatlar artıq başlayıb, amma dərin iqtisadi islahatlara da göstəriş verildi. Bu, çox ciddi məsələdir, ciddi addımdır. Yalnız bundan sonra dərin iqtisadi islahatlara gedə biləcəyik. Buna paralel olaraq struktur və iqtisadi islahatlar aparılmalıdır”.

“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.