“AZƏRİQAZ”IN SAYĞAC GİZLİNLƏRİ – Hardan, neçəyə alınır və hansı qiymətə satılır? (Araşdırma)

28-01-2016, 11:35   

Daxildə istehsal olunan sayğaclardan müəmmalı şəkildə imtina olunub

“Tikinti sektorundakı qeyri-normal vəziyyət, o cümlədən, bu sahədəki korrupsiya və bürokratiya Azərbaycanda biznesin inkişafına böyük zərbə vurur. Bakıda, böyük şəhərlərdə və bütün şəhərlərdə tam imkan verilməlidir ki, iş adamları böyük tikinti layihələrini icra etsinlər. Bəzi hallarda burada iş adamları müxtəlif çətinliklərlə üzləşirlər – bürokratiya, korrupsiya. Onlara qarşı əsassız tələblər irəli sürülür. Bütün bunlar yığışdırılmalıdır…
prezident_17185.jpg ilhamBizi ən çox geriyə salan məhz tikinti sektorunda, bax bu qeyri-normal vəziyyətdir. Çünki burada o qədər icazələr tələb olunur və burada o qədər pozuntular var ki, hətta beynəlxalq qurumlar da bunu qeyd edirlər. Ona görə mən bu gün ciddi tapşırıq verirəm bütün şəhər və rayon icra hakimiyyəti orqanlarına, ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinə ki, bundan sonra tikinti ilə bağlı heç bir süni əngəl olmamalıdır. İş adamlarına da müraciət edirəm, əgər sizdən kimsə qanunsuz nə isə tələb edəcəksə birbaşa məlumat verin və o qanunsuz əməlləri törətmək istəyənlər ciddi şəkildə cəzalandırılacaqlar”.
Bu fikirləri Prezident İlham Əliyev yanvarın 18-də iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə bildirib. Dövlət başçısı deyib ki, tikinti sahəsindəki problemlər Azərbaycandakı biznes mühitin inkişafına ən böyük maneəyə çevrilib.

Tikinti sahəsində fəaliyyət göstərən iş adamlarına süni maneələr, problemlər yaradan qurumlarıın sayı isə kifayət qədər coxdur. Bakı Şəhər İcra Hakimiyyəti, yaxud müvafiq şəhər və rayonların icra hakimiyyətləri bunlardan yalnız biridir. Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, hətta Standartlaşma, Metrologiya və Patent Komitəsi, eləcə də yerli hüquq-mühafizə orqanlarının vaxtaşırı tikinti aparan iş adamlarını “məhşər ayağına çəkdiyi” haqda kifayət qədər çox yazılıb.
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılandan və bu qurumdakı “təmizləmələrdən” sonra məlum oldu ki, bir çox iş adamları kimi, tikinti sahəsində çalışan sahibkarlar da, MTN-dəki bandanı “yemləmək” üçün milyonlarından keçməli olublar.

1xxİşə başlamaq, davam etmək və şərlənərək həbs edilməkdən qorunmaq üçün rüşvət, “haqq” şəklində verilən bu pulları isə, iş adamları apardıqları tikintinin maya dəyərinə daxil edirlər. Əgər iş adamının tikdiyi istehsal, emal müəssisəsi olarsa, bu, satdığı məhsulun dəyərində, yaşayış binası olarsa mənzillərin hər kvadrat metrinin qiymətində özünü biruzə verir. Məsələn, bir yeni tikilən binada mənzillərin hər kvadrat metri 800 dollara satılırsa, əmin olun ki, onun 400 dolları haralarasa rüşvət, “haqq” şəklində verilib. Prezidentin də barəsində danışdığı bu əsassız tələblər olmazsa, qiymətlər faktiki olaraq 2 dəfə ucuzlaşa bilər.

Yəni, müxtəlif dövlət qurumları tərəfindən tikinti sektorunda fəaliyyət göstərən iş adamlarından yığılan rüşvət, son nəticədə vətəndaşların cibindən çıxır. Onun hansısa məhsulu, malı, yaşayış və ya qeyri-yaşayış sahəsini baha qiymətə əldə etməsinə, yaxud ümumiyyətlə ala bilməməsinə səbəb olur. Təbii ki, bütün bunlar həm iş adamları və əhalini hökumətdən narazı salır, həm də tikinti sahəsində aktivliyi xeyli dərəcədə zəiflədir. Bu özünü, xüsusən yeni tikilən yaşayış binalarında mənzillərin kifayət qədər yüksək qiymətə satılmasında göstərir. Verdikləri rüşvətin böyüklüyü, alıcı olmasa belə, onlara qiymətləri aşağı salmağa imkan vermir…

Yeni tikilən binalarda ən böyük problemlərdən biri də qaz, işıq və su ilə təminolunmadakı çətinliklərdir. Xüsusən, binaların qazlaşdırılması problemi hələ də öz həllini tam olaraq tapmayıb. Bu zaman ortaya çıxan problemlərdən biri də sakinlərlə mənzil tikinti kooperativləri (MTK) arasında yaranmış sayğac problemidir.

1aaBelə ki, MTK-lar qaz, su və işıq sayğaclarının qoyulması üçün abonentlərdən yüksək məbləğdə vəsait tələb edirlər. NİYƏ? Çünki, MTK-lar “Azəriqaz”, “Azərsu”, “Azərişıq”ın bir sıra qanunsuz tələbləri ilə üz-üzədirlər!
Hər kəsə məlumdur ki, texniki şərtlərin verilməsi, sayğaclaşdırma prosesi zamanı bu dövlət orqanlarının rəhbərliyi müxtəlif bəhanələrlə MTK-lardan külli miqdarda vəsait tələb edirlər. Məsələn, baxmayaraq ki, ölkədə əhali qruplarına sayğaclar dövlət vəsaiti hesabına quraşdırılır, MTK-lara onlar pulla satılır. Belə olduqda isə, MTK-lar da ev satdıqları vətəndaşlardan qaz, su, işıq sayğacı üçün əlavə pul tələb etmək məcburiyyəti qarşısında qalırlar.

Paytaxtın müxtəlif rayonlarından gələn məlumatlar göstərir ki, sayğaclar üçün konkret bir rəqəm olmasa da, yüksək məbləğdə vəsaitlər tələb edilir. Belə ki, qaz sayğacları üçün 400-600 manat, su sayğaclarına görə isə 100-200 manat arası vəsait istənilir. Yəni, MTK-lar təkcə 2 sayğac üçün vətəndaşlardan bəzən 800 manat vəsait tələb edirlər. Bəzi MTK-ların işıq sayğacları üçün də pul yığdığını nəzərə alsaq, bu məbləğ bəzən 900 -1000 manata qədər böyüyür.

Həm “Azəriqaz”dan, həm də “Azərsu”dan müxtəlif vaxtlarda verilən açıqlamalarda göstərilib ki, MTK-lar hüquqi şəxs olaraq, onlarla müqavilə bağlayır. Müvafiq dövlət qurumlarının rəyi olarsa, binaya qaz, su və işıq verilməsi təmin edilir. Ancaq mənzillərə qaz, su və işıq xətlərinin çəkilməsi, həmçinin sayğaclaşma prosesi MTK-lar tərəfindən təmin olunur. Yəni, sayğaclar müqavilə əsasında müvafiq dövlət qurumları tərəfindən MTK-lara satılır.

Qeyd edək ki, ekspertlərin də fikrincə, MTK-lar hüquqi şəxs kimi, “Azəriqaz”, “Azərsu” ilə müqaviləni özü bağlayırsa, qaz və su təminatı ilə bağlı qanuna görə, pulu da onlar ödəməlidir. Yəni, ya MTK-lar binanı təhvil verdikdən sona fəliyyətlərini dayandırmalı, vətəndaşlar fərdi olaraq “Azəriqaz”a, “Azərsu”ya və “Azərişıq”a müraciət etməlidir. Bu zaman onlara qaz, su və işıq xətləri pulsuz çəkilə bilər. Ya da MTK-lar binanı tikdikdən sonra da fəaliyyətlərini davam etdirirlərsə, binaların qaz, su və işıqla təmin edilməsi üçün tələb olunan vəsaiti tam olaraq, müvafiq qurumlara ödəməlidirlər. Çünki MTK hüquqi şəxs olduğundan, sayğacın pulunu müvafiq qurumlara ödəyərək almalı və vətəndaşlara satdığı mənzillərə quraşdırmalıdırlar.

MTK-lar da bunu etdikdən sonra qaz, su, işiq sayğacları üçün vətəndaşlardan külli miqdarda vəsait yığırlar.

Bunun səbəbini MTK-lar sözügedın dövlət qurumlarından sayğacları baha qiymətə almaları ilə izah edirlər. Xüsusən “Azəriqaz”ın sayğacları baha qiymətə satdığı bildirilir. Məsələn, paytaxtın Yasamal rayonunda yaşayan sakinlərin sözlərinə görə, MTK onlardan yalnız qaz sayğacına görə, 550 manat pul tələb edir. Məbləğin çoxluğundan narazılıq edən sakinlərə MTK rəhbərləri bildirir ki, bu pul onlara deyil, məhz “Azəriqaz”a çatacaq. Pullar isə MTK rəhbərləri tərəfindən hesaba köçürülür. Abşeron rayonunda tikilən mənzilləri sayğaclaşdırmaq üçün isə vətəndaşlaran 800 manat pul tələb edilir.
Əlbəttə, burada müəyyən qədər günahkar MTK-lar olsa da, onların sayğacları baha qiymətə almaq məcburiyyətində qaldığı da faktdır. Bəs nədən yaranır bu məcburiyyət? Niyə sayğaclar MTK-lara bu qədər baha qiymətə satılır? Burda qanunsuzluq, korrupsiya varmı?

Tikinti şirkətlərindən birindən “AzPolitika.info”ya verilən məlumata görə, hazırda “Azəriqaz” sayğacları MTK-lara 370-400 manata təklif edir. Əslində buna təklif demək də düz deyil. Çünki ortada bir məcburiyyət var. Məlumata görə, ötən ilin dekabr ayınadək qiyməti 168 manata olan sayğaclar, göründüyü kimi, hazırda 2 dəfədən baha qiymətə satılır. Üstəlik də, binaların qazlaşdırılması üçün “Azəriqaz” MTK-lara məhz özünün satdığı sayğaclardan almağı şərt kimi qoyur. Yəni, sayğaclar başqa yerdən alınarsa, binanı qazlaşdırmaqdan imtina edir. MTK-lar baha qiymətə olsa da, “Azəriqaz”ın və “Azərsu”nun satdığı sayğacları almaq məcburiyyətində buraxılır. Maraqlıdır, niyə?

“AzPolitika.info” sayğac monopoliyası ilə bağlı kiçik araşdırma apararaq, maraqlı məlumatlar əldə edib.

F1430037İlk növbədə qeyd edək ki, sayğacların harda istehsal edilməsinə dair məlumatlar çox xəsisliklə paylaşılır. Uzun axtarışdan sonra müəyyən edə bildik ki, “Azəriqaz” ASC və “Azərsu” ASC-nin istifadə etdiyi su və qaz sayğacları təxminən 2011-ci ilin ortalarına qədər əsasən “Gəncə Sənaye Cihaz” ASC tərəfindən istehsal olunub. Bunu da ölkə başçısının iştirak etdiyi açılışlardan birində səslənən məlumatlardan əldə etdik. AzərTAC-ın yaydığı həmin məlumatda bildirilir: “Ölkə başçısı sayğac istehsal edən “Gəncə Sənaye Cihaz” ASC-nin açılış mərasiminə qatılıb. Prezidentə bildirilib ki, 144 nəfərin işlədiyi müəssisədə orta aylıq əmək haqqı 500 manatdır. Zavodda iki istehsal sexi – qaz və su sayğacları istehsal edən sexlər fəaliyyət göstərir. Qaz sayğacı istehsal edən sexin illik istehsal gücü 240 min, su sayğacı istehsal edən sexin illik gücü 250 min ədəddir. Sayğaclar “Azəriqaz” ASC və “Azərsu” ASC-yə satılır. “Gəncə Sənaye Cihaz” ASC-yə 4 milyon avro həcmində investisiya qoyulub”.

“Gəncə Sənaye Cihaz” ASC-nin mülkiyyətçisi “Gulf Service” MMC adlı bir şirkətdir (bəzən, “Qalf Servis” MMC” kimi təqdim edilir-müəl.). 14.12.2004-cü il tarixində dövlət qeydiyyatından keçən “Gulf Service” MMC 09.06.2006-cı ildə “Gəncə Sənaye Cihaz” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə keçirilmiş investisiya müsabiqəsində qalib gəlib.

“Gulf Servis” MMC “GULF GROUP” adlanan Holdinqə daxildir. Bundan başqa “GULF GROUP” “Gulf Servis”, “Gulf Akses”, “Gulf konstrakşn”, “Gulf Audit” , “Gulf SS” və başqa şirkətlər daxildir.

Holdinqin rəsmi saytında qurumun rəhbərinin Cəfərli Eldəniz Arif oğlu olduğu bildirilır. Ancaq 2009-cu ilin yayında qazpaylaşdırıcı şirkətin effektivliyinin artırılması məqsədilə “Azəriqaz” QSC ARDNŞ-in nəzarətinə verildikdən sonra kütləvi surətdə aparılan sayğaclaşdırmadan böyük gəlir əldə edən “GULF GROUP”un sıradan bir vətəndaşa aid olmadığı dəqiqdir. Onu da nəzərə alsaq ki, sayğaclaşdırmaya dövlət 10 milyonlarla vəsait sərf edib, Azərbaycan reallığında bu vəsaitlərin “yadlara” getməsinə imkan verilməsi inandırıcı görünmür.

GULFXatırlatsaq ki, 1 iyun 2012-ci il tarixə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 410 231-ə (o cümlədən 1392875 əhali, 17356 qeyri-əhali abonenti) çatıb və 1 408 068 abonent sayğaclaşdırılıb, onda nə qədər böyük vəsaitdən söhbət getdiyini təsəvvür etmək olar.

Ancaq “Gulf Servis” MMC-nin sayğac bazarında, necə deyərlər, hökmranlığı 2011-ci ilin sonlarına doğru başa çatıb. Hər halda rəsmi məlumatlarda belə deyilir. Düzdür, indi də holdinqin saytında şirkətin qaz və su sayğacları istehsal etdiyi bildirilir. Məhsullları barədə geniş məlumatlar da verilir.

Ancaq şirkətdən “AzPolitika.info”ya bildirdilər ki, onlar artıq 2011-ci ildən sayğac istehsalını dayandırıblar. Səbəbini isə izah etmək istəmədilər…

Bizə verilən məlumata görə, buna səbəb 2011-ci ildən “Gəncə Cihazqayırma Zavodu” ASC-nin fəaliyyətə başlamasıdır. Məhz bu müəssisə “Gulf Servis” MMC-ni sayğac bazarından çıxarıb.

1qqAncaq məsələ ondadır ki, “Gəncə Cihazqayırma Zavodu” ASC-nin istehsal etdiyi məhsulların arasında qaz sayğacları yoxdur. Zavod, əsasən su sayğaclarının istehsalı üzrə ixtisaslaşıb. Eyni zamanda qaz tənzimləyiciləri, ÇSS-15K və ÇSS-20K tipli əvvəlcədən ödənişli kart sisteminə malik cihazlar və sair istehsal etsə də, qaz sayğacları buraxmır.

Belədə bəzi sualllar ortaya çıxır. Əvvala, “Azəriqaz” 2011-ci ildən sonra qaz sayğaclarını hardan alır?
Bu suala cavab olaraq, “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən bildirdilər ki, hazırda qaz sayğacları xaricdən, əsasən Fransadan və Hollandıyadan alınır.

İkincisi, xaricdən qaz sayğacları neçəyə alınır və MTK-lara neçəyə satılır? Qanunla, bu, necə tənzimlənir?

Ücüncüsü və ən əsası, daxildə bu sayğacları istehsal edən müəssisə olduğu halda, hansı səbəbdən xaricdən almağa üstünlük verilib?

1420545370_azriqazMəsələ ondadır ki, “Gulf Servis” MMC “smart-kart” tipli qaz sayğacları da istehsal edib. Məsələn, “Azəriqaz”ın 2012-ci ildə sayğaclaşma ilə bağlı məlumatında bildirilir: “Ötən müddətdə əhali abonentlərinin mənzillərində 371 749 ədəd “smart-kart” tipli qaz sayğacları quraşdırılıb. Bunun 63 067-si GULF, qalanları isə İTRON sayğaclarıdır (Fransa istehsalı-muəl.)”.

Göründüyü kimi, “Gulf Servis” MMC “smart-kart” tipli qaz sayğacları da istehsal edib. “Azəriqaz” niyə onun imkanlarından yararlanmayıb, xaricə üz tutub?

Bu suallara “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən cavab ala bilmədik. Bizə sayğaclaşdırma ilə bağlı olan şöbənin 4 telefon nömrəsini verdilər. Ancaq gün ərzində bu nömrələrə dəfələrlə zəng etsək də, dəstəyi qaldıran olmadı.

Bu baxımdan həmin sualları öz ehtimallarımız və bəzi mənbələrdən əldə etdiyimiz məlumatlar əsasında cavablandırmağa cəhd edəcəyik.

“AzPolitika.info”ya verilən məlumata görə, hazırda da MTK-lara əsasən Gəncədə istehsal olunmuş su və qaz sayğacları satılır.
скачанные файлы“Azərsu” bunu danmır da. Qurumdan verilən açıqlamada bildirilir ki, abonentlərə, o cümlədən MTK-lara Gəncədə və Türkiyədə istehsal olunmuş sayğaclar təklif edilir. “Azərsu”nun MTK-lara əsasən Gəncədə istehsal olunan su sayğaclarını satmasına təbii baxmaq olar. Burda əsas şikayət “Azərsu”nun yeni məzillərdə qoyulan sayğacları plomblaması üçün 50-100 manat tələb etməsidir ki, qurumdan bunu təkzib etdilər. “Azərsu”nun mətbuat xidmətindən bildirildi ki, MTK-lara su, hüquqi şəxs kimi verilir. Mənzillərin sayğaclaşdırılması MTK-lar tərəfindən həyata keçirilir.

“Azəriqaz” isə sayğacların Gəncə istehsalı olduğunu təkzib edir və onların son 4-5 il ərzində xaricdən gətirildiyini bildirir. Bu ziddiyət bəzi ehtimaları ortaya çıxarır.

Əvalla, ehtimal etmək olar ki, “Azəriqaz” müəyyən miqdarda sayğacı xaricdən alsa da, qalan hissəsi Gəncədə istehsal olunur. Sadəcə, istehsal qeydiyyatdan gizlədilərək, abonentlərə xaricdən alınmış kimi təqdim olunur. Bu məqsədlə SOCAR-ın hesabından silinən milyonlar isə müəyyən şəxslərin ciblərinə gedir.

imagesBu ehtimalı “Azəriqaz”-ın son 3-4 ildə quraşdırdığı sayğacların standartlara uyğun olmaması, sərfiyyatı şişirdərək qeydə alması barədə şikayətlər də gücləndirir. Belə ki, məlumatlarda əvvəllər qurulmuş 2.5 kubmetr/saat gücündə olan sayğacların 4.0 kubmetr/saat gücündə olan sayğaclarla əvəzləndiyi bildirilir. Bu sayğacların əvvəlkilərdən fərqinin istehlak olunan qazın miqdarını, təxminən 2-2.5 dəfə artıq qeyd etməsi olduğu vurgulanır.

Nəzərə alsaq ki, xaricdən gətirilən sayğaclarda bu cür saxtakarlıq etmək çətindir, onların Gəncədə istehsal edilməsi ehtimalı güclənir.

İkincisi, əgər bu sayğaclar xaricdən gətirilirsə belə, “Azəriqaz”ın rəhbərliyindəki və ya ondan da yüksəkdə dayanan şəxslərdən kiminsə monopoliyasındadır. Əks halda MTK-lara imkan verilərdi ki, özləri gedib müvafiq standartlara uyğun xaricdən sayğac alıb gətirib quraşdırsınlar. Buna imkan verilməməsi, sayğac şatışının da inhisara alınması və qiymətin diqtə olunması kimlərinsə bu yolla hər il milyonlar, bəlkə də 10 milyonlarla dollar gəlir əldə etdiyini söyləməyə əsas verir.

Bundan ziyan görən isə sadə vətəndaşlar, iş adamları və Azərbaycan dövlətidir.

Beləliklə, bu suallar açıq qalır və “Azəriqaz” tərəfindən rəsmi cavablandırılmasına ehtayac var:

“Azəriqaz” daxili istehsal olan qaz sayğaclarından nə səbəbə görə imtina edib?
“Azəriqaz” hazırda qaz sayğaclarını hardan və neçəyə alır, bu satınalma əməliyyatında şəffaflıq varmı?
“Azəriqaz”ın ötən ilin dekabr ayında 168 manata təklif etdiyi sayğacların, indi 350-400 manata qədər bahalaşdırılmasının əsası varmı?
“Azəriqaz” MTK-lara niyə məhz özünün satdığı sayğacların quraşdırılmasını şərt kimi irəli sürür?
Murad MƏMMƏDOV
AzPolitika.info
P.S. Yazida qoyulan suallarla bağlı “Azəriqaz”ın rəhbərliyinin də mövqeyini işıqlandıra bilərik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.