Tofiq Rəcəbov: “Əlimdəki bütün sənədləri istintaqa təqdim etdim”
Təqaüddə olan xüsusi xidmət polkovniki Tofiq Rəcəbov Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılaraq dindirilib. Bu haqda redaksiyamıza daxil olan məlumatı T.Rəcəbov təsdiq edib. Dindirmənin mövzusu haqda açıqlama verən T.Rəcəbov deyib ki, müstəntiq ona ölkəyə gətirilən 18 milyard avro ilə bağlı suallar verib: “Müstəntiq suallar verdi. Maraqlanırdılar ki, o pulun ölkəyə gəlməsi haqda məlumatları haradan öyrənmişəm. Keçmiş əməliyyat işçisi olduğumu dedim və əlimdəki bütün sənədləri istintaqa təqdim etdim”.
T.Rəcəbov deyib ki, şahid qismində dindirilməsi 1 saata yaxın davam edib: “Mən bildiyim nə vardısa, istintaqa demişəm. Araşdırsınlar, görsünlər ki, o pullar ölkəyə kimlərin əli ilə və niyə gətirilib. O pulları ölkəyə gətirənlər xəyanətkarlardır”.
Qeyd edək ki, ötən ilin oktyabrında T.Rəcəbov “Yeni Müsavat”a müsahibə verərək “Azərbaycana inqilab üçün 18 milyard gətirilmişdi” iddiasını səsləndirmişdi.
Həmin müsahibədən sitat: “Bu yaxınlarda mən biznesimlə əlaqədar İsveçrədə idim. Orada bir neçə adamla görüşdüm. Onlar təklif etdilər ki, bəzi məsələləri prezidentə çatdırmaq lazımdır, ölkəyə təhlükə var. Yəni bəzi nazirlər qrup halında birləşiblər. Xarici ölkələrin, xüsusən Avropanın və böyük dövlətlərin siyasi rəhbərliklərinə çıxış axtarırlar. Özlərinə dayaq axtarırlar ki, gələcəkdə hakimiyyətə yiyələnsinlər, öz əmlaklarını qorusunlar. Bakıya qayıdan kimi dərhal yazıb çox yüksək səviyyəli bir vəzifəliyə verdim. O da aparıb bunu verib Eldar Mahmudova. O da mənə çatdırdı ki, istəyirsən bu həyatda yaşayasan, bir də ağzına belə şey gətirmə. Akif Çovdarov qapımızı pusdururdu, oğlumu güdürdülər. Demişdilər ki, danışsan, oğlunu tutub yox edəcəyik. Bunlar 2 il əvvəl olub. Həmin pullar çevriliş etməyə xərclənməli idi. Həmin pullardan mənə də təklif etmişdilər. Demişdilər ki, zavodların var, o pulları zavodlarına ayıraq. Pulu seçkidən 2-3 ay əvvəl verməli idilər. Başa düşdüm ki, çevrilişə hazırlıq gedir”.
T.Rəcəbov KQMBİ-də dindiriləndən sonra məsələnin obyektiv araşdırılacağına ümidli olduğunu da gizlətməyib: “Bu məsələnin üstündən elə belə keçmək olmaz. 18 milyard pulu ölkəyə gətirənlər tutulub istintaqa cəlb olunmalıdırlar. Bir daha deyirəm ki, qəzetinizə verdiyim müsahibədə söylədiyim fikirlərin üstündə qalıram və istintaq orqanına da aparılacaq araşdırmada hərtərəfli kömək etməyə hazıram”.
Yada salaq ki, T.Rəcəbov qəzetimizə müsahibə verəndən sonra Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsindən məsələ ilə maraqlanmışdılar. Lakin T.Rəcəbov məsələnin prokurorluq orqanında araşdırılmasının tərəfdarı olduğunu demişdi: “Bu məsələnin araşdırılması onların səlahiyyətlərini aşırdı. Çünki işdə MTN-in yüksək çinli zabitlərinin adı hallanır, yüksək vəzifə daşıyan, bu gün də yüksək vəzifədə olan şəxslərin adları var. Bu işdə AZAL prezidenti Cahangir Əsgərovun da marağı olub. Əgər onun marağı olmasaydı, içində o qədər pul olan təyyarə Bakı Hava Limanına enə bilməzdi. Əlimdə dediklərimi təsdiqləyən sənədlər də var.
Pulu Beynəlxalq Bankın İdarə Heyətinin əvvəlki sədri Cahangir Hacıyevlə işçisi Rəşad Qasımov imzalayıb alıblar. Pulu onlar qəbul ediblər. Bu gün də 18 milyard avro ortada yoxdur. Oğurlayıblar, ölkədən çıxarıb xaricdə banka yerləşdiriblər. Ötən müsahibəmdə bu işin təşkilatçıları haqda demişdim. Bu adamlar pul ölkəyə gəlməzdən əvvəl hazırlıqlarını görüblər. Pulun gələcəyindən xəbəri olan vəzifəliləri də ”görüb"lər. Düşünməyiblər ki, məsələ nəzarətdən çıxıb ölkə rəhbərliyinə qədər gedib çıxa bilər. Pulun bura gətirilməsi məxfi əməliyyat kimi olub. Onların ağlına gəlməzdi ki, kimsə bundan xəbər tuta və məlumatı ötürə bilər. Bunu mənə deyəndən sonra MTN-də çalışan yaxın dostum vasitəsilə yazıb ötürdüm. Məcbur qalıb həmin pul ölkəyə gətirilən kimi burada tutdular. Əməliyyat mənim informasiyama əsasən keçirilmişdi. Məcbur qalıb pulu Cahangir Hacıyev qol çəkib Beynəlxalq Banka götürdü. Pulu Beynəlxalq Banka mədaxil ediblər. Faktiki isə həmin pul mədaxil olunmayıb, oğurlayıb xaricə göndəriblər".
E.MƏMMƏDƏLİYEV