Dünya bazarında neft qiymətlərinin ucuzlaşması Azərbaycan dövlətinin gəlirlərinə ciddi təsir göstərdi. Ölkəyə xarici valyutanın axının azalması istər-istəməz nəzərləri alternativ sahələrə yönəltdi.
Azərbaycan kimi ölkələrin əsas gəlir sahələrindən biri turizm olmalıdır. Bunun üçün təbiət Azərbaycandan heç nə əsirgəməyib. Amma biz özümüz bu sahədə səmərəli işlər görə bilirikmi?
“Təbii sərvətlər, yəni neft, qaz bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur. Bəzi ölkələrin gəlirləri turizm üzərində qurulub. Biz də ölkəmizi tanıtmalıyıq” - bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Dövlət başçısı 10 ildən artıqdır ki, turizmin Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yerini vurğulayır, vacib qərarlar qəbul edir, dəstək olur, dövlət tərəfindən bu sahənin inkişafına milyardlarla manatın ayrılmasına təkan verir, amma... Nədənsə gözəçarpan səmərə yoxdur.
Bəs bu pullar hara xərclənib? Azərbaycanın ən böyük dövlət qurumlarından biri olan Mədəniyyət və Turizm Nazirliyinin bu sahədə gördüyü işlərin nəticəsini niyə hiss etmirik?
Qaynar.info-nun araşdırmaları göstərir ki, dövlətin turizm sahəsinə ayrılan pullar əsasən çoxsaylı xarici səfərlərə, sərgilərə, nümayəndəliklərə, reklam roliklərinə və bəzi saytların yaradılmasına yönəldilir. Öz növbəsində bunların hər birisinə fantastik məbləğlər ayrılır və gözdən-könüldən uzaq olduğu üçün ciddi yeyintilər də diqqət çəkmir. Məsələn, nazirliyin 2014-cü il hesabatında bəh-bəhlə təriflənən saytlardan biri Rusiyada Azərbaycan turizm imkanlarının təbliği məqsədi ilə yaradılan www.go-az.ru domenli saytdır. Amma yaradılmasına fantastik məbləğdə vsait xərclənən bu sayt İŞLƏMİR!
Nazirliyin turizmin inkişafına verdiyi "dəstək"lərdən biri də çoxsaylı bürokratik qurumlar, birliklər, QHT-lər yaratması, yeyintinin çoxpilləli sistemini qurmasıdır.
ÇOXPİLLƏLİ YEYİNTİ SİSTEMİ VƏ YA NAHİD BAĞIROV KİMƏ XİDMƏT EDİR?
Məsələn, Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Turizm Assosiasiyası, Otellər və Restoranlar Assosiasiyası, “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyi, “Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək” İctimai Birliyi və s.
Yazımıza bu qurumlardan biri - Azərbaycan Turizm Assosiasiyası (AZTA) üzərində xüsusi dayanmaq istəyirik. Növbəti yazılarımızda isə mövzunu digər qurumlarla davam etdirəcəyik.
AZTA 2009-cu ilin aprelində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təsis edilib. Qurum yarandığı gündən ona Əbülfəs Qarayevin gənc kadrlarından biri Nahid Bağırov rəhbərlik edir. AZTA-nın ilk həmlələrindən biri də məhz turizm bazarında monopoliya yaratmaq oldu. Maraqlıdır ki, 2010-cu ilin 14 may tarixində Nazirliyin rəsmi orqanı olan "Mədəniyyət" qəzetinə verdiyi müsahibədə N.Bağırov bunu özü də təsdiqləyib: "Bazara təzə daxil olan şirkətlər özlərinə müştəri qazanmaq üçün turpaketi maya dəyərindən aşağı qiymətə, hətta bəzi hallarda ziyanına təklif edirlər. İki ay öncə assosiasiyanın toplantısını keçirib bu məsələni də həll etdik. Şirkətlər tərəfindən eyni qiymətlər müəyyənləşdirildi. Artıq mövsümi fəaliyyət göstərən turizm şirkətləri daimi şirkətlərə problem yarada bilməyəcək". Absurddur, deyilmi? Turizm sahəsində rəqabət mühitini yaratmaq əvəzinə özlərinin himayə etdikləri şirkətlərin qiymət siyasətini dəstəkləmək, yeni yaranan turizm şirkətlərini sıxışdırmaq qanunsuzluq deyilsə, bəs nədir?
Ümumiyyətlə, AZTA da "mənəvi atası" olan Nazirlik kimi çoxpilləli yeynti sistemi qurub. Təşkilatın çoxsaylı komitələri buna əyani sübutdur. Bunlardan biri də «Outgoing» (Getmə turizmi) komitəsidir ki, ötən il az qala Azərbaycan-Türkiyə arasında qalmaqala səbəb olacaqdı. Belə ki, bu komitə açıqlamışdı ki, Azərbaycan Türkiyə otelləri ilə bağlı «qara siyahı» hazırlayacaq. Yəni AzTA türk otellərində yoxlamalar aparmaqla, azərbaycanlı turistlər üçün tövsiyə edilən və edilməyən otellərin siyahısını hazırlamaq istəyirdi. Türklər öncə bu məsələni qzəblə, sonra isə gülüşlə qarşıladılar. Türkiyə mediası da mövzuya biganə qalmadı. Türk otellerinin sözçüsü olan TUROFED və TUROB mediaya sərt açıqlamalarında AZTA-nı gülüş hədəfinə çevirdilər. Bu günə qədər heç bir ölkənin bunu etmədiyini deyən TÜROFED rəhbəri Osman Ayık “Türk otellerinin xidmət standartı onsuz da yüksəkdir. Hökümətimiz bu xidmət keyfiyyətinə zəmanət verir. Bizim otellərimiz bütün dünyada keçərli olan ISO sənədlərinin hamısını alıb. Əgər belə bir iş görmək istəyirlərsə, ancaq gizli müştəri kimi gəlib baxa bilərlər".
Bəs görəsən AZTA-nın belə bir fikirə düşməsinə səbəb nə idi? Bəlkə AZTA turizm sektorumuzdakı "yüksək standart"ları qardaş Türkiyədə tətbiq etmək eşqinə düşmüşdü? Ya "səni qara siyahıya salaram" hədəsi ilə Azərbaycanda əldə etdikləri "nailiyyətləri"n Türkiyədə də işləyəcəyinə ümid bəsləyirdilər?
AZTA-nın rəhbəri Nahid Bağırov "Wizz Air"-ə qarşı aparılan "qara kampaniya"nın da aktiv iştirakçılarından biri idi. Məşhur aviaşirkətin Bakıdan Budapeştə birtərəfli gediş üçün aviabiletlərin qiymətini 39,99 avroya təqdim etməsi və bundan bir müddət sonra Azərbaycanda fəaliyyətinin dondurulması olayını yəqin hər kəs xatırlayır. Həmin ərəfədə isə N.Bağırov mediada "Wizz Air"-ə qarşı kampaniya aparan əsas şəxslərdən biri idi. Halbuki AZTA tamam əks mövqe nümayiş etdirməli idi. Amma təəssüf ki, bu dəfə də o, monopolistlərin yanında yer almışdı.
Halbuki dövlət başçısı İlham Əliyev də çıxışlarında dəfələrlə bu mövzuya toxunaraq, hətta "Wizz Air" ilə müqayisə aparmaqla, Azərbaycanda aviabiletlərin fantastik həddə yüksək olması məsələsini gündəmə gətirib. Dövlət büdcəsi ilə bslənən AZTA və AZAL kimi qurumlar isə bunun əksini deyir.
TURİZM SEKTORUNDA İSLAHAT ZƏRURƏTİ
Yaranmış vəziyyət turizm sektorunda dərin islahatların aparılmasını zəruri edir. Artıq dekabr ayında Prezidentin birbaşa müdaxiləsi ilə Azərbaycanda turizm fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb. Bu da o deməkdir ki, artıq "lisenziyanız ləğv olunacaq" hədəsi ilə məmur oliqarxların yaratdıqları monopoliya yavaş-yavaş öz təsir dairəsini itirəcək, yeni və daha sağlam qaydalar, şərtlər formalaşacaq. Amma sistemli uğurlar əldə etmək üçün turizm sahəsində islahatlar davam etməlidir. İlk növbədə isə məmur bürokratiyasını azaltmaq üçün lazımsız ştat və qurumların ixtisarından, ləğvindən başlamaq lazımdır.
Bir neçə gün əvvəl mətbuata danışan nazir Əbülfəs Qarayev də idarəetmədə təkmilləşməyə nail olmaq üçün ixtisarların aparılacağı anonsunu verdi. İnşallah, bu, quru bir bəyanat olmayacaq. Ümid edirk ki, fəaliyyəti turizmin inkişafından daha çox, onun yerində saymasına hesablanan AZTA kimi qurumlar da ilk ləğv olunan qurumlar arasında olacaq. Yeri gəlmişkən, bu qurumun özü kimi saytı da (www.azta.az) işləmir.
Qaynar.info